ABŞ Hərbi-Hava Qüvvələri Yəmənin paytaxtına hücum edib
Dünya
824
22 Dec 2024 | 16:53

ABŞ Hərbi-Hava Qüvvələri Yəmənin paytaxtına hücum edib

"Bu hücum husilərin Təl-Əvivə raket hücumlarından bir sutkadan da az müddətdən sonra baş verib..."
 
ABŞ Mərkəzi Komandanlığı məlumat verib ki, Yəmənin paytaxtı Sana şəhərində husilərin raket anbarları və komanda məntəqələrinə aviasiya zərbələri endirilib. Bu, husilərin Təl-Əvivə raket hücumlarından bir sutkadan az müddətdən sonra baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
Amerikalı hərbçilərin sözlərinə görə, bu zərbələrin məqsədi "Qırmızı dəniz, Bab-əl-Məndəb körfəzi və Aden körfəzində husilərin Amerika hərbçiləri və kommersiya gəmilərinə hücum etmək qabiliyyətinin azaldılması" olub. Əməliyyat zamanı husilər tərəfindən buraxılan dron və qanadlı raket vurulub.
 
Ötən gecə Yəmən husiləri İsrailin mərkəzinə ballistik raketlə hücum edib. Mərmi Yaffoda uşaq meydançasında partlayıb, nəticədə 16 nəfər yaralanıb. Zərərçəkənlər, o cümlədən uşaqlar yüngül travmalar alıb. Partlayış nəticəsində yaşayış rayonunda dərin çala yaranıb, onlarla mənzil və avtomobil zədələnib.
 
İsrailin HHM sistemi raketi vura bilməyib. İsrail Müdafiə Ordusu bəyan edib ki, raketdən müdafiə sisteminin işində uğursuzluğun səbəbləri diqqətlə araşdırılır.
 
Husilər hücuma görə məsuliyyəti öz üzərinə götürüb və bəyan edib ki, bu, "Yaffoda hərbi hədəfə endirilən hipersəsli ballistik zərbə" olub. Onlar iddia edir ki, ələ keçirilmə cəhdlərinə rəğmən, "Fələstin-2" modelindən olan raketlə dəqiq zədbə endirilib.
 
Son günlər ərzində Yəməndən daha bir neçə hücum qeydə alınıb. Ramat-Qanda raket məktəb binasını zədələyib, bundan öncə dronla Yavnada yaşayış evinə zərbə endirilib. Bu hücumlardan sonra İsrail HHQ husilərin Yəməndəki əsas infrastruktur obyektlərinə, o cümlədən limanlar, elektrik stansiyaları və yanacaq anbarlarına zərbələr endirib.
 
Bundan başqa, İsrail öz əməliyyatlarını amerikalı hərbçilərlə koordinasiya edir. İsrail nümayəndələri öz müttəfiqlərinə bəyan edib ki, husilərin hücumları regional sabitliyə təhlükə törədir və onlara yaraqlılara qarşı beynəlxalq əməliyyatların gücləndirilməsinə çağırış edib.
 
Eyni zamanda husilər öz
hazırlıq səviyyəsini yüksəldərək və komandirlərinin yerdəyişməsini məhdudlaşdıraraq ehtiyat tədbirlərini gücləndirib. Səudiyyə Ərəbistanı KİV-lərinin məlumatına görə, husilərin bəzi liderləri İsrail və ABŞ-ın zərbələrindən ehtiyat edərək artıq Sana şəhərini tərk edib.
Link kopyalandı!
Son xəbərlər