Suriya Böhranında Yeni Dönəm:
Digər
1522
04 Dec 2024 | 09:59

Suriya Böhranında Yeni Dönəm: "Əsəd Rejiminin Taleyi Həll Olunmaq Üzrədir"

“Türkiyə, Rusiya və İran Suriyanın parçalanmasının əleyhinədir. Ancaq bu üç ölkə arasında da Suriya ilə bağlı bəzi məsələlərdə kifayət qədər kəskin ziddiyyətlər mövcuddur”
 
 
Bu fikirləri Moderator.az-a Suriya böhranını təhlil edərkən politoloq Elçin Xalidbəyli deyib.
 
Onun sözlərinə görə, Rusiya və İran Əsəd rejimini, eləcə də PKK-nı dəstəkləyirlər:
 
 “Türkiyə isə PKK- nı özünü milli təhlükəsizlik maraqlarına təhdid kimi qəbul edir və Əsəd rejimi ilə PKK arasındakı yaxınlığın yolverilməz olduğunu bildirir. Üstəlik, Əsəd rejiminin PKK- dan Türkiyəyə qarşı istifadə etməsini nəzərə alaraq rəsmi Ankara Əsəd rejiminə qarşı hazırda kəskin mövqe tutmaqdadır. Məsələ ondadır ki, Əsəd rejiminə qarşı müxalif mövqedə olan silahlı qruplaşmalar hazırda birləşərək Suriyada iri və önəmli şəhərlərin Əsəd rejimindən və PKK- dan azad olunması istiqamətində genişmiqyaslı hərbi əməliyyatlara başlayıblar və müəyyən uğurlar da əldə etməkdədir. Əsəd rejimi hazırda bu silahlı müxalifətin hərbi əməliyyatından narahat olmağa başlayıb. Çünki Əsəd rejiminin ləğv olunması ehtimalı indi daha inandırıcı görüntülər almağa başlayıb. Üstəlik, Rusiya Ukraynada zəifləyib, İranın isə Yaxın Şərqdəki əksər proksi qüvvələri sıradan çıxarılmaq üzrədir. Yəni rəsmi Tehranın indi Əsəd rejiminə dəstəyi o qədər də effektiv xarakter daşımır. Ona görə də, Əsəd rejimi həm Rusiyadan, həm də İrandan ümidini kəsməyə başladığından öz mövcudluğunu qorumaq üçün hər kəsdən dəstək almağa çalışır”.
 
Politoloq xatırladıb ki,  son məlumatlara görə, Suriyanın prezidenti Bəşər Əsəd yalnız İsrailə deyil, eyni zamanda Türkiyəyə də müraciət edib:
 
" Əsəd Türkiyəyə nümayəndə heyəti göndərmək istəyib. Ancaq rəsmi Ankara müraciəti qəbul etmədiyindən Antalyaya geri dönmək məcburiyyətində qalıblar. Rəsmi Ankaranın təmsilçiləri ilə təmaslar baş verməsə, yəqin geri qayıdacaqlar. Yəni Əsəd rejimi hazırda özünü qorumaq üçün istənilən vasitəyə, addıma, ölkədən dəstəyə cəhd göstərir. Təbii ki, Əsəd rejiminin İrandan kəskin düşmənçilik münasibəti olan İsraildən yardım istəməsi İran və Bəşər Əsəd arasında münasibətlərin gərginləşməsinə də səbəb ola bilər. Ancaq  Əsəd rejimi anlayır ki, İran onun ayaqda qalması üçün elə bir ciddi kömək etmək imkanına malik deyil”.
 
E.Xalidbəyli hesab edir ki, hazırda Əsəd rejiminin taleyi həll olunmaq üzrədir:
 
“Türkiyənin də dəstəklədiyi müxalif qüvvələr indi Suriya ərazisində irəliləməkdə davam edirlər və bu, yaxın vaxtlarda Suriyada situasiyanın ciddi şəkildə dəyişməsi ilə nəticələnə bilər. Onu da qeyd etmək lazımdır ki, bu proses,  Türkiyənin dəstəklədiyi silahlı müxalifətin uğurlu hərbi əməliyyatlar keçirməsi Amerika Birləşmiş Ştatların da maraqlarına uyğundur. Amerika Birləşmiş Ştatları Suriyada Əsəd rejiminin devrilməsində maraqlı olduğunu qətiyyən gizlətmir. Ona görə də, Ağ Ev dəfələrlə PKK /YPG- ni ABŞ- ın bölgədəki strateji tərəfdaşı elan etməsinə baxmayaraq, hazırda PKK- nın sıradan çıxarılması, birdəfəlik ləğv olunması istiqamətində atılan addımlara ABŞ- dan sükutla reaksiya verilir. Əvvəllər, Türkiyəyə kəskin etiraz olunsa da, bu dəfə rəsmi Ankaranın PKK ilə bağlı sərt addımlarına Amerika Birləşmiş Ştatları qətiyyən etiraza cavab vermir. ABŞ Suriyada Əsəd rejiminin devrilməsi xatirinə PKK- nı da qurban vermiş kimi görünür.  Suriya ərazisində Yaxın Şərqin gələcək taleyinə birbaşa təsir göstərə biləcək önəmli hadisələr baş verməkdədir. Böyük ehtimalla, Şərqin yenidən dizayn olunması, Yaxın Şərqdə yeni düzənin yaradılması məhz Suriyada hazırda cərəyan edən hadisələrin hansı nəticələrlə yekunlaşmasından birbaşa asılı olacaq”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər