Təyyarə qəzasında ölən digər 22 nəfərin meyiti Azərbaycana gətiriləcək
Cəmiyyət
2098
27 Dec 2024 | 20:20

Təyyarə qəzasında ölən digər 22 nəfərin meyiti Azərbaycana gətiriləcək

Təyyarə qəzasında ölən digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək.
 
Bu barədə Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının dekabrın 27-də keçirilmiş iclasında bildirilib.
 
Bununla yanaşı, Dövlət Komissiyasının üzvlərinə hadisədə xəsarət alanlara və həlak olan şəxslərin ailələrinə zəruri maddi yardım və mənəvi-psixoloji dəstək göstərilməsi ilə bağlı məsələlərin qısa zamanda və çevik həll edilməsi tapşırılıb.
 
Qeyd edək ki, qəza nəticəsində həlak olmuş 26 Azərbaycan vətəndaşından 4-nün meyiti dekabrın 26-da ölkəyə gətirilib.
 
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
 
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
 
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
 
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
 
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
 
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər