“Yaşamadığım xoşbəxt, gözəl günləri qızım yaşasın”- Sonaxanım kövrəldi-ÖZƏL+FOTO
Cəmiyyət
1822
05 Dec 2024 | 23:31

“Yaşamadığım xoşbəxt, gözəl günləri qızım yaşasın”- Sonaxanım kövrəldi-ÖZƏL+FOTO

“Məni bir aktrisa kimi kəşf edən rejissorum, əziz dostum Rövşən İsax olub. Bunu mən hər verilişdə deyirəm. Hər zaman da deyəcəm. Rövşən İsaxla işləmək mənim üçün çox xoşdur. Rövşən İsaxdan da öncə mən seriallara çəkilmişəm, amma ən böyük uğuru, imzanı onun seriallarından sonra qazanmışam. Öncə “Pərvanələrin rəqsi”, daha sonra isə “Vicdan haqqı” seriallarında çəkilmişəm. Rövşənlə işləmək mənə rahatdır. O aktrisa, aktyor olmayan bir adi insanı da oynada bilir. Çünki məqsədyönlü hər şeyi başa salır. Lori dildə desək o ağzında hər şeyi çeyniyir aktyora uzadır ki, mən bunu səndən istəyirəm, tələb edirəm. Təbii ki, onu parodiya etmədən, özün necə bacarırsansa o hissləri tamaşaçıya ötürməlisən”
 
Bunu Moderator.az -a açıqlamasında aktrisa Sonaxanım Əliyeva deyib. O daha sonra əlavə edib:
 
“Hazırda onun rejissorluğu ilə çəkilən “İmtina” serialında rol almışam. Hər həftənin cümə günləri Atv kanalında efirə gedəcək. Varlı bir ailənin sakiniyəm. Ümid edirəm ki, Elza rolum da tamaşaçılar tərəfindən bəyəniləcək. Gərgin iş gedir, tezliklə serialımız işıq üzü görəcək. Rövşən İsax adı artıq bir brenddir. Mən hələ 1995-ci ildə İncəsənət universitetinin birinci kursunda oxuyarkən Rövşən “SOY”-da işləyirdi və məni “Kiçik leytenant” adlı filmə dəvət etmişdi. Orada Məlik Dadaşov da çəkilmişdi. Gələn il tanışlığımızın 30 ili tamam olacaq. Serial da, film də mahnı kimidir. Heç kim öncədən deyə bilməz ki, bu mahnı, bu film, bu serial uğurlu olacaq. Uğur sonradan qazanılır. Bu Allahın işidir. Biz sadəcə əlimizdən gələni edirik.Mən şükürlü insanam. Hər yeni bir işimdə Allahdan istəyim yalnız odur ki, o iş tutarlı, baxımlı olsun” deyə aktrisa bildirib.
 
Sonaxanım Əliyeva “Deyirlər ki, xalq artisti Şəfiqə Məmmədova qabiliyyət imtahanında gənc aktrisaları qısqanclıqdan kəsib. Bu doğrudurmu?” sualına aktrisa belə cavab verib:
 
“Bunu mən yalan deyərəm. Çünki zamanında mən də dram və kino aktyorluğu fakültəsini bitirmişəm. Mənim qəbul imtahanımda Şəfiqə xanım olmayıb. Əslində tələblər olmalıdır. Mən deməzdim ki, Şəfiqə xanım kimisə qısqanıb. O artıq öz sözünü demiş, möhürünü vurmuş sənətkarımızdır. Əksinə mən düşünürəm ki, Şəfiqə xanım da istəyərdi ki, istedad tükənməsin, yeni-yeni istedadlar meydana gəlsin. Mən hər zaman Şəfiqə xanımı çox istəmişəm. İncəsənət Universitetində oxuyanda dekanımız Məmmədşah müəllim deyirdi ki, sən incəsənətə qəbul olub, darvazadan içəri daxil olduğun gün mən baxdım ki, Şəfiqə xanım kimi hündürboy, əzəmətli bir xanım, davamçısı gəlib. Təbii ki, bu sözlər mənim üçün böyük bir şərəf idi. Məni Şəfiqə xanımla müqayisə edirdilər. Bu əlbəttə ki, mənə çox xoşdur. Şəfiqə xanım qısqanmaz, o sadəcə istəyər ki, teatrda, kinoda, serialda gözəl, istedadlı aktrisalarımız olsun” deyə sənətçi bildirib.
 
Sonaxanım Əliyeva arzularından da danışıb:
 
“Sonaxanım bir anadır. Ona görə də onun ən böyük arzusu balasını xoşbəxt görməkdir. Görmədiyim, yaşamadığım xoşbəxt, sevincli günləri balam yaşasın (kövrəlir). Bu mənim həyatda ən böyük arzumdur. Aktrisa kimi isə arzum budur ki, tarixi filmdə gözəl rol alım. Kraliça rolunu da çox istərdim” deyə aktrisa bildirib.
Link kopyalandı!
Son xəbərlər