Dünya
7617
02 Sep 2021 | 14:38

"Osmanlı Türkiyəsi bizə taxıl verməsəydi, acından öləcəkdik…”-Erməni jurnalist

“Türkiyə ilə sülh nəinki mümkündür, hətta vacibdir…”
 
"Razılaşmalıyıq ki, Türkiyə güclü dövlətdir. Onunla zarafat etmək qorxuludur. Əgər biz türklərlə təkbətək qalsaq,  bizi boğub öldrürərlər..."
 
Erməni araşdırmaları mərkəzinin koordinatoru, “Aliqmedia” Ermənistan-Gürcüstan informasiya kanalının əməkdaşı  Tatul Akopyan  Ermənistanın “FaktorTV” kanalına müsahibəsində Türkiyə ilə sülh sazişi bağlanmasını açıq şəkildə təqdir və təbliğ edib.
Bu haqda Moderator.az-a Ermənistanın ermənicə telekanal və saytlarını mütəmadi izləyən tanınmış ictimai xadim Maksim Musayev danışıb.
 
Müxbirin “Türkiyə ilə danışıqlara getmək olarmı? İndiki şəraitdə bu, mümkündürmü” sualına cavabında T.Akopyan belə deyib: 
 
“Bu, nəinki mümkündür, hətta vacibdir. Ona görə ki, tarixə də baxsaq, buna nümunələr görərik. Məsələn, 1918-ci ildə, yəni “erməni soyqırımı”ndan (qondarma-S.L.) 3 il sonra  Ermənistan rəhbərləri Ovanes Kocaznuni, Aleksandr Xatisyan və  Aram  adlı digər nümayəndə Türkiyə ilə danışıqlara başladılar. Danışıqlar uğurlu keçdi.  31 avqust 1918-ci ildə  ermənilərin “soyqırımı”nda iştirak etməkdə suçladığı Xəlil paşa İrəvana gəldi.  Aram onu dəmiryolu vağzalında yüksək səviyyədə qarşılayaraq qucaqlayıb bağrına basıb öpdü. Bundan sonra Ermənistan hakimiyyət nümayəndələri İstanbulda Osmanlı hökuməti ilə müvəqqəti razılığa gəldilər. Osmanlılara Ermənistanın qurulmasına razılıq verdikləri üçün minnətdarlıqlarını bildirdilər. Eyni zamanda ermənilər indi bunu da bilməlidir: o zaman erməni hökumət nümayəndələri həmin Xəlil paşadan xahiş ediblər ki, Ermənistanda aclıqdır, bizə taxıl verin.  Xəlil paşa həmin xahişi yerinə yetirib. Yoxsa acından öləcəkdik”. 
 
Erməni jurnalist Türkiyə ilə danışıqlara gedilməyəcəyi təqdirdə  Ermənistanı gözləyə biləcək təhlükələrdən də bəhs edib: 
 
“Əgər biz Türkiyə ilə danışıqlara getməsək, bizim əvəzimizə başqa, guya vasitəçi qüvvələr  danışıqlara girərək öz mənafelərinə uyğun işlər görməyə çalışacaqlar. Bu da Ermənistan üçün ciddi təhlükələr yarada bilər. Odur ki türklərlə münasibəti biz özümüz yaratmalıyıq.  Hazırkı ermənilərin bəziləri deyir ki, Türkiyə ilə sərhəd daim bağlı qalmalıdır.  Əgər belə yaxşıdırsa, gəlin onda  İran və Gürcüstan sərhədlərini də bağlayaq.  Baxaq görək, bu, bizə sərfəlidir, yoxsa yox… Yadınızdadırsa, 1993-cü ildə  İran bizə taxıl yollamasaydı, yenə də vəziyyətimiz çox ağırlaşacaqdı… Ermənistan-Türkiyə sərhədləri açılmalıdır. Bu reallıqla biz ermənilər razılaşmalıyıq.  Bu sərhədlər əbədi bağlı qala bilməz”. 
 
Tatul Akopyan  bir daha tarixə qayıdaraq Osmanlı dövlətinin Ermənistana siyasi dəstəyindən də danışıb: 
 
“Ermənistan hökumətinin  yaranmasını rəsmi olaraq ilk tanıyan Osmanlı dövləti olub.  Və Ermənistanla ilk dəfə diplomatik əlaqələr yaradan da Osmanlı dövləti olub.  Demək, biz bunları nəzərə almalı və bilməliyik. 1918-ci ilin iyun ayında Batumidə Osmanlı ilə Ermənistan arasında sülh müqaviləsi bağlandı. Həmin sülh müqaviləsinin maddəılərinə baxsaq, onun dostluq müqaviləsi olduğu bilinər.  Maddələrin yazılıb hazırlanmasında “Daşnaksütyun” partiyasının fəalları Koçaznuni və Xatisyan iştirak edib və həmin sənədə imza atıblar.  Ancaq onlar qayıdıb gələndə  Ermənistanda bəziləri onları qınadılar. Dedilər ki, siz “Daşnaksütyun” partiyasının üzvlərisiniz və imza atdığınız sənəd ucbatından Ermənistyan bundan sonra  pis günə düşə bilər. Lakin bu, belə olmadı. Düzdü,  onları bir  neçə il tənqid, təhdid və təqib etdilər…”
 
“İlham Əliyevlə Ərdoğan  öz çıxışlarında  təkrar-təkrar Ernənistanla sülh istədiklərini bəyan edirlər.  Bizimkilər bunu cavabsız qoyurlar. Ancaq buna mütləq müsbət cavab verilməlidir.  Qarabağ məsələsinə gəldikdə, güzəştə getmək istəyənləri Ermənistanda “düşmən” adlandırırlar.  Ancaq səhv edirlər. Gerçəkliklə barışmalıyıq.  Arzu, istək başqa şeydi, faktiki vəziyyət isə başqa şeydi.  Çünki bizim indiki ziyalılar bu məsələni başqa cür anlayırlar. Düzdü, məktəblərdə şagirdlərə 30 ildən çoxdur, təbliğ edirlər ki, guya bir gün Türkiyə dağılacaq və Ermənistan  bundan istifadə edərək böyüyəcək.  Ancaq bu, bir blefdir, utopiyadır, mümkün olan iş deyil.  Yadınıza salın ki,  yüz ildən çoxdur ki, biz belə şeyləri deyirik, hamısı da puç olur. Onu  da xatırlayaq ki 103 il öncə türklər Gümrünü tutmuşdular. Və sonra danışıqlar vasitəsilə qaytardılar” – deyə erməni araşdırmaçı xatırladıb 
 
“Ermənistanın dövlət rəhbərləri məsuliyyəti üzərlərinə götürüb sülhə getməlidir. Əlbəttə, müxalifət bunu anti-erməni fəaliyyəti kimi qiymətləndirəcək.  Bəs BatumidəTürkiyə ilə sülhə qol çəkən daşnaklara “sağ ol” demədilər ki?  Onlara da  1918-1920-ci illərdə xeyli hücumlar oldu.  İndi də gözləniləndir ki, əgər belə bir müqavilə imzalansa, müxalifət hakimiyyətə hücum edəcəkdir.  Ancaq bir az qətiyyət, dözüm lazımdı… Razılaşmalıyıq ki, Türkiyə güclü dövlətdir. Onunla zarafat etmək qorxuludur. Əgər biz türklərlə təkbətək qalsaq,  bizi boğub öldrürərlər. Amma təəssüf ki, bizim ziyalılar bu haqda çox primitiv düşünür”- deyə erməni jurnalist vurğulayıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər