Bizi sosial şəbəkələrdən izləyin:
“Nabat Aşurbəyova anamın nənəsidir. Təzəpir məscidini o tikdirib. Nabat xanımın bir oğlu, bir qızı olub. Mən onun oğlu Hacı Abasqulunun nəticəsiyəm. Nabat nənəm 100 yaşı keçəndən sonra dünyasını dəyişib. Bizim nəslimiz uzunömürlülər nəslidir. Çox təəssüf ki, ondan bizə heç nə qalmayıb. Nəsə qalsaydı qarmonda niyə ifa edirdim? Nabat xanımın neft mədənləri də çox olub. Nəsil böyük olub. Ordan gəlib-gedən nənəmin qəbrinə rəhmət oxuyur”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib. O daha sonra əlavə edib:
“Toyların sayı azalıb. Qabaqkı vaxt deyil. Hamısı nədəndir? İmkansızlıqdan! Olan toylarda da ləzzət qalmayıb. Hər şey adiləşib. İncəsənəti yerdən-yerə vurdular. Hər yoldan keçən müğənni olub. Hamı bir tikə çörəyini qazanmalıdır, biz heç kimin qarşısını kəsmirik. Amma o çörəyi də halallıqla yemək lazımdır da. O vaxt toylara təqvimlə gedirdik. İnsanlar saf, düz idi. Bu gün nə ölünün hörməti qalıb, nə də dirinin” deyə o bildirib.
Gövhər Rzayeva ərzaqların və kommunal xərclərin qiymətindən də narazıdır.
“Pulun bərəkəti qalmayıb. Ancaq “xaladenik”-ə işləyirik. 100 manat götürüb gedib bazardan heç nə ala bilmirsən. Qiymətlər “əl yandırır”. Kommunal borclar ümumiyyətlə çoxdur. Nə qədər istəyirsən ki, borcun qalmasın yenə də limiti keçirsən. Pensiya və bir də fəxri adıma görə cüzi məvacib alıram. Əlini vəlinin başına qoyub dolanırıq. Allah heç kimi çətinliklə, pulsuzluqla sınağa çəkməsin” deyə o bildirib.