Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
Cəmiyyət
273
11:25, Bu gün

Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?

Bazarlarda, supermarketlərdə, çərəz dükanlarında ən çox qarşılaşdığımız mənzərə açıq vəziyyətdə satılan çərəzlərdir. Burada bir məqam var ki, çox vaxt aldığımız bu məhsulları yumadan yeyirik. Lakin ekspertlər bu halda bizi ciddi təhlükələrin gözləyə biləcəyi qənaətindədirlər.
 
İstehsal meneceri Sayat Quliyevanın sözlərinə görə, bu məhsullar açıq şəkildə satıldıqda həm keyfiyyəti azalır, həm də çirklənməyə məruz qalır: “Günümüzdə çərəzlərin bazarlarda açıq halda çəki ilə, yaxud karton qutularda, şüşə vitrinlərdə, plastik qablarda satışı həyata keçirilir. Açıq halda satılan məhsullar fiziki və mikrobioloji çirklənməyə məruz qalır. Toz, havadakı həşəratların məhsulla təması, istehlakçıların açıq əllə toxunması kimi çirklənmə səbəblərini sadalamaq olar. Hətta sanitar qaydalara uyğun hesab etdiyimiz qapalı satış məntəqələrində də məhsulların çirklənməsini müşahidə etmək mümkündür. Bundan əlavə, çərəzlər vitrinə davamlı üst-üstə yığılır, yeni və ya köhnə olduğu bilinmir”.
 
“Məhsulu kənar vasitələrlə çirkləndirirlər”
 
S.Quliyevanın fikrincə, təmiz hesab etdiyimiz vitrinlər əslində ən böyük təhlükədir: “Şüşə vitrinlərdə sadəcə bez parçalarla fiziki təmizlik aparılır, bu da mikrobioloji çirklənmənin əsas mənbəyidir. Satıcılar açıq əllə məhsula toxunmasalar da, məhsulu kənar vasitələrlə çirkləndirirlər. Daşıma qutularını birbaşa açıq çərəzlərin üzərində saxlayaraq vitrinlərə boşaldırlar. Açıq halda satılan çərəzlərə ilk toxunan biz olmuruq. Sonra bu çərəzləri yumadan qəbul edirik. Fiziki, mikrobioloji çirklənmə ilə yanaşı, günümüzdə geniş yayılan, mənşəyi məlum olmayan viruslar mövcuddur. Bunun bariz nümunəsi son illərdə yaşadığımız COVID virusudur”.
 
Dadında dəyişiklik yaranır
 
Mütəxəssis bildirdi ki, çərəzlərin nəmliyini qorumaq üçün onlara müxtəlif maddələr vurulur: “Emal sahələrində çərəzlərin qabıqlarından təmizləmə prosesində quru təmizləmədən geniş istifadə edilir. Qabıqdan təmizləmə zamanı düzgün təmizləmə prosesi həyata keçirilməzsə, çərəzlərin çirklənməsi qaçılmazdır. Hazırlanan qabıqsız çərəzlərin hava ilə təması olmayan qablarda saxlanılması üçün bəzi kimyəvi maddələrdən istifadə edilir. Bunlardan ən geniş yayılmışı kükürddür. Çərəzlərin daxilində nəmlik olur. Yüksək temperaturda nəmlik azala və ya rütubətli məkanlarda arta bilər. Nəmlik azaldıqda məhsullar quruyur. Xarici görünüşü ilə yanaşı, dadında da dəyişiklik yaranır. Belə məhsulların qablaşdırılması, saxlanmasına düzgün əməl edilməzsə kiflənmə riski yüksəkdir”.
 
 
S.Quliyeva təmiz və təhlükəsiz hesab etdiyimiz paketli məhsullardan da danışdı: “Məhsullara ilk toxunan olmaq üçün, çalışmalıyıq çərəzləri qabıqlı şəkildə alaq və evdə özümüz təmizləyək. Eyni zamanda, paket məhsullara üstünlük verək. Amma buna marketlərdəki paketlənmə aid deyil. Marketlərdə çərəzləri ya plastik qablarda qablaşdırırlar, ya da şəffaf paketlərə qoyurlar. Onlardan da uzaq durmalıyıq. Çünki bu zaman köhnə və yeni məhsulu qarışdırırlar. Aldığımız məhsulun istehsal tarixini, son istifadə müddətini itirmiş oluruq”.
 
“15-60 dəqiqə soyuq suda saxlanılmalıdır”
 
Müsahibimizin sözlərinə görə, bu məhsulları dezinfeksiya etdikdən sonra istehlak etmək daha düzgündür: “Çərəzlərin istehsal prosesi onu göstərir ki, bu məhsulları yumadan qəbul etmək doğru deyil. Burada istifadə edilən kimyəvi maddələr orqanizmimizə daxil olur və zamanla müəyyən xəstəliklərin yaranmasına gətirib çıxarır. Alınan çərəzlər mütləq şəkildə sərtliyinə görə 15- 60 dəqiqə arasında soyuq suda saxlanılmalıdır. Digər çiy qəbul etdiyimiz qidaların təmizlənməsində istifadə edilən sirkə, qida sodası və s. vasitələri çərəzlərin yuyulmasında və dezinfeksiyasında istifadə edə bilərik. Sonra soyuq suyun altında durulamaq və nəmini qurutmaq lazımdır. Lakin bu məhlullar çərəzlərin üzərində qaldıqda dadına təsir edə, ağızda xoşagəlməz dadlar yarada bilər”.
 
 
Mikrobioloji, çarpaz çirklənmə və s...
 
Qida məsələləri üzrə ekspert Ağa Salamov bu məhsulların təhlükəsinin qurudulma üsulundan asılı olduğunu bildirdi: “İki cür qurutma üsulu var. Birincisi, günəş şüaları altında, ikinci isə xüsusi aparatlarla qurudulmadır. Fərqləri odur ki, qurğu ilə qurudulmuş məhsullar yerində qablaşdırılırsa, yəni hava-damcı yolu ilə gələn virus və bakteriyalara açıq deyilsə, ətraf mühitin toz və çirkabından mühafizə olunursa, onları yumağa ehtiyac yoxdur. Amma günəş şüaları altında qurudulduqda virus və bakteriyalara, toza açıq olur. Mikrobioloji çirklənmə istehlakçının zəhərlənməsinə rəvac verə bilər. Heyvanlar toxunarsa, çarpaz çirklənmə ilə daha böyük fəsadların baş verməsi mümkündür”.
 
“Suda çox qaldıqda keyfiyyətini itirir”
 
A.Salamov düşünür ki, həmin qidalar 70 dərəcə suda yuyulmalıdır: “Amma insanlar bəzən suda çox saxlayır, bu zaman isə artıq keyfiyyətini itirir. Dezinfeksiya etmək məqsədilə temperaturu 65 dərəcədən yuxarı isti suyun altında bir dəqiqə saxlamaq olar. Bəzi patogen bakteriyalar 70 dərəcədə ölməyə başlayır. Amma çox saxlamaq doğru deyil”. ("Kaspi" qəzeti)
Link kopyalandı!
Son xəbərlər