Başa çatmaqda olan ilə ümumi baxış: 2024-cü ilə damğa vuran siyasi hadisələr – Deputatlar şərh etdilər
Digər
875
18 Dec 2024 | 17:10

Başa çatmaqda olan ilə ümumi baxış: 2024-cü ilə damğa vuran siyasi hadisələr – Deputatlar şərh etdilər

Yeni ilə sayılı günlər qalıb. 2024-cü il tarixdə öz izini qoyan mühüm hadisələrlə yadda qaldı. Azərbaycanın daxili siyasətində və beynəlxalq arenada baş verən əsas hadisələr 2024-cü ilə damğa vurdu. 2024-cü ilin mühüm hadisələrini deputatlar şərh etdilər.
 
 
Moderator.az -a danışan Milli Məclisin deputatı Azər Badamov bildirir ki, 2024-cü il ölkəmizin tarixinə nailiyyətlərlə dolu uğurlu bir il kimi yazılaraq  başa çatmaq üzrədir:
 
  “Qonşu ölkələrdə ictimai-siyasi narahatlıqlar, müharibələr davam etdiyi halda ölkəmiz sabitlik adası olduğunu təsdiq etdi. Belə ki, fevral ayında keçirilmiş prezident seçkiləri və sentyabrda baş tutan parlament seçkiləri ilk dəfə olaraq suveren ərazilərimizin hər bir guşəsində keçirildi. Keçmiş məcburi köçkünlər  30 ildən sonra ilk dəfə olaraq öz doğma yurdlarında siyasi proseslərdə iştirak edərək öz seçimlərini etdilər.  2024-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 30 illiyi tamam oldu. Bu 30 ildə Ümummili Lider Heydər Əliyevin neft strategiyası Azərbaycana inkişaf, rifah və qələbə gətirdi. Həm də 30 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edildi. 2024-cü ildə ölkəmizin bələdiyyə insititutunda islahatlar aparılaraq bələdiyyələrin sayı 2,5 dəfə azaldıldı. O cümlədən 2025-ci ilin yanvar ayına bələdiyyə seçkiləri təyin olundu”.
 
Azər Badamov  qeyd edir ki, 2024 cü ildə Azərbaycanın iqtisadi uğurları davamlı oldu:
 
“Belə ki, ölkənin valyuta ehtiyatları artaraq 72 milyard dollara çatdı, xarici dövlət borcumuz minimuma enərək ÜDM-in 7,3% düşdü, iqtisadi artım 4,1% olmaqla dünya iqtisadiyyatının orta iqtisadi artımından yuxarı oldu.  2024-cü ildə həyata keçirilməsi nəzərdə tutulan bütün  dövlət proqramları icra olundu. 2025-cü il üçün müstəqillik dövrümüzün ən çox maliyyə tutumlu dövlət büdcəsi qəbul olundu.  İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prosesi sürətlə davam etdirildi. Yenidən qurulmuş yaşayış məntəqələrimizə qayıdan keçmiş məcburi köçkünlərin sayı 10 min nəfərə çatdı. 
 Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi. Belə ki, Azərbaycan noyabr ayında COP29 beynəxalq iqlim konfransına ev sahibliyi etdi. Ölkəmizə 80-ə yaxın ölkədən dövlət və hökumət rəhbərləri, 76 min qonaq gələrək COP29 tədbirlərində iştirak etdi. Halbuki, Qərb COP 29-un baş tutmaması üçün əlindən gələni etdi. Amma Azərbaycanın beynəlxalq nüfuzu və beynəxalq tədbirlərin keçirlməsi təcrübəsi  bütün təzyiqləri arxada qoyaraq bu tədbirin uğurla keçməsinə yol açdı. 
 2024-cü il Azərbaycanla Ermənistan arasında gözləntiləri olan sülh müqaviləsi təəssüf ki, imzalanmadı.  Bu məsələnin baş tutmamasının səbəbi Ermənistanın manipulyasiya etməsi, öz üzərinə götürən öhdəlikləri icra etməməməsi və Sülh müqaviləsi imzalamamaq üçün Azərbaycanın haqlı tələblərini icra etməməsi dayandı.  Amma  2024-cü ildə ordumuz daha da gücləndi və suverən ərazilərimizin təhlükəsizliyinin daha da etibarlı qorunması təşkil olundu. 
 Beləliklə 2024-cü ili nailiyyələrlə dolu bir il kimi yola salırıq və bu ildə qazanılmış uğurlarla yeni ilə qədəmlərimizi qoyuruq.  2025-ci ildə həm dövlətimizin, həm də hər bir vətəndaşımızın arzuları və planları böyükdür. Fürsətdən istifadə edərək dövlətimizə və xalqımıza qarşıdan gələn 2025-ci ildə uğurlar arzulayıram”.
 
