Cəbrayıl yeni dirçəliş yollarında
Cəmiyyət
1444
04 Oct 2024 | 13:43

Cəbrayıl yeni dirçəliş yollarında

Bəşəriyyət tarixində böyük qalaların, strateji əhəmiyyətli şəhərlərin azad olunması necə hadisəyə çevrilib təqvimə və yaddaşlara köçübsə, Qarabağın işğal altındakı şəhərlərinin azad olunması da Azərbaycan xalqının yaddaşına əsil qəhrəmanlıq səhifələri kimi yazılıb. Bu tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilən şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən imzalanan 31 iyul 2023-cü il tarixli sərəncama əsasən 4 oktyabr “Cəbrayıl şəhəri günü” elan olunub.
 
4 oktyabr xalqımızın şərəf və ləyaqət salnaməsi olan Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı – Cəbrayılın azad edildiyi gündür. Məhz 4 il əvvəlki bu gündə rəşadətli Azərbaycan ordusu mürəkkəb əməliyyat planlarını yerinə yetirərək güclü istehkamları yardı, ağır döyüşlərdən sonra Cəbrayıl şəhərini düşməndən geri almağı bacardı. 4 oktyabr axşam saatlarında Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına verdiyi Cəbrayıl müjdəsi ümumxalq sevinci və coşqusu ilə qarşılandı. Bu, Suqovuşandan sonra Vətən müharibəsinin ilk böyük müjdəsi idi.
 
Tezliklə azad olunmuş Cəbrayılda yenidən Azərbaycan bayrağının dalğalandı, lakin işğal tarixi və onun doğurduğu ağır nəticələr hələ də hafizələrdən silinmir.
 
Rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü il avqustun 23-də işğal edilmişdi. Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan Cəbrayıl rayonunda 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilər tərəfindən vəhşicəsinə dağıdılmışdı. İşğal dövründə Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” səkkizguşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri məhv edilmiş və ya dağıntıya məruz qalmışdı.
 
27 ildən sonra yaranmış fürsət-ermənilərin yeni ərazi iddialarına, hücumlarına qətiyyətli və son cavab olaraq başlayan Vətən müharibəsi bütün torpaqlarımız, həmçinin Cəbrayıl üçün azadlığa qovuşmaq imkanı yaratdı. 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri düşməndən təmizləndi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində, ümumilikdə Cəbrayıl şəhəri və 90 kənd işğaldan azad edildi.
 
Böyük qəhrəmanlıq və fədakarlıq tələb edən Cəbrayıl əməliyyatının uğurla nəticələnməsi Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsinə geniş imkanlar yaratdı. Bundan sonra Zəngilan, Qubadlı və Laçın rayonlarına girmək, düşmənin şər yuvasını dağıtmaq üçün yol açılırdı. Belə də oldu. Cəbrayıldan sonra bu rayonlar ardıcıllıqla geri alındı, ən önəmlisi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi.
Bütün bunlar artıq tarixdi. Zəfəri ilə, nəticələri ilə fəxr etdiyimiz şanlı bir tarix. Bu gün isə Cəbrayıl özünün ikinci doğuluşunu yaşamaqdadır.
 
2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “Cəbrayıl” elektrik yarımstansiyasının, Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, şəhərdə ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimləri keçirildi.
 
2022-ci il də burada başlanan quruculuq işləri, iri layihələrlə yadda qaldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu layihələrin həyata keçirilməsində iştirakı böyük hadisəyə çevrildi. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlqoyma mərasimi oldu. “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin bünövrəsi qoyuldu.
 
2023-2024-cü illər də Cəbrayıl üçün geniş miqyaslı tikinti-quruculuq işləri ilə tarixə yazıldı. Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyuldu. Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometr olacaq bu dörd hərəkət zolaqlı yol boyunca avtomobil körpülərinin tikilməsi nəzərdə tutulur. SOCAR və BP şirkətləri tərəfindən Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın tikintisi həyata keçirilib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzi fəaliyyətə başlayıb. Bütün bunlar görülən işlərin geniş miqyasından xəbər verir.
 
Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi üzrə layihələr Prezident İlham Əliyev tərəfindən təsdiq edilib.
 
Yaxın gələcəkdə tamamlanacaq bütün infrastruktur və sənaye layihələri Cəbrayılın simasını tamamilə dəyişəcək. Yaxın gələcəkdə Cəbrayıl abad, zəngin, əsil sahiblərinin yaşadığı, işlədiyi gözəl bir diyara çevriləcək.
 
Cavanşir Feyziyev
Milli Məclisin deputatı
 
Link kopyalandı!
Son xəbərlər