"Biz Ukrayna xalqına bütün sahələrdə dəstək verəcəyik və Ukraynanın qalib gələcəyinə heç bir şübhə olmamalıdır..."
Avropa İttifaqı Şurası Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar olaraq işğalçı ölkəyə qarşı 15-ci iqtisadi və fərdi sanksiyalar paketini qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.com" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, "Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini sarsıdan və ya buna təhlükə törədən hərəkətlərə görə məsuliyyət daşıyan" 54 şəxs və 30 təşkilat sanksiyalar altına düşüb.
Onların arasında Kiyevdə "Oxmadet" uşaq xəstəxanasına zərbəyə görə məsul olan hərbi bölmələr, energetika şirkətlərinin rəhbərləri, KXDR-in iki yüksək vəzifəli məmuru da var.
Bundan başqa, Rusiyanın kölgə donanması ilə əlaqəli olan müdafiə müəssisələri və gəmiçilik şirkətləri də sanksiyalar altına düşüb. Həmçinin Rusiya neftini daşıyan üçüncü ölkələrin 54 tankeri də sanksiyalar siyahısına düşüb.
Bundan başqa, Çin, Hindistan, İran, Serbiya və BƏƏ ölkələrindən Rusiyaya ikili təyinatlı malların tədarükü səbəbindən 32 şirkətə qarşı məhdudiyyətlər tətbiq edilib.
Avropa İttifaqı Şurasının bəyanatında qeyd edilir ki, Avropa İttifaqı Çinin müxtəlif xadimlərinə qarşı "hərtərəfli" sanksiyalar tətbiq edib (səfərlərə qadağa qoyulması, iqtisadi resursların verilməsinə qadağa).
Bundan başqa, Avropa İttifaqı Şurası Rusiyanın arbitraj məhkəmələri tərəfindən Avropa İttifaqının şirkətləri ilə əlaqəli olan iddialar üzrə verilən qərarların Avropa İttifaqında tanınması və icrasına qadağa qoyub.
Bundan başqa, Avropa İttifaqı Rusiyadan aktivlərin çıxarılması üçün zəruri olan bəzi qeydlərə tətbiq edilən müddətləri uzadıb, habelə Avropa İttifaqının mərkəzi depozitlərinin hüquqi müdafiəsini gücləndirib.
"Rusiya Ukraynaya və Ukrayna xalqına qəddar hücumlarını davam etdirir. Bu sanksiyalar paketi Rusiyanın hərb maşınının və bu müharibəyə dəstək verənlərin, o cümlədən Çin şirkətlərinin zəiflədilməsinə yönələn səylərimizin bir hissəsidir", - bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
"Bu, Avropa İttifaqı üzv-ölkələrinin Ukraynaya dəyişməz dəstəkdə birliyini nümayış etdirir. Bizim bilavasitə prioritetimiz Ukraynanı maksimal güclü vəziyyətə gətirməkdir", - o, deyib.
"Biz Ukrayna xalqına bütün cəbhələrdə-humanitar, iqtisadi, siyasi, diplomatik və hərbi sahələrdə dəstək verəcəyik. Ukraynanın qalib gələcəyinə heç bir şübhə olmamalıdır", - o, əlavə edib.