 
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qeyd edib ki, 2024-cü il Azərbaycan üçün istər daxili sosial-iqtisadi və siyasi proseslər baxımından, istərsə də ölkəmizin beynəlxalq  müstəvidə artan geosiyasi rolu zəmnində kifayət qədər uğurlu il hesab olunmalıdır:
 
“İlk növbədə qlobal ziddiyyətlərin artdığı bir dövrdə qonşu ölkələrdə siyasi çaxnaşmaların və qeyri-stabil situasiyanın hökm sürdüyü şəraitdə Azərbaycanda təhlükəsizlik mühitinin qorunması, maraqlarımızın milli təhlükəsizlik zəmnində daha da möhkəmlənməsi cari ilin əsas uğurlarından biri sayılmalıdır. Həmçinin antiterror tədbirlərindən sonra yaranan yeni regional və geosiyasi konfiqurasiya fonunda Azərbaycanın özünün suveren haqlarını bərpa etdiyi bir şəraitdə bütün ərazilərində Prezident və Parlament seçkilərini keçirməsi, o cümlədən il sonunda bələdiyyə seçkiləri prosesinə start verməsi milli suverenlik tariximizin yeni mərhələsi  hesan olunmalıdır. Bundan başqa 30 ildən artıq  havadarlarının köməyi ilə ölkəmizi işğalda saxlamış və təcavüzkar niyyətlərindən hələ də əl çəkməmiş Ermənistanla sülh və sərhədlərin delimitasiya və demarkasiya prosesi istiqamətində konkret irəliləyişlərə nail olunması, möhtərəm Prezident müsahibəsində də ifadə etdiyi kimi, sülh müqaviləsi üzrə 17 bənddən 15-nin artıq razılaşdırılması, həmçinin Qazaxın 4 kəndinin heç bir hərbi qarşıdurma yaşanmadan Azərbaycana təhvil verilməsi 2024-cü ildə Azərbaycanın ciddi siyasi və diplomatik yükə malik uğurlarından hesab olunmalıdır”.
 
Deputat vurğulayıb ki,  cari ilin əsas qlobal miqyaslı hadisəsi isə heç şübhəsiz ki Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlıdır:
 
“Azərbaycanın dünyanın ən nəhəng miqyaslı tədbirlərdən birini uğurla reallışdırması, çoxsaylı təcavüzkar plan və cəhdlərə baxmayaraq qlobal iqlim dəyişikləri ilə bağlı hədəflər istiqamətində ciddi irəliliylərin əldə edilməsi, o cümlədən Paris sazişinin 6-cı maddəsi üzrə əhəmiyyətli nailiyyətlərə imza atılması iqlim maliyyəsi istiqamətində bu günə qədər əldə olunmamış rekord nəticənin hasil edilməsi 2024-cü ildə Azərbaycanı yenidən qlobal miqyaslı oyunçu kimi rolunu beynəxalq platformalarda möhkəmləndirmiş oldu. Eyni zamanda 2024-cü il Azərbaycan parlamentarizm tarixində əhəmiyyətli iz qoymuş, ölkəmiz bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, istər Qoşulmama Hərəkatının Parlament şəbəkəsi, həmçinin digər səviyyədə uğurlu parlament diplomatiyası realizə olunmuşdur. Həmçinin 2024-cü il qanun yaradıcılığı və məhkəmə hüquq sistemində islahatların davam etdirilməsi baxımından uğurlu il hesab olunmalıdır. Qeyd olunanları nəzər alaraq, birmənalı şəkildə demək olar ki, çox mürəkkəb bir period olan 2024-cü il Azərbaycan üçün uğurlu dövr hesab olunmalı, ölkəmizin artan sosial-iqtisadi və hərbi-siyasi qüdrəti zəmnində yeni dövrün başlanğıcı üçün uğurlu mərhələ sayılmalıdır”.
 
 
Milli Məclisin deputatı Aydın Hüseynov  bildirib ki, 2024-cü il Azərbaycan üçün önəmli hadisələr baxımında rəngarəng oldu:
 
“Ölkəmiz ötən il əldə etdiyi bütövləşmiş suverenliyini digər layihələrlə möhkəmləndirdi, dünya birliyində layiq olduğu yeri gələcəyə aparmaq perspektivini əlində saxladı. Beynəlxalq müstəvidə qazanılan uğurların davamlılığını təmin etdi. Qonşu ölkələrdə siyasi təlatümlər, qarşıdurmalar, hərbi toqquşmalar, müharibələr davamlı şəkil aldığı bir vaxtda Azərbaycan ölkə daxilində sabitliyi qorudu, qonşuları ilə münasibətlərində qarşılıqlı etimad mühitini formalaşdırdı, Ermənistanın təxribatçı əməllərinə baxmayaraq bu ölkə ilə sülh müqaviləsi ətrafında danışıqları dayandırmadı, milli maraqlarımızdan bir addım geri durmadı. 2024-cü il Azərbaycanda həm də növbədənkənar prezident və parlament seçkiləri ilə yadda qaldı”. 
 
