“Kəlbəcərdə görüşmək nəsibimiz olsun”, kəlbəcərlilər...
Cəmiyyət
1176
27 Dec 2024 | 12:50

“Kəlbəcərdə görüşmək nəsibimiz olsun”, kəlbəcərlilər...

İlin sona çatmasına sayılı günlər qalıb. İlin-günün bu vaxtlarında, adətən, istər hökumət, istərsə də qeyri-hökumət təşkilatları arxada qalan ayların nəyə xərcləndiyini götür-qoy və saf-çürük edib, qarşıda duran məsələlərin proqramlaşdırılmasına həsr edilən tədbirlər keçirirlər.Belə tədbirlərdən biri də 22 dekabr 2024-cü il tarixində keçirilən “Kəlbəcərə Qayıdış” İctimai Birliyinin rayon ictimaiyyəti və ziyalıları ilə təşkil etdiyi görüş idi.

Görüşün məramı  qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Kəlbəcər ziyalılarını bir araya toplamaqla fikir mübadiləsi aparmaq idi.


Bakı şəhəri və bölgələrdən tədbirə qatılan rayonun aydınları -  şairləri, yazıçıları, bir sıra üzdə olan kəlbəcərlilərin iştirakı ilə keçirilən tədbirin aparıcısı şair-publisist Ədil Kəlbəcərli qonaqları salamlamaq üçün sözü KQİB-nin sədri Yelmar Mustafaya verdi.


Tədbirin təşkilatçısı, KQİB-nin sədri Yelmar Mustafa, eləcə də təşkilatın təsisçisi Ramiz Abışov öz növbəsində gündəmdə olan məsələlərlə bağlı fikirlərini söylədilər. 


BDU-nun Tarix fakültəsinin dissertantı Ramiz Nəcəfli öz çıxışında erməni barbarlarının  Kəlbəcərin  tarixi abidələrini dağıtdıqdan sonra Zar ərazisində qədim şəhər mədəniyyətinin qalıqlarını aşkar etdikləri barədə məlumatı da tədbir iştirakçılarının nəzərinə çatdırdı.  O, qeyd etdi ki, alban dövrünün yadigarlarından olan xristian, eləcə də islam mədəniyyətinin nümunələri bu gündə Kəlbəcər ərazisində toxunulmaz olaraq, qalmaqdadır.  O, ərazinin abadlaşdırılması üçün aparılan tikinti işlərində alban-qıpcaq abidələri,erkən orta əsrlərə məxsus qəbrlərə, Tərtər çayı boyu qalalara həssaslıqla yanasılmalı olduğunu xüsusilə vurğuladı.


Digər çıxışçı  "Qanlı Kaha"sənədli, publisistik povestin müəllifi, jurnalist Elxan Salahov idi. Başlıbel faciəsini qələmə alan və onun ekranlaşdırılmasında müstəsna rolu olan araşdırmaçı-jurnalist öz fikirlərini, tələb və təkliflərini tədbir iştirakçıları ilə bölüşdü. E. Salahov həmçinin 4 hissəli "Mühasirə gündəliyi" filminin ərsəyə gəlməsində keçdikləri yolun çətinliyindən, agrılı mənəvi yükundən bəhs etdi.


Şair-jurnalist Namiq Dəlidağlı qeyd etdi ki, Azərbaycanın 20 faiz torpaqları 30 ilə yaxın işğala məruz qalmışdır. İşğal müddətində təbii resurslardan erməni vandalalrının qeyri-insani istifadəsi - ətraf mühitin  qəsdən çirkləndirilməsi ölkə iqtisadiyyatına ciddi zərər vurdu. Həmçinin neçə-neçə tarixi-memorial komplekslər darmadağın edildi: “Bu cür vandallığa məruz qalan ərazilərdə təhlükəsiz yaşayışın, sosial-iqtisadi həyatin bərpası, yəni, kəlbəcərlilərin ora  yenidən qayıdışı və məskunlaşması, təbii ki, zaman alacaq. Ölkə rəhbərliyinin  güclü siyasəti, rəşadətli ordumuzun qələbəsi sabaha olan inamımızı daha da artırmaqdadır.Belə ki, dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq bir qələbəyə imza atdıq. 44 günlük savaş xalqımızın güc və qüdrətinin silinməz simvoluna çevrildi.


Yeni bir dövrə qədəm qoyan Azərbaycan öhdəliklərini layiqincə yerinə yetirməkdə israrlıdır."Böyuk Qayıdış”ı təmin edən infrastrukturun, ekoloji cəhətdən təmiz  enerji mənbələrinin yaradılması  hidroehtiyatların ölkənin  su təsərrüfat sisteminə inteqrasiyası, Kəlbəcərin tarixində yeni bir layihə olan – qaz kəmərinin çəkilişi və s.“Böyük Qayıdış”ın təbrik hissəsidir”.

