Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
Cəmiyyət
1493
01 Nov 2024 | 14:27

Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı

Sabah Azərbaycan mətbuatının və televiziya məkanımızın, jurnalistika və dilçilik elmimizin parlaq simalarından olan professor Qulu Məhərrəmlinin 70 yaşı tamam olur.
 
Az qala 40 ildir tanıdığımız Qulu müəllimin 70 yaşa çatması adama bir az qəribə gəlir. Bu xüsusda yaranan ilk sual belədir: “Doğrudanmı 70 yaşı tamam olur?”

YASİ.jpeg (101 KB)

Bu sual oradan doğur ki, Qulu Məhərrəmli öz pozitivliyi, enerjisi, optimistliyi ilə fərqlənir, necə deyərlər, “günü keçmiş qoca” obrazından uzaqdır, ictimai-siyasi həyatda, mediada fəaldır.
 
Ancaq onun ömür yoluna nəzər saldıqda görürsən ki, peşəkar media mütəxəssisinin parlaq dünəni var. Siyasi şərhçi və publisist Qulu Məhərrəmli təkcə TV tariximizdə parlaq iz qoymuş “7 gün”, “Təfsilat”, “Gerçəklik”, “Səhər” (AzTV), “Dost məclisi”, “Gündəm” (Xəzər TV), “Mətbuat aynasında” (GünAz TV) kimi populyar televerilişlərin müəllifi və aparıcısı kimi tanınmaqla yanaşı, həm də media və jurnalistika elmi, həmçinin dilçilik və lüğətçilik sahəsində nüfuzlu alimdir.

GUN SON.jpeg (26 KB)

O, 1954-cü ildə Zəngilanda doğulub, orta təhsilini Şuşada alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, təyinatla Azərbaycan televiziyasına göndərilib və “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Qısa müddətdə redaktor və böyük redaktor vəzifələrinə irəli çəkilib. 1982-ci ildən AzTV-də yeni yaradılmış “Beynəlxalq icmal” qrupuna rəhbərlik edib.
 
1991-ci ildən xəbər aparıcısı kimi müntəzəm efirə çıxmağa başlayıb, “1000 saniyə” və “24 saat” xəbər verilişlərini, həmçinin əsas xəbər proqramını aparıb.
 
1993-1995-ci illər arasında geniş tamaşaçı kütləsi toplayan “7 gün” populyar analitik-informasiya verilişinin müəllifi və aparıcısı olub. Hadisələrə obyektiv və plüralist yanaşması ilə fərqlənən bu proqram Qulu Məhərrəmlini peşəkar aparıcı kimi auditoriyaya daha geniş tanıdıb. Hadisə, problem və faktlara fərdi yanaşması onun AzTV ekranında ilk davamlı müəllif proqramı olan, ən müxtəlif aktual mövzuları araşdıran “Təfsilat”ın, sonralar isə “Gerçəklik” verilişinin populyarlığını təmin edib, müxtəlif mövzularda apardığı tok-şoular da həmişə maraqla qarşılanıb.

TEVE.jpeg (93 KB)

1995-ci ilin avqustunda ekranlara çıxan “Səhər” musiqi-informasiya proqramı, təkcə Qulu Məhərrəmlinin yaradıcılıq bioqrafiyasında deyil, bütövlükdə Azərbaycan televiziyası tarixində yeni estetik prinsiplərin ekran təcəssümü baxımından yeni səhifə açıb. Peşəkar jurnalist, bu gün də teleməkanın baxımlı verilişlərindən olan bu proqrama 12 il rəhbərlik edib.
 
1995-ci ilin martında Azərbaycan televiziyasının ilk siyasi icmalçısı təyin olunan Q. Məhərrəmli, həmin il qısa müddətdə “Xəbərlər” baş redaksiyasına da rəhbərlik edib. Beynəlxalq əhəmiyyətli tədbirlərdən, rəsmi toplantılardan canlı yayımlanan reportajlar aparıb, ölkə başçılarının xarici səfərlərindən çoxsaylı hesabatlar, müsahibə və reportajlar hazırlayıb. Bu illərdə onun Qarabağ mövzusundakı şərhləri, beynəlxalq həyata dair siyasi təhlilləri, görkəmli siyasətçilərlə apardığı müsahibələr də maraqla baxılıb.
 
2005-ci ildə AzTV şirkətdən qapalı səhmdar cəmiyyətə (QSC) çevrildikdən sonra da “Səhər” proqramına rəhbərliyini davam etdirən Q. Məhərrəmli 2007-ci ildə “Müəllif proqramları və xüsusi layihələr” departamentinin direktoru təyin olunub. Həmin ilin oktyabrında AzTV-ni tərk edərək, yeni yaradılmış “Xəzər” televiziyasında fəaliyyətə başlayıb, bu telekanalın ilk dövrdəki yaradıcılıq üslubunun və estetik prinsiplərinin formalaşmasına öz töhfəsini verib. 2007-2012-ci illər arasında Xəzər TV-də apardığı “Dost məclisi” və “Gündəm” proqramları qısa müddətdə tamaşaçılar arasında populyarlaşıb. 2017-2019-cu illər arasında GünAz TV-də apardığı “Mətbuat aynasında” (rejissor Nadir Diridağlı) verilişi də eyni uğurlu taleni yaşayıb.
 
Azərbaycan telejurnalistikasının inkişafında müstəsna xidmətləri olan Qulu Məhərrəmli müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Bu filmlərin bəziləri beynəlxalq festival və müsabiqələrdə nümayiş etdirilib. O, bir neçə populyar xarici serialın Azərbaycan dilinə dublyajının bədii rəhbəri olub.

QULU SON.jpeg (106 KB)

1982-ci ildən elmi, 1991-ci ildən isə pedaqoji fəaliyyətlə məşğul olan Qulu Məhərrəmli 1989-cu ildə “Radiodramaturgiya dili” mövzusunda namizədlik, 2004-cü ildə isə “Televiziya dili”nin problemlərinə dair doktorluq dissertasiyası müdafiə edib. Müstəqil Azərbaycanın jurnalistika üzrə ilk elmlər doktorudur. 2006-cı ildən Bakı Dövlət Universitetinin professorudur. Elmi araşdırmalarında jurnalistikanın ümumi nəzəriyyəsi, media konsepti, teleradionun tarixi, ekran-efirin aktual elmi-nəzəri problemləri, o cümlədən mürəkkəb dil sisteminin öyrənilməsi əsas yer tutur. Professor 40-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik, dərs vəsaiti, həmçinin izahlı və etimoloji lüğətlərin müəllifidir. Onun “Jurnalistikanın əsasları”, “Televiziya jurnalistikası”, “Radio dərsləri”, “Kütləvi kommunikasiya və dil”, “Radio jurnalistikası: təməl biliklər”, “Danışır Təbriz”, “Mediada debatlar” kimi tədris vəsaitləri, “Zamanın rəngləri”, “Gələcəyə ön söz”, “Məmməd Əmin Rəsulzadə” kimi dəyərli elmi-publisistik əsərləri xüsusi qiymətləndirilir. Əsərləri ingilis, rus, çex, fars və koreya dillərində çap edilib.
 
Professorun elmi yaradıcılığında lüğətçilik xüsusi istiqamət təşkil edir. Onun çoxillik zəhmətinin bəhrəsi olan “Kino, televiziya, radio terminləri”, “Mediada işlənən alınma sözlər”, “Məktəblilər üçün alınma sözlər lüğəti”, “Jurnalistika terminləri”, “Azərbaycan dilinin frazeologiya lüğəti” (R. İsmayılovla birlikdə), “Məsəllər, deyimlər”, “Yeni alınma sözlərin izahlı lüğəti” və s. kimi sözlükləri müasir Azərbaycan leksikoqrafiyasında xüsusi yer tutur.
 
2014-2016-cı illərdə akademik Tofiq Hacıyevin dəvəti ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinə rəhbərlik etmiş professor Qulu Məhərrəmli Azərbaycan dilinin inkişafı ilə bağlı Dövlət Proqramının yerinə yetirilməsinə ciddi töhfələr verib. Dövlət dilinin düzgün tətbiqi və ədəbi normalara riayət olunması üçün çoxsaylı tədbirlərin reallaşmasına, o cümlədən institutda “qaynar xətt”in işə düşməsinə nail olub. O, “Altun kitab” nəşriyyatında indi populyar olan AZLEKS elektron lüğətlər toplusunun yaradılmasında iştirak edib. Hazırda həmin toplunun baş redaktorudur. Xarici ölkələrdə keçirilən elmi məclislərdə Azərbaycan jurnalistikasını və jurnalistika elmimizi dəfələrlə təmsil edib. Jurnalistika sahəsində ən yüksək mükafatları alıb, 2006-cı ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
 
Hazırda elmi-pedaqoji fəaliyyətini davam etdirən professor Qulu Məhərrəmli teletənqidçi kimi təhlillər aparır, publisist çıxışlar edir, praktik jurnalistika, o cümlədən teleyaradıcılıq sahəsində də öz layihələrini gerçəkləşdirir. Presklub.TV YouTube kanalına rəhbərlik edir. BDU-nun kafedra müdiri və Mətbuat Şurasının İdarə Heyətinin üzvü, qurumun Etika Komissiyasının sədridir.

QULU YENİ.jpeg (147 KB)

Qulu Məhərrəmlini media sferasında sevimli edən ən mühüm keyfiyyətlərindən biri onun həmişə sözünün ağası olması, daxili tolerantlığı, mötədilliyi, necə deyərlər, uşaqla uşaq, böyüklə böyük olmasıdır. O, kiminsə haqqında tənqidi fikirlər səsləndirəndə də sözlərini elə seçir, elə təhkiyə ilə söyləyir ki, opponenti əsla incimir, onun tənqidi fikirlərini qılıncla qarşılamır. Bəlkə də o, vaxtında diplomatik sahəyə yönəlsəydi, bacarıqlı diplomat olardı.
 
“Yeni Müsavat” Media Qrupunun kollektivi Azərbaycan mətbuatının və televiziyasının, jurnalistika elminin və sahə təhsilinin inkişafına, Azərbaycan dilçiliyinə parlaq töhfələr vermiş professor Qulu Məhərrəmlini 70 illik yubileyi münasibətilə təbrik edir. Mediamızın ağsaqqalı mərtəbəsinə yüksələnlərdən olan dəyərli həmkarımıza uzun ömür, gümrahlıq arzu edir və onun hələ daha uzun illər mətbuatımızın aparıcı simalarından biri olmasını təmənni edirik. /Musavat.com/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər