Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verildiyi kimi COP29 tədbirinin, o cümlədən Bakı şəhərinin fasiləsiz və dayanıqlı elektrik təchizatının təmin edilməsi üçün kompleks qabaqlayıcı tədbirlər həyata keçirilir.
Moderator.az xəbər verir ki, bu tədbirlərin tərkib hissəsi olaraq hava durumu və digər fövqəladə şərait üzündən enerjisistemdə baş verə biləcək qəza hallarında operativ personalın hərəkəti, qəzanın aradan qaldırılması, işlərin qüsursuz təşkilinin simulyasiyası üçün əməliyyat heyətlərinin iştirakı ilə regional əks-qəza məşqləri keçirilib.
Əməliyyat heyyətinin bilik və vərdişlərinin artırılması, həmçinin “Azərenerji” və “Azərişıq” ASC-lərin mərkəzi dispetçer idarəetməsi arasında koordinasiyanın gücləndirilməsi üçün keçirilən regional əks-qəza məşqində, əsasən şərti olaraq Bakı şəhərinin ötürücü şəbəkə infrastrukturunu enerjisistemlə əlaqələndirən 220 kV-luq elektrik verilişi xəttləri açılarsa, alternativ sxem yığılaraq ən qısa zamanda şəhərin elektrik enerjisi ilə təchizatının bərpa edilməsi simulyasiya edilib.
Əks-qəza məşqinə “Azərenerji” və “Azərişıq” ASC-lərin mərkəzi dispetçer xidmətlərinin, eyni zamanda ötürücü və paylayıcı müəssisələrin əməliyyat heyyəti cəlb edilib.
Mərkəz olaraq “Azərenerji”nin 220 kilovoltluq “Nizami” yarımstansiyası seçilən əks-qəza məşqi 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək COP 29 tədbirlərinə elektroenergetika infrastrukturunun hazırlıq səviyyəsini yüksəltmək, əməliyyat personalının praktik vərdişlərini artırmaq məqsədi daşıyır.