Bakıda kirayə mənzillər UCUZLAŞIB? - Ekspert açıqladı
Cəmiyyət
1736
02 Nov 2024 | 14:06

Bakıda kirayə mənzillər UCUZLAŞIB? - Ekspert açıqladı

Məlum olduğu kimi, Bakı şəhərində kirayə mənzil bazarında son aylarda qiymət artımı müşahidə olunur.
 
Ekspertlər bildirir ki, qiymətlərin yüksəlməsinə ölkəyə axın edən beynəlxalq diqqət, iqtisadi inkişaf və milli valyutanın alıcılıq qabiliyyəti təsir edir. Həmçinin qeyd olunur ki, hazırda Bakının mərkəzində qiymətlər daha yüksək olsa da, şəhərin kənar bölgələrində müəyyən dərəcədə stabillik var.
 
Belə ki, bir otaqlı mənzillərin qiyməti təxminən 600-700 manat, iki və üç otaqlı mənzillər isə 800-900 manat civarında dəyişir. Ümumilikdə, yaxın gələcəkdə kirayə mənzil bazarında qiymətlərin düşməsi ehtimal olunmur, əksər ekspertlər qiymətlərin artacağını proqnozlaşdırır.
 
Bəs hazırda kirayə mənzil bazarında vəziyyət necədir? Qiymətlərin ucuzlaşması ilə bağlı yayılan məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?
 
eyyub.jpg (290 KB)
 
Mövzu ilə bağlı İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli Musavat.com-a danışıb:
 
"Ölkənin böyük şəhərlərində, xüsusən paytaxt Bakıda kirayə mənzil bazarında uzun illərdir qiymət artımı baş verir. Qiymət artımının səbəblərindən biri paytaxt ərazisində 2016-cı ildən başlayaraq gedən söküntü işləridir. Belə ki, istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan köhnə yaşayış binaları və fərdi yaşayış evləri, yaşayış massivləri sökülərək yeni tikili binalar ilə əvəzlənir. Yaxud həmin torpaqlar, ərazilər dövlət ehtiyacı üstünə alınaraq parklar salınır. Sökülən hər köhnə yaşayış binası və fərdi evlər artıq o ərazilərdəki kirayə bazarından çıxmış olur, hansı ki, bu mənzillər paytaxt ərazisində olan ən ucuz kirayəlik mənzillərdir.
 
Sökülən kirayəlik mənzillərin və köhnə tikili binaların yerində inşa olunan yeni tikili binalardakı təqdim olunan kirayəlik mənzillərin aylıq kirayə qiyməti isə köhnə binalardan demək olar ki, 2 dəfəyə qədər daha baha qiymətə təklif olunur.
 
Bundan əlavə, evləri sökülən vətəndaşlar onlara yeni tikili binalarda mənzillər verilən günə qədər 2-3 il müddətinə kirayə çıxmalı olurlar. Bununla da artıq paytaxt ərazisindəki kirayə mənzillərin bir hissəsi uzunmüddətli olaraq paytaxt sakinləri tərəfindən kirayələnmiş olur".
 
Ekspert qeyd edib ki, kirayə mənzillərin aylıq qiymətlərinin tənzimlənməsi onların satış qiymətləri ilə ölçülür:
 
"Yəni bir əmlakın satış qiyməti 100 000 manatdırsa, onun aylıq kirayə qiyməti təxminən 500 manat hesablanır.
 
4-5 il bundan əvvəl Bakı şəhərində mərkəzə yaxın ərazilərdə bir ortaqlı "Xruşovka" layihəli mənzilin satış qiyməti təxminən 60-70 000 manat idisə, həmin dövrdə bu tip mənzillərin aylıq kirayə qiymətləri 300-350 manat arasında dəyişirdi. "Xruşovka" layihəli, xüsusən də daha çox mərkəzə, metrostansiyalara yaxın olan bu tip mənzillərin hazırkı satış qiymətləri 90 000 - 110 000 manat arasında dəyişir ki, bu da kirayə qiymətlərin artmasına gətirib çıxarır".
 
Ekspert kirayə mənzillərə tələbatın daha çox avqust-sentyabr aylarında olduğunu vurğulayıb və qeyd edib ki, bu, bölgələrdən tələbələrin kütləvi şəkildə paytaxta axın etməsi ilə əlaqədardır:
 
"Həmin dövrdə süni formada kirayə mənzillərin qiymətinin artması da müşahidə olunur. Lakin süni formada qiyməti artırılmış mənzillər baha olduğu üçün vətəndaşlar tərəfindən kirayə götürülmür və müəyyən bir zamandan sonra həmin mənzillərin sahibləri məcburən onların qiymətlərini endirərək, real bazar qiymətinə uyğunlaşdırırlar".
 
Eyyub Kərimli bildirib ki, hazırda kirayə mənzil bazarında qiymətlər demək olar ki, əhalinin büdcəsinə uyğun deyil:
 
"Bu gün ölkədə minimal əmək haqqı 345 manat hesablanırsa, paytaxt Bakının mərkəz və mərkəzə yaxın ərazilərində ən ucuz bir otaqlı kirayə mənzillərin aylıq kirayə qiyməti minimum 350 manatdan başlayır. Yəni kirayə mənzillərin minimal qiyməti əhalinin minimum əmək haqqından daha baha qiymətədir.
 
Məlum olduğu kimi, yaxın gələcəkdə söküntülər sürətlənəcək. Paytaxt Bakının Baş Planı təsdiq olunub və 2040-cı ilə qədər Bakı Baş Planda əks olunan formada olacaq. Bu səbəbdən 2040-cı ilə qədər paytaxtda ciddi şəkildə növbəti söküntülər davam edəcək ki, bu da yenidən qiymət artımlarına gətirib çıxaracaq".
 
Link kopyalandı!
Son xəbərlər