Haqlının yanında olub, haqsız “etiraza” öz etirazını bildirən 12 yaşlı “Moderator”az”...
Cəmiyyət
1780
01 Nov 2024 | 17:42

Haqlının yanında olub, haqsız “etiraza” öz etirazını bildirən 12 yaşlı “Moderator”az”...

Mənim mülki ixtisasım jurnalistikadır. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirsəm də heç vaxt jurnalist işləmədim. Xüsusi xidmət orqanında hərbi xidmət keçdim. 
 
Amma, deyə bilərəm ki, Moderator.az məni neçə illərdən sonra öz mülki peşəmə qaytardı. Rəhmətlik Zülfüqar bəy 2014-cü ildə mənə əməkdaşlıq etməyi təklif edəndə elə bilirdim ki, yəqin keçici bir əməkdaşlıq olacaq, bir neçə məqalədən sonra bitəcək. Yanılmışdım, yazmaqdan ayrıla bilmədim, çünki dərdimdən, dərdimizdən Qarabağdan yazırdım, başqa mövzulara toxunmadım və saytda yaranan bu imkandan maksimum istifadə etməyi qərara aldım. Ən əsası, bu şəraiti mənə “Moderator.az” saytı yaratdı. İkinci Qarabağ müharibəsi başlayana qədər stilim kifayət dərəcədə sərt, tənqidi və qınağa doldurmaq xarakterində idi. Bu xətt mənə, xüsusilə də baş redaktor Zülfüqar Hüseynzadəyə asan başa gəlmirdi. Çox narazılıqlar, etirazlar, hətta xəbərdarlıqlar eşidəsi olurduq, amma mərhum Zülfüqar Hüseynzadə haqsız “etirazlara” etiraz etməyi bacarırdı, haqlı olduğumuzu açıq söyləyirdi. 
44 günlük müharibə başlayanadək Azərbaycanda Qarabağ mövzusunu, problemini “Moderator.az” saytı kimi gündəmdə saxlayan ikinci bir media orqanınən olmadığını cəsarətlə deyə bilərəm. Təkcə bu mövzuda 250-dən çox məqalə yazdım, Sultan Laçın, konfliktoloq Elxan Mehdiyev az qala hər gün milləti, dövləti qınağa dolduracaq yazılarla çıxış etdik. Qələbəmizdən sonra da, Xankəndidən son erməni və Rusiya hərbiçiləri çıxanadək Azərbaycanın maraqlarına uyğun, dəstəkverici materiallarla çıxış etdi, eyni zamanda problem tərəfləri də göstərməklə “Moderator.az” saytı mövzunu daim gündəmdə saxladı. 
 
Bu gün də Azərbaycan -Ermənistan münasibətlərindəki problemlər saytın diqqətindədir. Rusiya-Ukrayna müharibəsində haqlının -Ukraynanın yanındadır və orada baş verən hadisələri, siyasi, hərbi prosesləri Ukraynadakı məlumatlı mənbələrinin köməyi ilə “Moderator.az” saytı daim gündəmdə saxlayır.
 
12 yaşlı bir sayt yaşından, bəzən imkanlarından da artıq çox vacib işlər görüb və görməkdə davam edir. 12 yaşı münasibətilə  “Moderator.az” saytının kollektivini təbrik edir, uğurlar arzulayır, daha böyük media qurumuna çevrilməyi diləyirəm. Hər zaman haqlı olmaq arzusu ilə...
 
 İlham İsmayıl
Link kopyalandı!
Son xəbərlər