Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Dövlət Departamenti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəhbərliyi ilə birlikdə Gürcüstana qarşı plan hazırlayıb.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. “ATƏT/DTİHB-nin səsverməyə 10-20 gün qalmış ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir şəraitin olmadığı qənaəti ilə aralıq hesabat dərc etməsi nəzərdə tutulur”, - məlumatda deyilib.
Xidmətdən verilən məlumata görə, iradə ifadəsinin ilk nəticələri dərc edildikdən sonra seçki prosesinin demokratiya normalarına uyğun gəlməməsi ilə bağlı rəy təqdim olunacaq.
Millət vəkili Hikmət Babaoğlu Musavat.com-a bildirib ki, hazırkı mərhələdə Qərbin Cənubi Qafqaz siyasəti strateji əhəmiyyət daşıyır:
“Qərb mütləq Cənubi Qafqazda möhkəmlənməyə cəhd göstərir. Qərb dairələrində hesab edirdilər ki, Gürcüstandakı rəngli inqilabdan sonra əlaqəli yeni mərhələyə qalxıb. Gürcüstan Qərbin Cənubi Qafqazdakı ən möhkəm, ən etibarlı dayaqlarından biridir. Ancaq sonra baş verən proseslər bunun belə olmadığını göstərdi. Hazırda isə Qərb-Gürcüstan münasibətləri get-gedə dərinləşməkdədir. Çünki Gürcüstanda nəhayət Qərbin möhkəmlənməsinin Gürcüstanın təhlükəsizliyi üçün təhdid yaradacağını dərk etdilər. Buna görə də hazırda Gürcüstan hətta Qərb və Rusiya arasında strateji rəqabət platforması kimi görünməkdədir. Bu baxımdan Gürcüstanda keçiriləcək parlament seçkiləri olduqca əhəmiyyətlidir”.
H.Babaoğlu qeyd etdi ki, Gürcüstanda yeni hakimiyyət formalaşacaq:
“Bu seçkinin nəticələri həm Qərb üçün, həm də Rusiya üçün strateji əhəmiyyət daşıyır. Seçkilər Gürcüstanın strateji planlarının hansı qütbdən yana olduğunu müəyyən edəcək. Sözsüz ki, Qərb öz tərəfdarlarını dəstəkləyəcək, bir addım da geri çəkilməyəcək. Eyni zamanda Bidzina İvanişvili və onun rəhbərlik etdiyi “Gürcü arzusu” bloku da geri çəkilməyəcək.
Bu, Gürcüstanın gələcəyi baxımından, həm də Qərbin, ya da Rusiyanın regionda möhkəmlənməyə çalışması baxımından strateji əhəmiyyətli hadisə olacaq”.