Deputat qeyd edib ki, bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının daha da inkişaf etdirilməsi, Türk dövlətləri arasında münasibətlərin yeni dövrə və yeni çağırışlara uyğun şəkildə qurulması üçün bütün imkanlarını səfərbər etdi:
 
 “Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə üzv ölkələrdə müsbət demoqrafik dinamika, zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz haqqında fikirlər gələcəkdə daha böyük uğurlar qazanacağımızdan xəbər verdi. Prezident İlham Əliyevin dediyi kimi, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. 2024-cü ildə dünyada və ölkəmizdə gözlənilən iqtisadi proseslər ən çox diqqət mərkəzində olan məsələlərdəndir. Manatın sabit məzənnəsi, inflyasiya üzrə dəqiq gözləntilər, sahibkarlığın inkişafı, turizm, sənayedə və aqrar sektorda proseslər, iqtisadi artım və sair gözləntilər dövlətimizin diqqət mərkəzində saxladığı sahələrdəndir. Mərkəzi Bankın (AMB) 2024-cü ildə ölkədə illik inflyasiya gözləntisi 5-5,5% civarındadır. Bu barədə AMB-in 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında qeyd olunub ki, xarici amillərin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə nəzərdə tutulan hədəfin özünü doğruldacağına yardım edəcək. İnanırıq ki, nəinki 2024-cü il, hətta növbəti 2-3 il ərzində də vəziyyət yalnız müsbətə doğru inkişaf edəcək. 2024-cü ildə əlverişli səviyyədə qalan milli pul vahidimiz əslində, möhkəmlənməyə meyillidir. Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən dövlət büdcəsinin həcmindən də görünür ki, vətəndaşların maddi rifah halının artırılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti və quruculuq işlərinin genişləndirilməsi, ölkəmizin xarici təsirlərdən qorunması, təhlükəsizliyimizin təmin edilməsi istiqamətində önəmli addımlar atılacaq”.
 
 
Millət vəkili Ceyhun Məmmədov  qeyd edir ki, 2024-cü il bir çox dünya ölkələri üçün çətinliklərlə dolu sınaq ili olsa da, Azərbaycan Prezident İlham Əliyevin liderliyi bu ili uğurla başa vurmaq üzrədir:
 
“Prezidentin qətiyyətli siyasəti sayəsində ölkəmiz qazanılan qələbələri möhkəmləndirməklə yanaşı, milli maraqlarını da qorumağı bacarmışdır. Xüsusilə, ictimai-siyasi sabitliyin təmin olunması, iqtisadiyyatın qorunması, milli təhlükəsizliyin saxlanması, eləcə də ordu quruculuğunun davam etdirilməsi istiqamətində atılan addımlar bu uğurun təməlini təşkil edir.
Dünya çalxalanmaqdadır; mübadirələr, müharibələr və siyasi gərginlik ölkəmizin ətrafında çox mürəkkəb şərait yaratsa da, Azərbaycan bu təzyiqlərin öhdəsində gəlməyi bacarıb. Gürcüstanda sabitliyin hələ də təmin olunmaması, Ermənistanda davam edən qeyri-mùəyyən proseslər, Ukrayna-Rusiya müharibəsi və Suriyadakı hakimiyyət çevrilişi bu gün dünya siyasi arenanın çox çətin bir məcrada irəlilədiyini göstərir.
İçtimai siyasi sabitlik, iqtisadiyyatın dayanaqlı saxlanması, milli təhlükəsizliyin təmin olunması və müdafiə sənayesinin inkişafı istiqamətində atılan addımlar ölkənin beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirmişdir. Bu uğur Prezident İlham Əliyevin prinsipial siyasəti, xalqı bir araya gətirən yanaşması və xarici təzyiqlərə qarşı çevik reaksiyaları sayəsində reallaşmışdır”.
 
Millət vəkilinin sözlərinə görə, 2025-ci il dünya üçün daha da çətin ola bilər. Müharibə ehtimallarının yüksək olduğu, siyasi gərginliyin daha da artacağı proqnoz edilir:
 
“Buna görə də, ölkəmizin sabitliyini qorumaq üçün birlik və həmrəylik vacibdir. Hər bir vətəndaşın öz öhdəliklərini anlayaraq, dövlətə dəstək göstərməsi bu sınaqdan birliktə çıxmağın əsas şərtidir. Dövlətin siyasətini dəstəkləyərək, xarici təzyiqlərə qarşı vahid cəbhə yaratmaq aktual və zəruridir. Milli müttəfiqliyin  saxlanması və möhkəmləndirilməsi yeganə doğru yoldur”.
 
Mehin Mehmanqızı
 
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “sosial və siyasi fəallığın artırılması” mövzusunda hazırlanıb.
 
 
Link kopyalandı!
Son xəbərlər