Meksikanın Oahaka ştatında “Aqata” qasırğası ən azı 11 nəfərin ölümünə, 21 nəfərin isə itkin düşməsinə səbəb olub.
AZƏRTAC “Televisa” telekanalına istinadla xəbər verir ki, güclü daşqınların və torpaq sürüşmələrinin qeydə alındığı Sierra-Sur rayonunda 10 nəfər həlak olub.
Təbii fəlakətin bölgəyə vurduğu zərər hələ dəqiq hesablanmayıb. Yağış və güclü külək səbəbindən Oahaka və Verakruz ştatlarında təxminən 70 min nəfər elektriksiz qalıb.
Qeyd edək ki, Sakit Okean üzərində əmələ gələn və beş ballıq Saffir-Simpson şkalası üzrə ikinci kateqoriyaya çatan qasırğa mayın 30-da Oahaka rayonunu vurub. Siklon həmçinin Verakruz, Herrero, Kintana-Roo, Tabasko və Çyapas ştatlarında güclü yağışlara səbəb olub. Meksika ərazisi üzərində hərəkət edən qasırğa zəifləyərək aşağı təzyiq sahəsinə çevrilsə də, mütəxəssislər yaxın bir neçə gün ərzində onun yenidən güclənəcəyini istisna etmirlər.