Nazife Güngör: Ən həqiqi müəllim elmdir, fəndir
Cəmiyyət
1438
23 Dec 2024 | 23:06

Nazife Güngör: Ən həqiqi müəllim elmdir, fəndir

Dövrümüzün böhranının ən vacib səbəblərindən biri də savadlılıqdan getdikcə uzaqlaşmaqdır. Rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə inteqrasiyası insanları kitablardan, yazıb-oxumaqdan uzaqlaşdırmağa başladı. Televiziya, kompüter, ağıllı telefonlar derken, yazmadan və oxumadan həyatı idarə etmə bacarığını qazandıq. Lakin təəssüf ki, itkilərimiz qazanclarımızdan çox oldu.

Yazmaq, insanın özünü ifadə etməsi və tarixdə iz buraxması baxımından vacibdir. Yazmaq, mədəni quruluş, keçmiş və gələcək nəsillər arasında bütövlüyü təmin etmək baxımından zəruridir. Bu gün tarixin içində səyahət etdiyimizdə yazılı qeydlər aparan cəmiyyətlərin tarixdə millət olaraq yer aldıqlarını, yazmayan cəmiyyətlərin isə ya tarixdən tamamilə silindiklərini, ya da heç vaxt millət ola bilmədiklərini görürük. Döyüşərək, qələbələr qazanaraq yurd əldə edilə bilər, vətən edilə bilər, amma yazmadığımız müddətcə o vətən torpaqları üzərində gələcəyə inamla addımlayacaq bir millət ola bilmərik.

Oxumaq da eyni şəkildədir. İnsan, mahiyyətcə sosial varlıqdır. Onu sosial edən şey də eyni mühitdə, eyni cəmiyyətdə, eyni ölkədə, eyni dünyada yaşayan digər insanlarla hiss, düşüncə və məlumat mübadiləsi etməsidir. Bunun üçün də oxumaq lazımdır. Oxuduqca özümüzü və başqalarını anlayırıq, başqaları ilə empatiya qura bilirik, paylaşa bilirik. Bu gün bəşəriyyətin yaşadığı xaosun ən vacib əksi özgələşmədir. İnsanlar öz reallıqlarına, yaşadıqları cəmiyyətə, dünyaya ciddi bir laqeydlik içindədirlər. Maddiyyata sitayiş meyli artdıqca insani dəyərlər azalır. Kapitalist sistem təəssüf ki, insanları belə bir xaosun içinə sürüklədi. Bundan qurtulmanın ən təsirli yolu isə oxumaqdır. Roman, şeir, hekayə, düşüncə kitabları ilə yenidən barışmaq vaxtıdır. İnsanlıq əlimizdən tamamilə çıxıb getmədən özümüzlə hesablaşmalıyıq. Ulu Öndərimiz Mustafa Kamal Atatürk də demişdi "əgər kitab oxumasaydım, bu etdiklərimin heç birini edə bilməzdim". Nə gözəl söyləyib. Cəbhədə belə hər fürsətdə kitab oxuyan Öndərimiz Böyük Hücumun bir gün əvvəlində yavərlərinə bunları deyir: "Bilirsinizmi, gecə Rəşat Nuri Güntekinin Çalıquşu romanını oxumağa başladım. Çox bəyəndim. Gecikilmiş Anadolunu, gənc bir xanım müəllimənin yaşadığı çətinlikləri nə gözəl anladıb. Bitirəndə İsmətə verəcəyəm. Sonra da siz oxuyun".

Çünki Atatürk bilirdi ki, bir milləti ayağa qaldırmaq cəbhədə qələbə qazanmaqla mümkün olsa da, irəli aparmaq və əbədi var etmək elmin işığı, biliyin gücü ilədir. 19 Dekabrda Azərbaycanın paytaxtı Bakıda keçirilən Kitab Festivalında stendləri gəzərkən bir tərəfdən də bunları düşünürdüm. 30 il əvvəl müstəqilliyini qazanan Azərbaycan sürətli bir inkişaf və tərəqqi prosesi içindədir. Azərbaycanın ədəbiyyatda, sənətdə nə qədər irəli olduğu məlumdur. Dünyaca tanınmış şairlərin, ədəbiyyatçıların, musiqiçilərin, rəssamların yetişdiyini bilirik. Ancaq indi Azərbaycan sahib olduğu bütün bu bədii, mədəni və intellektual xəzinəni millət şüuru əsasında daha sistemli bir proses içində inkişaf etdirməyə və yerləşdirməyə çalışır. Kitab stendlərini gəzərkən də şahid oldum, ölkənin nəşriyyat sahəsində nə qədər irəlilədiyinə. Bir tərəfdən ölkə daxilində əhəmiyyətli dərəcədə intellektual istehsal var, digər tərəfdən dünya miqyasında məşhur olan vacib yazıçıların və elm adamlarının əsərləri tərcümə edilir.

Kitab Festivalının məni ən çox təsirləndirən tərəflərindən biri də tələbələrin kitablara böyük maraq göstərməsidir. Müəllimlər heç yorulmadan, tələbələrini qruplar halında sərgi salonuna gətiriblər, birlikdə stendləri gəzirlər. Təkcə bu da deyil, ölkənin öndə gedən yazıçıları, ziyalıları, şairləri, hətta siyasətin öndə gedən şəxsiyyətləri, millət vəkilləri, nazirlər eyni həmrəyliklə festivalın açılışını həyata keçirmək üçün orada idilər. Bu birliklə, bu bütövləşmiş ruh və duyğu quruluşu ilə Azərbaycanın yaxın gələcəkdə dünyanın öndə gedən ölkələrindən biri olacağını düşünürəm. Çünki oxuyurlar, təhsilin əhəmiyyətinə inanırlar.

Azərbaycanlı uşaqlar, gənclər oxumağa həvəslidirlər. Stendləri gəzərkən bir neçəsi ilə söhbət etmək imkanı tapdım. Hansı kitabları oxuduqlarını soruşduğumda dünya klassiklərindən bir çox yazıçı adı sadaladılar. Həqiqətən çox təsirləndim. Əgər istənilsə, edilər. Rəqəmsal texnologiyalar, ağıllı telefonlar və s. heç bir şey oxumamağın bəhanəsi ola bilməz. Bakıdakı kitab festivalında şahid oldum uşaqların kitablarla eşqinə, gənclərin kitab coşğusuna. Vacib olan şey, uşaqların, gənclərin düzgün istiqamətləndirilməsidir. Festivalda etdiyim açılış çıxışında bu məqamlara mən də toxundum. Mədəniyyət Nazirliyinin dəvəti ilə belə mənalı bir təşkilatda yer almaq və Azərbaycanlı qardaşlarımın coşğularını paylaşmaq mənim üçün də böyük bir fürsət və xoşbəxtlik oldu.

Link kopyalandı!
Son xəbərlər