Qərbi Azərbaycana qayıdış:
1616
01 Oct 2024 | 16:04

Qərbi Azərbaycana qayıdış: "Ümidlərimiz daha da artır" - Deputat

“Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar”. 
 
Bunu Prezident İlham Əliyev cari ilin 30 sentyabr tarixində Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında çıxışı zamanı deyib. 
 
Dövlətimizin başçısı vurğulayıb ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik: 
 
“Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar”. 
 
Qeyd edək ki, Prezidentin bu çıxışı Qərbi Azərbaycandan olan vətəndaşların, xüsusilə də tanınmışların böyük dəstəyini qazanıb. 
 
Moderator.az Cebheinfo.az saytına istinadən xəbər verir ki, “Tarixi ədalətin bərqərar olması naminə Qərbi Azərbaycana qayıdış gerçəkləşəcək” bunu açıqlamasında Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı bildirib, 
 
“2020-ci il Vətən müharibəsi ilə qazandığımız tarixi zəfər bu gün bizlərə Qarabağda böyük qayıdışa şahidlik etməyin sevincini yaşadır. Silahlı qüvvələrimizin peşəkarlığı, xalqımızın müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi regionda mövcud mürəkkəb geosiyasi şəraiti lehimizə dəyişib. 
 
Bu gün iqtisadi, siyasi və hərbi gücü ilə Cənubi Qafqazın lokomativi olaraq Azərbaycan regionda siyasi proseslərə yön verir. Ölkəmizin inkişafı və qüdrətlənməsinin əsas konsepsiyası olan Ulu Öndər Heydər Əliyev ideolgiyası, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışa ümidlərimizi daha da artırır. Çünki tarixi missiyamız tam yekunlaşmayıb və Qərbi azərbaycanlıların yurd həsrəti hələ bitməyib”. 
 
Həmsöhbətimiz qeyd edib ki, vaxtilə doğma yurdlarından deportasiya edilən soydaşlarımız tarixi torpaqlarına qovuşacağı günlərin intizarındadır: 
 
“Rusiya imperiyasının ekspansionist siyasəti nəticəsində Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilərin Qərbi Azərbaycan torpaqlarına və Qarabağa köçünün təşkili, qan yaddaşımız olan deportasiyalar, soyqırımlar, bir sözlə, xalqımızın yaşadığı müsibətlərin başlanğıcı idi. 
 
Tarixi faktlara əsaslanaraq qeyd etməliyik ki, Qərbi Azərbaycanda soydaşlarımıza yönəlik etnik təmizləmə siyasəti planlı şəkildə həyata keçirilib. XX əsrin əvvələrindən başlayaraq, daha dəqiq desək, 1905-1906, 1918-1921, 1948-1953, 1987-1991-ci illəri əhatə edən deportasiya prosesi xüsusi amansızlıq və qətllər fonunda icra edilib. 
 
Bölgənin etnik tərkibinin dəyişdirilməsi naminə bu cür vandalizm aktının oxşarına tarixdə çox nadir hallarda rast gəlmək olar. 
 
Məqsədyönlü şəkildə həyata keçirilmiş aparteid siyasət nəticəsində həmin torpaqlarda hazırda etnik mənsubiyyət olaraq ermənilərdən başqa digər bir xalq yaşamır. Bununla paralel, erməni vandalları artıq illərdir ki, Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın izlərini silməyə çalışırlar. Bu məqsədlə onlar planlı sürətdə bizlərə məxsus dünya və yerli əhəmiyyətli tarixi abidələri məhv edir, bəzilərində isə tarixi saxtakarlığa əl atırlar. 
Son dövrlərdə təkcə paytaxt İrəvanda Xan sarayı, Abbas Mirzə məscidi, İrəvan qalası, Dəmirbulaq məscidi, Sərtib xan məscidi kimi memarlıq incilərimiz dağıdılıb, Göy məscid və Hacı İmamverdi məscidi şəhərə gələn qonaqlara fars abidələri kimi təqdim olunmaqdadır. Keçən əsrin əvvəllərində Azərbaycanın qərb torpaqları üzərində qurulan Ermənistan dövləti ən yüksək səviyyədə, hətta ölkədə əsas normativ hüquqi akt hesab olunan konustusiyasında belə ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə çıxış edir”. 
 
Millət vəkili vurğulayıb ki, bütün tarixi faktlar, sənədlər, xəritələr və coğrafi toponimlər Qərbi Azərbaycanın bizim torpağımız olduğunu təsdiq edir: 
 
“Bu gün cənab Prezident İlham Əliyevin milli maraqlara və beynəlxalq hüquqa söykənən siyasi kursu nəticəsində Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müstəsna işlər görülür. Bununla bağlı Qərbi Azərbaycan İcması istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda fəal lobbiçilik fəaliyyəti həyata keçirir, həqiqətləri olduğu kimi təqdim edir. 
 
Buna nümunə olaraq icmanın Ermənistan ərazisində Azərbaycan mədəni irsinin məhv edilməsi ilə bağlı UNESCO-ya ünvanladığı müraciəti qeyd etmək lazımdır. Bu gün hər bir azərbaycanlının qarşısında duran əsas vəzifələrdən biri Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə çatdırılmasında pay sahibi olmaqdır. Biz bu məsələ ilə bağlı da cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə öz ali məqsədimizə tez bir zamanda nail olacağıq”.
Link kopyalandı!
Son xəbərlər