Gürcüstanda baş verənlər öncədən planlaşdırılıb - RƏY
Dünya
1904
02 Dec 2024 | 17:53

Gürcüstanda baş verənlər öncədən planlaşdırılıb - RƏY

Qonşu Gürcüstanda hakim "Gürcü Arzusu" partiyasının "Xarici agentlər" haqqında qanun layihəsini yenidən parlamentə təqdim etməsi gərginliyə səbəb olub.
 
Belə ki, Gürcüstanın müxalif "Vətəndaşlar" partiyasından olan deputat Aleko Elisaşvili "Rusiya qanunu" kimi xarakterizə etdikləri sənədin təkrar parlamentə göndərilməsinin ölkə vətəndaşlarına qarşı təhqir olduğunu deyib. A.Elisaşvilinin bəyanatını hakim partiyadan olan deputatlar etirazla qarşılayıblar, bu isə daha sonra qarşıdurmaya çevrilib.
 
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Moderator.az-a danışdı.  O bildirdi ki, Gürcüstanda baş verən etirazlar, mitinqlər, əvvəlki dövrdən hazırlanıb:
 
"Lakin sanki mitinqin əsas icraçıları müəyyən fasilə verdilər, daha kəskin, sərt davranışları sərgiləmək üçün hakimiyyət tərəfindən bəyanatları pusaraq gözləyirdilər. Nəticədə baş verənlər göz önündədir. Şübhəsiz ki, burada Qərb öz ənənəvi alətlərini işə salıb. Qeyri-hökumət təşkilatları, media, vətəndaş cəmiyyəti uzun illərdir ki, Qərb maliyyəsi hesabına Gürcüstanda fəaliyyət göstərir və bu gün aldıqları hər sent müqabilində daha ciddi surətdə hakimiyyətə qarşı öz təpkilərini göstərir. Təpkilər əsasən "Gürcü Arzusu" partiyasının funksionerlərinin baş nazir İrakli Kabaxidzenin avrointeqrasiya istiqamətində söylədiyi bəyanatlardır və digər söylənilməyən fikir prezident Salome Zourabişvilinin hakimiyyətdən kənarlaşdırılması ilə bağlıdır. Çünki seçkidən əvvəl də bilinirdi ki, "Gürcü Arzusu" partiyası əgər qalib gələrsə, faktiki olaraq müxalifətin lideri qismində çıxış edən və hakimiyyət əleyhinə xarici səfərlər icra edən S. Zurabişvilini öz yolundan kənarlaşdıracaqdır. 
 
"Gürcü Arzusu" hakimiyyətə gəldi və düyməyə basıldı. Gürcüstanda ara qarışdı, məzhəb itdi. Digər tərəfdən, qeyd etmək lazımdır ki, gənclərin meydanlarda polisə qarşı tətbiq etdiyi fişənglər, pirotexnika alətləri də təsadüfən gəlib məkanda peyda olmayıb. Bu, uzun zaman siyasi texnoloqların, piar mütəxəssislərinin inqilab laboratoriyalarında işləyib hazırladıqları vasitələrdir və bu gün geniş şəkildə tətbiq olunur. Hesab edirəm ki, bu, uzun müddətə hesablanmış, Gürcüstanda ictimai-siyasi həyatı iflic edən bir mitinqlərə bənzəyir. Lakin hüquq-mühafizə orqanları burada kütləvi şəkildə etirazçıları yatırtmağa nail olsalar, sabitlik bərqərar olunacaq. Əks təqdirdə, bu prosesin özü belə Gürcüstan iqtisadiyyatına, onun sosial həyatına külli miqdarda ziyan vura bilər".
Link kopyalandı!
Son xəbərlər