Bizi sosial şəbəkələrdən izləyin:
"Qanlı göl"ün ətrafında bulvar salınması işlərinə başlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə Trend-ə Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, layihəyə əsasən, gölün ətrafı bulvar olacaq.
"Hazırda gölün təmizlənməsi üçün işlər görülür, yol salınır, ağaclar əkilir və düzləmə işləri gedir. Bulvarın nə vaxta hazır olacağı hələ məlum deyil. Layihə orada bina tikən tikinti şirkətinin üstünə öhdəlik olaraq qoyulub", - Yasamal RİH-dən bildirilib.
Əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmov bildirib ki, ümumiyyətlə, parkların və bulvarların salınması, şəhərin estetik görünüşünü artırmaqla yanaşı, bir neçə mühüm fayda da gətirir.
"Qanlı göl" ətrafında bulvarın salınması şəhərin mənzərəsini daha cəlbedici edəcək. Bulvarlar şəhər sakinləri və turistlərin istirahət və əyləncəsi üçün çox yaxşıdır. Yaşıl sahələrin artırılması şəhərin ekoloji balansını yaxşılaşdıracaq.
Ağaclar və digər bitki örtüyü havanın keyfiyyətini artıraraq, ekosistemə müsbət təsir göstərə bilər. "Qanlı göl" ətrafında bulvarın salınması şəhərin görünüşünü gözəlləşdirmək, ekoloji tarazlığı artırmaq və ictimai həyatın canlanmasına kömək edəcək. Bu cür layihələr həm yerli sakinlər, həm də turistlər üçün cəlbedici bir mühit yaradır", - deyə o qeyd edib.