"Biz qardaşıq və bizim İttifaq Dövləti üzrə ümumi milli maraqlarımız var..."
Belarus rəhbəri Aleksandr Lukaşenkonun sərəncamında Rusiya diktatoru Vladimir Putinlə bərabər "nüvə çamadanı" olacaq və dövlətin ərazisində olan nüvə silahının tətbiqinə nəzarət edəcək.
Moderator.az xəbər verir ki, bu barədə jurnalistlərə Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç bəyan edib. Məlumatı "moscowtimes.ru" nəşri yayıb.
Belarus ilə Rusiya arasında İttifaq Dövləti Ali Dövlət Şurası çərçivəsində təhlükəsizlik zəmanətləri barədə müqavilə layihəsi ilə bağlı suallara cavabında Volfoviç qeyd edib ki, nüvə silahının tətbiqinin sənəddə nəzərdə tutulan detallarını açıqlaya bilməz.
"Hər iki dövlətin liderləri öz xalqı və suverenliyinin müdafiəsinə cavabdehdir. Aleksandr Qriqoryeviç Lukaşenko Belarusun milli maraqları və xalqına görə, Vladimir Vladimiroviç Putin isə Rusiyaya cavabdehdir. Onlar birlikdə İttifaq Dövlətinə görə məsuliyyət daşıyır", - o, deyib.
Jurnalistlərin liderlərin hər birinin özünün "qırmızı düymə"sinin olub-olmaması barədə suala cavabında Volfoviç deyib: "Bəli, hər prezidentin öz "qırmızı düyməsi", öz portfeli və nüvə çamadanı var.
O, dəqiqləşdirib ki, Belarus ərazisində nüvə silahının tətbiqi hüququ yalnız Lukaşenkoya, Rusiya ərazisində isə istisnasız olaraq Putinə məxsusdur.
Bir düymənin aktivləşdirilməsinin ikinci düymənin iştirakı olmadan baş verə biləcəyi ilə bağlı suala cavabında Volfoviç vurğulayıb ki, belə məsələlər istisnasız olaraq iki diktator arasında razılaşmalar üzrə həll edilir.
"Bu məsələ iki prezident arasında razılaşdırılır. Biz axı qardaşıq. Bizim İttifaq Dövləti üzrə ümumi milli maraqlarımız var", - o, bəyan edib.
Belarusda nüvə silahı
Xatırladaq ki, Rusiya Belarusda NATO ərazisinə yaxın yerdə taktiki nüvə silahı yerləşdirib.
Qərb KİV-lərinin məlumatına görə, Rusiya Ukraynaya hərbi müdaxilə edəndən nüvə məsələsi Qərb liderlərinin başı üstündən asılıb.
Kəşfiyyatçılar və açıq mənbələr üzrə mütəxəssislər Rusiyanın Belarusda nüvə silahının yerləşdirilməsinin izlənilməsinə aylar sərf edib, bunu Putin Qərbə xəbərdarlıq kimi qələmə verib.