“Qəzada ölən pilot Ryazanda mənimlə oxuyub, o birisinin atası ilə uçmuşam” - ÖZƏL
Cəmiyyət
7319
25 Dec 2024 | 21:20

“Qəzada ölən pilot Ryazanda mənimlə oxuyub, o birisinin atası ilə uçmuşam” - ÖZƏL

“Aktauda qəzaya düşən təyyarə ilə bağlı hələ ki, ilkin heç bir fikir bildirə bilmərəm. Qara qutu tapılmalıdır. Hər şey ondan sonra aydın olacaq. Bu da mütəxəssislər, komissiyalar və dövlət səviyyəsində araşdırılır. Bu adi avtomobil qəzası deyil ki, sağına-soluna baxıb nəsə fikir bildirəsən. Bir neçə faktor var ki, onlar araşdırılmalıdır və araşdırılır da. Bu həssas mövzudur və dəqiqliyi sevir. Hələ ki, ümüdverici bir hal odur ki, burada insan faktoru yoxdur”
 
Bunu Moderator.az-a açıqlamasında təcrübəli və peşəkar pilot Bayram Muxtarov deyib. O daha sonra əlavə edib:
“Dünyasını dəyişən pilot İqor Kşnyakin mənimlə birlikdə məzun olub. Biz Ryazanda təyyarəçilik məktəbini bitirmişik. Uzun illərin peşəkar pilotu idi. Savadlı, təcrübəli və yüksək səviyyəli mütəxəssis idi. Onun yanındakı köməkçi pilot Aleksandr Kalyaninovun atası ilə də uçmuşam. Bizim təyyarəçilərdən ibarət vatsap qrupumuz var. Tez-tez yığışıb, müzakirələr edirdik. Allah onların hər ikisinə rəhmət etsin” deyə peşəkar pilot Bayram Muxtarov bildirib.
Bayram Muxtarov təyyarədən istifadə edən insanlara öz tövsiyyələrini də verib:
 
“Hər pilot və sərnişin təhlükəli vəziyyətlərlə qarşılaşa bilər. Soyuqqanlı olmaq lazımdır. Bizim də başımıza çoxlu hadisələr gəlib, şükürlər olsun ki, sağ-salamatıq. Biz nə öyrənmişiksə çalışırıq ki, sonuncu məqamda da onu icra edək. Mənim oğlum da təyyarəçidir. Nəzərə almaq lazımdır ki, təyyarə dünyada ən etibarlı və təhlükəsiz nəqliyyat növüdür. Gündə nə qədər qəzalar baş verir, hər kəs də öz avtomobilinə oturub hərəkət edir. İnsanlarda panika yaratmaq lazım deyil. İndiki nəsil təyyarələr isə çox mükəmməl və peşəkar hazırlanır” deyə Bayram Muxtarov bildirib.
 
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər