Müəllimin şagirdə stul vurmasının pərdəarxası məqamları - Biz nədə gecikirik?..
Cəmiyyət
805
18 Dec 2024 | 18:04

Müəllimin şagirdə stul vurmasının pərdəarxası məqamları - Biz nədə gecikirik?..

Əsas sual: “Nə etməli və  necə etməli?”
 
Artıq iki gündür ki, sosial şəbəkələrdə, eləcə də müxtəlif media resurslarında  Sumqayıt şəhər 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurmasına dair görüntülər  ciddi müzakirə obyektinə çevrilib. 
 
Məsələ ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsi ləngimədən rəsmi açıqlama yaysa da, müəllimlə bağlı inzibati tənbeh qərarının veriləcəyini və hazırda araşdırma aparıldığı desə də müzakirələr qətiyyən səngimək bilmir.
 
Məsələnin ən  arzuolunmaz tərəfi isə budur: problem özünün psixoloji, metodiki tərəfləri, həll yolları ilə deyil, əsasən, haqlı-haqsız tərəflərin müəyyənləşdirilməsi müstəvisində dəyərləndirilir və müzakirə predmetinə  çevrilir. 
 
Yaxşı, bəs nə və necə etməli? Ölkə məktəblərinin birində arzuolunmaz hal yaşanıb və bu, daha ciddi olayla, insan sağlamlığının ağır dərəcədə xəsarəti ilə də nəticələnə bilərdi. Müəllim tərəfindən düşdüyü situasiyadan asılı olmayaraq edilən hərəkət təbii ki, yolverilməzdir. Digər tərəfdən də müəllimi o həddə çatdıran şagird(lər)in yol verdiyi ciddi davranış pozuntuları və bunun hansı müddətdən bəri və hansı ağırlıq dərəcəsi üzrə hərəkəti bizə məlum deyil. Amma reallıq budur: həmin müəllim də, həmin şagird də bizə məxsusdur. Neqativ olayda haqlı-haqsız tərəfləri onsuz da araşdırma nəticəsi müəyyən edəcək, bizlər isə ictimai fikrə bir yanaşmanı-durumun etik və pedaqoji müstəvidə düzəldilməsi üçün həlli ilə bağlı təkliflərimizi irəli sürməliyik. İndiki durumda bunlara daha çox ehtiyac var.
 
Pərdəarxası məqamlar
 
Hər hansı video görüntüdə olayın yalnız nəticəsinin şahidi oluruq. Həmin olayı yaradan səbəblər, pərdə arxasındakı motivlər isə diqqətdən kənarda qalır. Gəlin, reallığa fərqli rakursdan baxaq: bu gün  məktəb daxilində həqiqətən də deviant qrupa aid (çətin tərbiyə olunan, idarəedilməsi müşkül) şagirdlərin sayı ildən-ilə artmaqdadır. Onların dərs prosesinə, ümumiyyətlə məktəbdəki tədris mühitinə necə mənfi təsir etdiyini ancaq o "mətbəx"in içində olanlar bilir. Bu kimi şagirdlər ən zəif tədris göstəricilərinə malik olmaqla yanaşı, təlim-tərbiyə baxımından da problemli fərdlər hesab olunurlar. Bir çoxları əsasən, problemli ailələrdə, neqativ əhval-ruhiyyəli mühitdə formalaşdıqları üçün bu, onların davranışlarına da ciddi təsir göstərir. Məktəblərdə baş verən şagird davranış pozuntularının demək olar hamısının birbaşa iştirakçısı məhz bu qrupa aid olan şagirdlərdir. Biz hazırda 38 saylı məktəbdə baş verən hadisədə, müəllimi əsəbiləşdirən və onun hətta stulla döymək vəziyyətinə çatdıran şagird(lər)in bu qrupa aid olduğunu qətiyyən deyə bilmərik. Çünki məlum olduğu kimi məsələ ilə bağlı araşdırma aparılır və biz olayda müəllimin yaxud, şagirdlərin problemli tərəf olduğunu indidən deyə bilmərik. Sadəcə, bu kimi halları, müəllimi özündən çıxarmağa vadar edən vəziyyətləri əsasən deviant qrupun yaratdığını diqqətə çatdırmaq istədik. 
 
Belə hallarda müəllim öz əsəblərinə hakim olmayaraq etik davranış pozuntusuna ciddi şəkildə yol verir. Ehtimal da etmək olar ki, şagirdə vurulan stul birdən-birə ona doğru qaldırılan, daha pis nəticələrə səbəb ola biləcək cəza mexanizmi deyil. O stul müəllimdə aylarla yığılan və müəllifi məhz həmin şagird(lər) olan stressin etiraz səsidir. Amma hər bir halda müəllim yenə də bu varianta əl atmamalı, nə qədər haqlı durumda olsa belə daha yumşaq variantı seçməli idi. 
Məktəb müqəddəs məkan, müəllim adı müqəddəs dəyər ola bilər, heç kim və heç nə şagird sağlamlığından və taleyindən üstün  ola bilməz!
Bizə isə bu məsələdə tələsməmək, araşdırma nəticələrini gözləmək qalır. Çünki bir neçə saniyəlik video material əsasında edilən qeydlər müəllim adı və tədris mühitinə, eləcə də təhsil sistemi anlayışına ağır zərbə vura bilər. 
 
