1821
30 Nov 2024 | 15:14

"Eyni halı mən də yaşamışam" - Cahid Şahbazovdan şikayət edən xanıma Anar Ağakişiyevdən DƏSTƏK

Həkim-oftalmoloq Cahid Şahbazovla bağlı yeni iddia ortaya çıxıb. Gənc bir xanım iddia edir ki, C.Şahbazov onun sol gözünü iflic edib. Sözügedən şəxs bu barədə sosial şəbəkə hesabında yayımladığı videoda danışıb. O bildirib ki, gözündə ağrı olduğu üçün Cahid Şahbazova müraciət edib, ancaq oftalmoloq uğursuz əməliyyat həyata keçirib və iddiaçı xanımın müraciətinə laqeyd cavab verib.
 
Oxu.Az məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün oftalmoloq Cahid Şahbazov ilə əlaqə saxlamağa çalışıb.
 
Köməkçisi kimi təqdim olunan Nigar xanım həkimin məsələ ilə bağlı "Instagram" sosial şəbəkəsindəki səhifəsində açıqlama verdiyini bildirib. O qeyd edib ki, Cahid Şahbazov hazırda ölkə xaricindədir və təxminən 1 həftəyə geridönüş edəcək.
 
Səsli və ya yazılı açıqlama təklifinə isə "həkim razılaşsa, geri dönüş edərəm" cavabını aldıq.
 
Qeyd edək ki, Cahid Şahbazov sosial şəbəkədə yayımladığı videocavabda iddianı təkzib edib və sözügedən şəxsin onu təhdid etdiyini vurğulayıb:
 
"Bu tələbi biz qarşılamayacağıq. Yardım istəsə, Türkiyədəki müəllimimlə konsultasiya və 3-cü əməliyyat təklif edə bilərik. Həm də 3-cü əməliyyatı özümüz də edə bilərik. Bu xanım mənə sosial mediada təhdid edəcəyini dəfələrlə bildirib, bu, yazışmalarda da qeyd olunub. Belə olduğu halda hüquq-mühafizə orqanlarına müraciət edəcəyik".

Qeyd edək ki, tanınmış stilist Anar Ağakişiyev də sosial şəbəkə hesabında eyni halla qarşılaşdığını bildirib:
 
"Eyni halı mən də o həkimlə yaşamışam. Allah köməyiniz olsun. Onun qüsurunu düzəltmək üçün xaricdə üç dəfə əməliyyat oldum. Sizi çox gözəl anlayıram. Ümumiyyətlə, Səhiyyə Nazirliyi hara baxır?!"
Link kopyalandı!
Son xəbərlər