Komitə sədri Fazil Mustafa Milli Məclisin icasında çıxış edərək öncə Zəfər günü ilə bağlı fikirlərini bölüşüb.
O, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə 2020-ci ildə Şuşanın azad edilməsi arasında paralellik aparıb.
Bildirib ki, Şuşanın azad edilməsi bütövlüyümüzü təmin edib. Millət vəkili bu bütövlüyün daha geniş spektrlərdə, bütün Türk dünyasında əksini tapmasını zəruri sayıb. Ortaq ordunun, ortaq türk dilinin yaradılması istiqamətində təşəbbüsləri alqışlayıb.
Daha sonra F.Mustafa mühüm bir problemdən bəhs edib. Bildirib ki, Azərbaycanda mövcud olan problemlərdən biri təhsil problemidir.
Onun sözlərinə görə, müəllimlərin iş yerlərinin yaşadıqları ünvanlardan çox-çox uzaqda olması təhsil prosesinə öz mənfi təsirini göstərir:
“Orta məktəblərdə təxminən 150 min müəllim çalışır. Ancaq onların yerləşdirilməsi məsələsi qüsurludur. Yasamal rayonunda yaşayan müəllim 3 marşrut dəyişərək Kürdaxanıya dərs deməyə gedir. Yaxud mərkəzdə yaşayan müəllim Qaradağda dərs deməyə gedir. Düşünürəm ki, bunu qruplaşdırmaq olar və bunu etmək nə böyük bir problemdir ki?”.
Deputat deyib ki, müəllimin də qayğıları, sosial problemləri var və vaxta qənaət onun üçün vacibdir:
“Gün ərzində 4-5 saatı yola sərf edən müəllim də çalışacaq ki, dərsi tez başa vurub evinə getsin. Heç şübhəsiz ki, bu da təhsil, tədris prosesinə öz mənfi təsirini göstərir”.
Deputat qeyd edib ki, tıxacların yaranmasının bir səbəbi də elə budur: “150 min müəllimin yerləşməsini elə sistemləşdirməliyik ki, onlar vaxtında məktəbə çata bilsinlər. Bu məktəbdə dərsin keyfiyyətinə də təsir edir. Müəllimin də ailəsi var, sosial həyatı var. Bu məsələni həll edə bilməsək, təhsildə problemlər qalacaq. Azərbaycanda Çindəki qədər milyonlarla müəllim yoxdur ki, onların problemləri həll olunmasın. Ona görə də bu məsələnin diqqətə qalmasını istəyirəm”. /Musavat.com/