Dünya
2378
08 Dec 2024 | 21:36

"Baş verənlər Putinin Suriyadan möhtəşəm qaçışıdır" - Ukrayna MN Baş Kəşfiyyat İdarəsi

"Rusiyanın Tartus və Xmeymimdəki hərbi bazalarının itirilməsi Kremlin Yaxın Şərqdə məğlubiyyətinin son nümayişidir..."
 
Rusiya XİN Suriya hadisələri haqqında bəyanat verib, Ukrayna Baş Kəşfiyyat İdarəsi "düzəliş edib"...
 
Rusiya Xarici İşlər Nazirliyi Suriya hadisələri barədə rəsmi bəyanat yayaraq vurğulayıb ki, baş verənləri
"son dərəcə narahatlıqla" izləyir.
 
Moderator.az xəbər verir ki, bu barədə "iz.ru" nəşri yazıb.
 
"Bəşər Əsəd Suriya ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra prezident postundan əl çəkmək, hakimiyyətin dinc yolla ötürülməsi üçün göstəriş vermək və ölkəni tərk etmək qərarını verib. Rusiya bu danışıqlarda iştirak etməyib", - bəyanatda deyilir. Nazirlik bütün tərəflərə zorakılıqdan imtina etməyə və bütün məsələlərin diplomatik yolla həllinə "təkidlə çağırış edib".
 
"Bununla əlaqədar olaraq Rusiya Suriya müxalifətinin bütün qruplaşmaları ilə təmasdadır. Suriya cəmiyyətinin bütün etnokonfessial qüvvələrinin fikrinə hörmət edilməsi, BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə qəbul edilən 2254 saylı qətnaməsinə əsaslanan inklüziv siyasi prosesin nizamlanması üzrə səyləri dəstəkləyirik", - Rusiya XİN vurğulayıb və qeyd edib ki, Rusiyanın Suriya ərazisindəki hərbi bazaları yüksək döyüş hazırlığına gətirilib. "Hazırda onların təhlükəsizliyinə heç bir təhlükə yoxdur", - bəyanatda deyilir.
 
Bu arada isə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi məlumat verib ki,  rusiyalılar gəmilərini Tartusdakı hərbi-dəniz bazasından çıxarır və baş verənləri Putinin Suriyadan "möhtəşəm" qaçışı adlandırıb.
 
"2024-cü il dekabrın 8-də Rusiya Qara dəniz donanmasının "Admiral Qriqoroviç" hərbi gəmisi və Rusiya Şimal dənizi donanmasının "İnjener Trubin" yük gəmisi  Tartusdan Aralıq dənizinə çıxıb. Rusiyalılar  həmçinin Suriyada qalan silah və hərbi texnikasını hərbi təyyarələrlə Xmeymim aviasıya bazasından çıxarır", - Baş Kəşfiyyat İdarəsi qeyd edib.
 
"Dəməşq ələ keçirildikdən sonra Əsədə müxalif olan qüvvələr sahilə tərəf hərəkət edir, Rusiyanın Tartus və Xmeymimdə hərbi bazalarının itirilmə ehtimalı Kremlin Yaxın Şərqdə məğlubiyyətinin son nümayişidir", - ukraynalı kəşfiyyatçılar qeyd edib.
 
Bundan öncə "The Telegraph" nəşrinin hərbi icmalçısı Devid Aks deyib ki, Suriyada Bəşər Əsəd rejimi üsyançıların hücumları nəticəsində çökərsə, Rusiya Aralıq dənizində Tartus liman şəhərindəki yeganə hərbi bazasını itirəcək. Onun sözlərinə görə, bunun Rusiya qüvvələrinin Ukraynadakı səyləri üçün dramatik nəticələri ola bilər.
Link kopyalandı!
Son xəbərlər