Rusiyada Məşədi İbad yaşı gənc hesab olunacaq
Dünya
1135
04 Dec 2024 | 10:35

Rusiyada Məşədi İbad yaşı gənc hesab olunacaq

Ölkəmizdə gənclərin sayında azalma, ahılların sayında isə artım var 
 
ÜST klassifikasiyasına görə, hazırda gənclik yaş həddi 44-ə qədərdir. Ondan sonra orta yaş gəlir. Rusiyanın Federal Bioloji Agentliyinin rəhbəri Veronika Skvarçova bu yaş həddinin dəyişdiriləcəyini bildirib. 
 
“Orta ömür müddətinin uzanması və müasir insanların fiziki olaraq 40-50 yaşda daha aktiv və gənc görünməsini nəzərə alaraq, tezliklə bu yaş 50 ola bilər. Müasir yaş periodları tamam dəyişib. 45-50 yaşlı insanlar gəncdir. ÜST təlimatına görə yaşlı adam 61-75 yaş arası insanlara deyilir. Bu meyar da dəyişməlidir. Rusiyada orta ömür uzunluğu ötən 50 illə müqayisədə artaraq, 74 yaşa çatır. 
 
Əvvəllər gənclik yaşı 15-dən 30-a qədər idi. İndi bu hədd 35-dir. Amma ÜST-ə görə 44-dür. Bütün dünyada yaş qrupları cavanlaşıb. 2030-cu ilə qədər insan ömrünün gənclik yaş mərhələsi 15-50 ola bilər". 
 
Üzeyir Şəfiyev
 
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin kafedra müdiri Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda gənclik yaşı 14-dən 29-a qədərdir. Onun sözlərinə görə, bu rəqəm ölkələrə görə dəyişir.  “Rusiyada bu rəqəm 15-29 yaş kimi qiymətləndirilir. Gürcüstanda Azərbaycanda olduğu kimidir. Ermənistanda isə 16-30 yaş arasındadır. Latviyada 13-dən 25-ə qədərdir. Bunu ömür uzunluğu ilə qiymətləndirməyə çalışırlar. 
 
Azərbaycanda gənclər ölkə əhalisinin 21 faizini təşkil edir. Halbuki 10 il əvvəl bu rəqəm 29 faiz idi. Ölkəmizdə gənclərin sayında azalma var. Bunun nəticəsində ahılların sayı artır. Əgər ahıllar ölkə əhalisi içərisində 7-8 faizdən çoxdursa, bu qocalmış əhali hesab olunur. Azərbaycanda ahıl yaşı 70-dir. Bizdə 65 -dən yuxarı insanların sayı təqribən 10 faizdir.  Bu isə o deməkldir ki, Azərbaycanda artma dinamikası müşahidə olunur. Əhalinin qocalma sindromu orta perspektivdə Azərbaycanda da müşahidə oluna bilər. Ahılların saldosu ölkə əhalisi içərisində artır. Çünki həm yeni doğulanların, həm də gənclərin sayında azalma var".
 
Sosioloq Rusiyada gənclik yaşının yuxarı qaldırılmasının dövlət maraqlarına xidmət etdiyini deyib: “Rusiya həm Ukrayna ilə müharibə aparır, həm də Yaxın Şərq və digər bölgələrdə münaqişələrdə iştirak edir. Gənclik yaşının artırılması da bununla əlaqədardır. Çünki Rusiyanın səfərbərliklə bağlı çətinliyi var. Bu çətinlik o səviyyədədir ki, Şimali Koreyanın 12 min muzdlu əsgərini döyüşə yollayır. Çünki onun canlı qüvvəsi tükənib, bu, Rusiyanı taqətdən salma müharibəsi idi. Çağırışla bağlı gənclik yaşını artırmaq istəyirlər.  Digər məqsəd isə ondan ibarətdir ki, pensiya alanların sayı azaldılsın və dövlət maliyyə yükündən azad olunsun. Rusiyanı qarşıda çox böyük itkilər gözləyir. Buna görə də dövlət gənclik yaşında və miqrasiya siyasətində dəyişiklik edir. Bu ölkədə ailə quranların sayında da azalma var. Demoqrafiya böhranı Rusiya üçün bir nömrəli problemdir.  
 
İranın özündə 80 milyondan yuxarı əhali olmasına baxmayaraq, çox biabırçı qanuna imza etdi. Qanun 15 yaşlı qızların nikah hüququnu tanıyırdı. Əhalinin sayını beynəlxalq konvensiyalara zidd üsullarla qaldırmaq istəyirlər. Çünki 18 yaşa qədər uşaq sayılır. Bu potensial və real münaqişədə olan dövlətlərin demoqrafik prosesləri təşviq etmə çabasıdır. Ümumilikdə deyə bilərəm ki, Rusiyada gənclik yaşının dəyişdirilməsi düşünülmüş addımlardır".
 
 
Link kopyalandı!
Son xəbərlər