Rusiya, Avropa və ABŞ arasında gərginləşən geosiyasi mübarizə
Digər
2467
29 Nov 2024 | 12:49

Rusiya, Avropa və ABŞ arasında gərginləşən geosiyasi mübarizə

“Rusiya indiki dövrdə daxili çəkişmələr və çətinliklər ilə qarşı-qarşıyadır. Bu çəkişmələr, həmçinin Rusiya hökumətinin, xüsusən də Ukraynadakı təcavüzkar hərəkətləri ilə bağlı daha geniş strateji problemlərə gətirib çıxarır. Rusiya özünün mövcud problemlərini basdırmaq məqsədilə, keçmiş Sovet ölkələri ilə əlaqələrindəki təsirini artırmağa çalışır, buna görə də bu ölkələrə qarşı təzyiq göstərərək, öz daxili çətinliklərini örtməyə çalışır”
 
 
Bunu Moderator.az-a açıqlamasında siyasi şərhçi Əjdər Tağızadə deyib.
 
Siyasi şərhçinin sözlərinə görə, bu prosesləri  daha da mürəkkəbləşdirən məsələlərdən biri də, Avropanın və ABŞ-ın bu günə qədərki reaksiyalarıdır:
 
“Rusiyanın Ukraynada irəliləməsi, Avropanın və Amerikanın təhlükəsizliyini birbaşa təhdid edir, çünki bu, demokratiya, insan haqları və azadlıq kimi dəyərlərin qorunması məsələsini ön plana çıxarır. Avropa ölkələri, xüsusilə Almaniya və Skandinaviya, artıq Rusiya ilə bağlı hazırlıqlarını artırıb və qazın tədarükünü diversifikasiya etmək üçün müxtəlif alternativ mənbələrə yönəliblər.
Avropanın enerji təhlükəsizliyi ilə bağlı hazırlıqları da diqqətəlayiqdir. Keçmiş illərdə Rusiya, xüsusilə qış mövsümündə, enerji tədarükünü azaldaraq, qiymətləri yüksəldirdi. Bu, Avropa ölkələrinin enerji ehtiyatlarını artırmağa və Rusiya ilə enerji əlaqələrini azaldmağa yönəlmiş addımlar atmalarına səbəb oldu. İndi Avropa ölkələri, istər ərəb dünyasından, istərsə də Asiyadan (Xüsusilə Qətər və ABŞ) daha çox təbii qaz və neft alır, bu da onlara enerji təchizatında daha çox müstəqillik təmin edir. Eyni zamanda, ABŞ və Avropa ölkələri, xüsusən də Trampın yendiən seçilməsi ilə daha sıx əməkdaşlıq etməyə başlayıblar. Trampın liderliyi altında, Amerika, İran və Rusiyanı sıxışdırmaq üçün yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu, Tehranın neft istehsalını məhdudlaşdırmaq və Qərbin enerji bazarına təsir etməyə yönəlib. Beləliklə, İranın neft satışları və qiymətləri Avropa və ABŞ-ın məqsədlərinə zidd olan bir vəziyyətə gətirilir”.
 
Ekspert qeyd edib ki, Rusiyanın müttəfiqi olan Tehran rejimi, öz neft istehsalını Çin kimi ölkələrə yönəldərək, qiymətləri aşağı səviyyədə tutmağa çalışır:
 
“Amma Rusiya, bu məsələdə çətinliklər yaşayır və daxili təzyiqlər bu vəziyyəti daha da mürəkkəbləşdirir. Əslində, Rusiya, bu sanksiyaların qarşısını almaq üçün müxtəlif yollar axtarır, lakin Qərbin sərt mövqeyi qarşısında əksər hallarda uğursuz olur.
Avropa və ABŞ, Ukraynanın müdafiəsini dəstəkləmək üçün müxtəlif hərbi və maliyyə yardımları təmin edirlər. Bəzi Avropa ölkələri, xüsusilə Skandinaviya ölkələri, Ukraynanın müdafiəsi üçün öz hərbiçilərini həmin ölkəyə göndərirlər. Bu da göstərir ki, Avropa, Rusiyanın təcavüzkar hərəkətlərinə qarşı ciddi və qərarlı bir mövqe nümayiş etdirir. Bu təhdidlər və təzyiqlər qarşısında, Avropa ölkələri, xüsusən də İngiltərə, artıq geri addım atmaq niyyətində deyillər. Əksinə, onlar daha sıx əməkdaşlıq etməyə və Rusiya ilə qarşıdurmada birgə siyasət yürütməyə hazırdırlar. Trampın gəlməsi ilə Avropa və ABŞ arasında əlaqələr daha da güclənir və Rusiyanın beynəlxalq təsirini məhdudlaşdırmaq üçün ortaq fəaliyyət göstərməyə başlanır. Rusiya Avropa və ABŞ-ın möhkəm birləşmiş cəbhəsi qarşısında çətin vəziyyətdə qalır. Bu mübarizə, yalnız birbaşa silahlı qarşıdurmalarla deyil, həm də iqtisadi, diplomatik və enerji sahələrində də davam edir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər