Bizi sosial şəbəkələrdən izləyin:
“Bir çox xarici filmlər var ki, onların bəzi səhnələri məhz Azərbaycanda çəkilib. “Brilliant əl”, “Amfibiya adam” filmlərinə baxan turistlər Azərbaycana gəlmək istəyirlər. Bu ölkənin tanıdılmasına xidmət edir. Məsələn, Kapadokya turizmdə Antalyadan az inkişaf edib. Amma Rus bazarı üçün çəkilən bir film qısa zaman ərzində Kapadokyanı məşhurlaşdırdı”
Bunu Moderator.az-a açıqlamasında turizm eksperti Ruslan Quliyev deyib.
O bildirib ki, kino turizminin yaranması ölkələr arasında qarşılıqlı mədəni əlaqələrdən asılıdır.
“Koreyadan, Pakistandan, Hindistandan olan kinematoqrafçıların da Azərbaycanda çəkiliş etməsi həm ölkənin tanıdılmasına xidmət edir, həm də gələcəkdə ölkəmizdə turların daha çox təşkil olunmasına köməklik edir. Ölkənin tanıdılması baxımından kino sənayesi müstəsna rola malikdir. Bu çox effektiv mexanizmdir. Biz də bu mexanizmdən bəhrələnirik. Demək olar ki, Bakıda tez-tez xarici verilişlər üçün çəkilişlər və film çəkilişləri lentə alınır. Düşünürəm ki, gələcəkdə də bu işləri davam etdirmək lazımdır. Çünki bu böyük bir təbliğatdır, Azərbaycana yeni turist axınına şərait yarada bilər. Bu istiqamətdə beynəlxalq təcrübəni öyrənmək lazımdır” deyə turizm eksperti bildirib.