Həmrəylik günü ərəfəsində keçirilən bu tədbirdə Kəlbəcərin dünəni, bu günü və sabahı haqqında geniş müzakirələr aparıldı. O da xüsusi vurğulandı ki, bizləri ortaq bir marağın mərkəzində birləşdirən Kəlbəcərin sabahidır. O sabah ki, istedadlı, potensiallı gənclərə təqdim ediləcək.


Bəli, haqlı  olaraq o da deyildi ki, biliyin və zəkanın gücüylə potensialını təsdiqləyən əmin əllərə təslimiyyəti ilə özünün intibah dövrünü yaşayacaq Kəlbəcər.
İlk köçün başlamasına sayılı günlər qaldığı bir zaman kəsiyində ziyalıların bir araya gəlməsi doğurdan da ürəkaçan idi.Kəlbəcərin unikal təbiəti kimi, onu canından da  artıq sevən insanları var. Demək olar ki, müxtəlif sahələrdətanınan şəxsiyyətlər yetişdirmişdi bu torpaq.


Kəlbəcərin çox zəngin ədəbi mühiti var.Yəni həm də artıq  daha ciddi tədqiqata ehtiyacı olan bir mühitdən söhbət gedir. BDU-nun doktorantı Jalə Nağıyeva bu məsələ ilə bağlı fikirlərini bölüşərkən tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, bu sahədə irimiqyaslı elmi-tədqiqat  və araşdırma aparacaq gənclərimiz yetərincədir.

Kəlbəcərin folklorunu araşdırmaq kimi gözəl və çətin bir missiyanı öz üzərinə götürən Jalə Nağıyeva bu sahədə indiyədək aparılan tədqiqat işlərindən bəhs edərkən unudulmuş ədəbi simalarımızın yaradıcılığına biganəliyi bağışlanılmaz günah  kimi qiymətləndərdi, həm də çox haqlı olaraq.

Beləcə, hər kəs öz işində vətəndaşlıq mövqeyini, ən əsas da borcunu layiqincə yerinə yetirsə, işıqlı gələcək uzaq görünmür.

Kəlbəcərin  qədim tarixi, təbii  sərvətləri, flora və faunası haqqında günlərlə danışmaq və yazmaq olar.Bu haqda mətbu orqanlarda dərc olunmuş yazılar kifayət qədərdir.Lakin bizi düşündürən ən ümdə məsələ işğaldan azad olunmuş Kəlbəcərə həyatın yenidən qayıtmasıdir.Bu istiqamətdə atılan addımlar incə düşünülməlidir.

Birliyin gündəmindəki məsələlər də özündə məhz bu prioritetləri ehtiva edirdi.

Tədbirdə səslənən müxtəlif fikirlərin bir qayəsi vardı: isgaldan azad olunmuş Kəlbəcərin gələcəyində keçmişimizə həssaslıqla  yanaşıb, dəyərlərimizə sahib çıxmaq və ən əsası da birlik və bərabərliyimizi qoruyub saxlaya bilmək -  ulularımızdan bizə  mənəvi miras qalan ənənələrimizə  sadiq qalmaq.
Şair-publisist, “Dəlidağ.az” və “Manevr.az” saytlarının yaradıcısı, lirik şeirlər müəllifi olan, AJB-nin Kəlbəcər bölməsinin sədri Namiq Dəlidağlı fikirlərini həm də şeirləri ilə  ifadə etdi. Şairin məclisin ovqatına uyğun şeiri alqışlarla qarşılandı:

“Var olsun Milli Ordum, zəfər çalıb gəlirik,
Düşmənə qan uddurub, qisas alıb gəlirik!
Məğlub kimi çıxmışdıq, qalib olub gəlirik,-
Kəlbəcərə dönürük…”


Sözü və qələminin poetik gücüylə insanların könlündə taxt quran hörmətli şairimiz Əlövsət Saldaşın da çıxışı könüllərə məlhəm oldu.Kəlbəcər ədəbi mühitində öz imzası olan şairimizin bir bənd şeirini fikrimə bənd etmək istəyirəm bu yerdə:

“Çəkdiyim nəfəsdi, damarda qandı,
Bu tayı da canımdı, o tayda candı.
Əlövsət, varlığım Azərbaycandı,
Cənnətin qucağı Kəlbəcərdənəm.


Kəlbəcər poeziyasının daha bir tanınmış, sevilən siması Yusif Hüseyn də  doğma   yurdumuzun sabahı ilə bağlı arzularını dilə gətirdi. Poeziyasının əsasını Vətən həsrəti, yurd nisgili təşkil edənşairin şeirləritədbir iştirakçılarının könlünü riqqətə gətirdi:

Gözlərim qan axıtdı hər Kəlbəcər deyəndə,
İldırımlar şaxıdı vətənimin göyündə!
Tarixlərdə adın var: lap dünəndə, bu gündə,
Torpaqdan qoxu gəlir, ana yurdun qoxusu,
Qələbəmiz mübarək, Azərbaycan Ordusu!


Şair Əjdər Əslisaf şeirləriylə, ibrətamiz məsələləriylə gecəyə bir başqa rəng qatdı. Şairin könül oxşayan şeirlərini dinlədikcə Kəlbəcər poeziyasının zəngin və rəngarəngliyinə bir daha şahid olursan.
Öz təbiriylə desək,bir azca ucalan, müdrikləşən, saçları gümüşü səhra küləyi, zirvələrin bəyaz qarı, dağlarda duman olan Əjdər Əslisaf poeziyasında da yurda dönüşün, sehrli qələbənin qoxusu gəlir. Ayrılıqlara vida deyib, azad günlərin işığında bir araya gəlmək səadətin özü deyildimi?
 
Axtardım, aradım uşaqlığımı,
Anam qaladığı ocağı gəzdim.
Mən tapa bilmədim ocaq daşların,
Yaxına boylandım,uzağı gəzdim.
 
Atamın əməyi olan o bağda,
Heyf ki, əkdiyi güllər ta yoxdu.
Bayquşlar ulayır, bülbül oxumur,
Bu gecə kəndimiz necə soyuxdu…

 
Tədbirdə Kəlbəcəri görmədən dünyadan köçən, ürəyi Kəlbəcər eşqiylə yanıb-tutuşan şairlərimizin də xatirələri yad edildi, o şairlər ki,vətən həsrətinə tab etmədi ürəkləri. Cahana sığmayan dərdlərimizi sözə çevirib, şələlərini qəmdən tutub, əbədiyyətə köç etdilər.
Şair Məmməd Aslan, Bəhmən Vətənoğlu, Süçaət bu nisgillə əbədiyyətə qovuşdular.
Bəhmən yadigarı Etibar Abbasov atasının yaradıcılığından hamımızın dillər əzbəri olan bir şeiriylə sözə başladı:

Axşam da qəribədi, mən də qəribəm,
Nələr ürəyimdən keçdi, darıxdım.
Zalım ayrılığın kamil ovçusu,
Ox atdı, sinəni deşdi, darıxdım.


Hər misrasından hicran boylanan Bəhmən Vətənoğlunün da o gün ruhu şad idi. Etibar Kəlbəcərin azad olunmasından, ata-baba yurdunun sabahından danışdı.
Daha bir iştirakçı isə Kəlbəcər ictimaiyyətində böyük nüfuza sahib olan, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Balay Nəsibov idi. Ehtiyatda olan polkovnik-leytenant Birinci və İkinci Qarabağ savaşlarında igid oğullarımızın göstərdiyi qəhrəmanlıqlarından , vətənsevərliklərindən ətraflı bəhs etdi.
Tədbirdə səsləndirilən fikirləri ümumiləşdirsək, deyə bilərik ki, Kəlbəcər hər baxımdan çox böyük potensiala malik bir ərazidir.
Hələ vaxtilə, daha doğrusu, 1996-cı ilin aprel ayında Ulu Öndər Heydər Əliyev də  bir qrup kəlbəcərli ziyalılarla, ictimaiyyətin nümayəndələri ilə görüşündə belə demişdir: Kəlbəcərin təkcə təbiəti deyil, onun yeraltı-yerüstü nəyi varsa sərvətdir, insanları da bu təbiətə xas xarakterlidirlər. 
Yəni, Kəlbəcərin insanları da sərvətdir. Bəli, bu, həqiqətən də belədir. Azərbaycan iqtisadiyyatının gücünə güc qatacaq zəngin təbii sərvətləri, meşə və su ehtiyatları buna bariz nümunədir.
O gün kəlbəcərlilər üçün sanki göydəndüşmə hesab edilmişdi. Hamı bir-birini qardaş kimi bağrına basıb: “Kəlbəcərdə görüşmək bizə nəsib olsun”,-deyirdilər.
Amin! Kəlbəcər həsrətliləri ayrılıb, hərə bir ünvana üz tuturdu, kimisi Şamaxıya, kimi Sumqayıta, kimi Abşeronun ucqar bir kəndinə, kimlərsə də Kəlbəcərə yaxın- Gəncəyə doğru. Yolunuz açıq olsun, Kəlbəcərdə görüşənədək…


 
















Nigar İMAMVERDİQIZI,
“Yenilik-press” qəzetinin redaktor müavini

 

Link kopyalandı!
Son xəbərlər