Hazırkı situasiyada isə bu məsələdə haqlı və haqsız tərəfin kim olduğuna deyil, problemin qismən də müsbətə doğru necə həll olunmasına daha çox fokuslanmaq ən doğru çıxış yolu kimi qiymətləndirilə bilər. Çünki döyən müəllim də bizdəndir, döyülən şagird də... Lap deviant qrupa aid olsun, yenə də bizimdir!
 
Ən yaxşı çıxış yolu
 
Bu olay özü-özlüyündə bizə bir həqiqəti çatdırmış oldu: Artıq vaxtdı: eksperiment və "pilot"ları bir kənara qoyub, bütün məktəblərdə "Şagird davranış qaydalarını"  bütün vacib maddələri ilə tətbiq etməyin tam zamanıdır. Heç olmasa, bundan sonra şagird davranış qaydaları bütün təhsil müəssisələrində tam surətdə tətbiq edilməlidir. Amma bunun özündə də müəyyən problemlər yarana bilər. Çünki qaydalarda birmənalı qarşılanmayan, məktəb daxilində tədris amilini təlim faktorunun kölgəsində saxlayan qərarlar çox idi. Davranış qaydaları 2 il bundan əvvəl ictimai müzakirəyə çıxarılanda məhz bu qaydalar ciddi qınağa səbəb oldular. Amma bütün bunlarla rəğmən biz “Şagird davranış qaydalarının” tətbiqinə sadəcə,  məcburuq!
 
Bu gün də tətbiqinə gecikdiyimiz (həmçinin, bununla da Sumqayıt məktəbindəki hadisə kimi neqativlərin çoxalmasına səbəb olduğumuz) “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” 2022-ci ilin sonlarından ictimai müzakirəyə buraxıldı. Bu qaydalarda əks olunan bəzi detallar ictimaiyyət tərəfindən bir o qədər də düzgün qarşılanmadı. Ən çox müzakirə olunan “Ev tapşırığına görə, dəhlizdə qaçmağa, eləcə də dərs zamanı pəncərədən aşağı boylanmağa görə” uşağın cəza alması kimi mexanizmlər idi.
 
Yaddaş üçün deyim ki, ümumiyyətlə şagird davranış qaydalarında qayda pozuntusu 6 səviyyəyə görə təsnifatlandırılıb.
 
Çox təəssüf ki, dərslərdə diqqətsiz olmaq, səs-küy salmaq, dərsi pozmaq, ev tapşırığını yerinə yetirməmək, yaxud natamam yerinə yetirmək, həmçinin çalışmaları vaxtında təhvil verməmək kimi yüngül səviyyəli pozuntular müzakirə mövzusuna çevrildi
 
Şagirdlərin davranış qaydaları hazırda  ölkə üzrə 300 məktəbdə tətbiq olunur ki, bu da heç ümumi təhsil mühitinin 1/10 əhatə etmir. Amma iş ondadır ki, həmin 300 məktəbdə bu qaydaların necə işləməsi, hansı qərarların qəbulundakı rolu barədə ictimaiyyət hələ də bilgiləndirilməyib. 
 
Çox təəssüf ki, şagird davranış qaydaları arasında tətbiqi çox absurd olan pozuntular və onların mexanizmləri yer alır. Məsələn: “Məktəbin qadağan olunmuş ərazisinə getmək, ekskursiya zamanı nəqliyyatda səs-küy salmaq və ya nizam-intizamı pozmaq, dərsdən sonra məktəbdə saxlanılma prosesində iştirak etməmək” və s. Bunlar orta səviyyəli qayda pozuntularına aid edilir.
 
Ağır qayda pozuntularını və ona tətbiqinə şərait yaradan səbəblərin olmasını istəmərəm. Məktəblərdə III-V səviyyəli ciddi və ağır qayda pozuntularının olmaması üçün şagird davranış qaydaları tətbiq edilməlidir.
 
Bu kateqoriyadan olan pozuntular hüquqi prosedur tələb edən və ən yaxşı halda şagirdin məktəbdən uzaqlaşdırılmasına səbəb olan normalardır.
Ən ağır davranış pozuntuları V səviyyəyə aiddir. Orada “Təhlükəsizlik qaydalarını ölümə səbəb olacaq şəkildə pozmaq, başqalarının əşyalarını və ya məktəb əmlakına qəstən zərər vurmaq, şagird yoldaşına qarşı fiziki zorakılıq halları, akademik nəticələri saxtalaşdırmaq və bu məqsədlə məktəb kollektivinə pul, hədiyyə və s. şeylər təqdim etmək, qeyri-etik məlumatları kağız və elektron halda əldə etmək və yaymaq” daxildir.
 
Bu gün ciddi və ağır səviyyəli davranış qaydaları bizim məktəblərdə müəyyən hallarda pozulur. Düşünürəm ki, şagird davranış qaydaları yüngül və ağır cəza mexanizmləri ilə həyata keçirilsə və bütün məktəblərdə tətbiq olunsa IV və V səviyyəli pozuntuların sayı xeyli azalacaq. Çünki bu qaydalar şagirdlərə ismarıc verir ki, “Baxın, bu qayda pozuntularına görə ağır cəzalar da ala bilərsiniz, təhsil həyatınız iflic də ola bilər.  
 
Odur ki, üzərində müəyyən redaktələr aparmaqla şagird davranış qaydalarının məktəblərdə tətbiqinə gec olmadan başlamaq və orada müəllimlərlə də bağlı xüsusi əlavələr etmək lazımdır.
 
P.S.Çünki.... Biz hələ də “stul” olayının əsl səbəbini bilmirik.
 
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər