Cəmiyyət
1909
03 Oct 2024 | 16:00

"Azərbaycanlı həkimlər Almaniyanın səhiyyə sisteminə dəstəkdə mühüm rol oynayacaq" - Nuran Abdullayev

"Azərbaycanlı həkimlər Almaniyanın səhiyyə sisteminə dəstəkdə mühüm rol oynayacaq".
 
Bu sözləri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji cəmiyyətinin sədri Nuran Abdullayev Bakıda azərbaycanlı tibb bacıları və qardaşları üçün keçirilən məlumatlandırıcı konfransla bağlı Moderator.az-a açıqlamasında deyib.
 
O, son illərdə Almaniyada həkim çatışmazlığının ciddi bir problemə çevrildiyini söyləyib.
 
N.Abdullayevin sözlərinə görə, hazırda ölkədə, təxminən, 500 min həkim fəaliyyət göstərsə də, bu, tələbatı ödəmir: 
 
"Bu rəqəm xüsusilə kənd yerlərində və ümumi tibbdə tələbatı tam ödəmək üçün kifayət deyil. Proqnozlara əsasən, ölkədəki demoqrafik dəyişikliklər və yaşlı əhali sayının artması nəticəsində 2035-ci ilə qədər təxminən 400 min əlavə həkimə ciddi ehtiyac yaranacaq".
 
N.Abdullayev vurğulayıb ki, Almaniyada həkim çatışmazlığının əsas səbəblərindən biri əhali arasında yaşlı təbəqənin sayının sürətlə artmasıdır:
 
Gözlənilir ki, 2030-cu ilə qədər 65 yaşdan yuxarı insanların sayı 40% artacaq, bu da daha çox tibbi xidmətə ehtiyac yaradacaq. Eyni zamanda, hazırda fəaliyyət göstərən həkimlərin əhəmiyyətli bir hissəsi yaxın illərdə təqaüdə çıxacaq. Proqnozlara görə, 2030-cu ilə qədər həkimlərin 25%-i təqaüdə çıxacaq ki, bu da çatışmazlığı daha da dərinləşdirəcək".
 
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji cəmiyyətinin sədri söyləyib ki, bu problemi həll etmək üçün bir sıra tədbirlər nəzərdən keçirilir. 
 
Onun sözlərinə görə, mövcud situasiyaya uyğun olaraq, ilk növbədə tibb təhsili üzrə tələbə qəbulu yerlərinin artırılmasının vacibliyi müzakirə edilir:
 
"Bundan əlavə, həkimlərin iş şəraitinin yaxşılaşdırılması və onların iş yükünün azaldılması da müzakirə olunur. Eyni zamanda, texnologiyanın, xüsusən də uzaqdan idarə edilən tibbin geniş tətbiqi və xaricdən həkimlərin Almaniyaya cəlb olunması vacib addımlardan olacaqdır yaxın gələcəkdə. Burada azərbaycanlı həkimləri xüsusi qeyd etmək lazımdır. Belə ki, əminəm onlar öz bacarıqları ilə Almaniya səhiyyə sisteminə dəstəkdə ciddi rol oynayacaqdır".
Link kopyalandı!
Son xəbərlər