“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiqləndi
Cəmiyyət
Oxunub: 236
14:24, Bu gün
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiqləndi
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib.
 
Moderator.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
 
Fərmanla mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatlarına aşağıdakı tapşırıqlar verilib:
 
- dövlət idarəetməsinin təkmilləşdirilməsi, səmərəliliyinin və şəffaflığının yüksəldilməsi məqsədilə göstərdikləri xidmətlərin və daxili idarəetmə proseslərinin (kadrların idarə olunması, maliyyə-uçot və mühasibat, təchizat və təminat) rəqəmsallaşdırılmasını təmin etsinlər;
 
- sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin qiymətləndirilməsinə, eləcə də monitorinqlərin (auditlərin) aparılmasına şərait yaratsınlar və onların nəticələri əsasında aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görsünlər;
 
- sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrində, fərdi məlumatların dövlət informasiya sistemlərinin isə həmçinin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyata alınmasını altı ay müddətində təmin etsinlər.
 
Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq, inzibati orqanlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olan, qanunla ərizəyə əlavə edilməli sənədlərin və ya məlumatların siyahısının xidmət göstərdikləri binalarda müvafiq məlumat lövhələrində və rəsmi internet səhifələrində yerləşdirilməsini və mütəmadi yenilənməsini təmin etməlidirlər.
 
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
 
***
 
Dövlət informasiya ehtiyatlarının və sistemlərinin NÜMUNƏVİ ƏSASNAMƏSİ
 
1. Ümumi müddəalar
 
1.1. Bu Nümunəvi Əsasnamə əsas və yardımçı dövlət informasiya ehtiyatlarının və sistemlərinin (bundan sonra – dövlət informasiya ehtiyatları və sistemləri) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
 
1.2. Dövlət informasiya ehtiyatları və sistemləri rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər büdcə təşkilatlarının, həmçinin yerli özünüidarəetmə orqanlarının (bundan sonra – qurumlar) fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, həmin informasiya ehtiyatlarında və sistemlərində saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.
 
1.3. Dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılmasının məqsədi dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
 
1.4. Dövlət informasiya ehtiyatlarında və sistemlərində yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.
 
1.5. Fərdi məlumatların dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılmasının və işlənilməsinin məqsədi bu Nümunəvi Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
 
1.6. Dövlət informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
 
1.7. Dövlət informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
 
1.8. Bu Nümunəvi Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
 
1.9. Bu Nümunəvi Əsasnamədə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Qaydalarda, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
 
2. Dövlət informasiya ehtiyatlarının və sistemlərinin texniki-texnoloji infrastrukturu
 
2.1. Dövlət informasiya ehtiyatlarının və sistemlərinin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
 
2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
 
2.1.2. telekommunikasiya qurğuları və kanalları;
 
2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;
 
2.1.4. ehtiyat nüsxələr;
 
2.1.5. istismaraqədərki formalaşma mühitləri.
 
2.2. Proqram-texniki vasitələr və proqram təminatı vətəndaş və biznes yönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurularaq, dövlət informasiya ehtiyatlarının və sistemlərinin funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə həmin informasiya ehtiyatlarından və sistemlərindən istifadəni və məlumat mübadiləsini təmin edir.
 
2.3. Dövlət informasiya ehtiyatları və sistemləri fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlər göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.
 
2.4. Qurulma topologiyasına uyğun olaraq dövlət informasiya ehtiyatlarının və sistemlərinin telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:
 
2.4.1. dövlət informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları həmin dövlət qurumunun struktur bölmələri tərəfindən;
 
2.4.2. dövlət informasiya ehtiyatlarının və sistemlərinin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən.
 
2.5. Dövlət informasiya ehtiyatlarında və sistemlərində formalaşdırılan, həmin informasiya ehtiyatlarına və sistemlərinə daxil edilən və ötürülən məlumatlar dövlət informasiya ehtiyatlarının və sistemlərinin informasiya ehtiyatında saxlanılır.
 
2.6. İdarəetmə paneli dövlət informasiya ehtiyatlarının və sistemlərinin informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.
 
2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət informasiya ehtiyatları və sistemləri, o cümlədən həmin informasiya ehtiyatlarında və sistemlərində toplanılan məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.
 
2.8. Dövlət informasiya ehtiyatlarında və sistemlərində aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitlərində həyata keçirilir.
 
3. Dövlət informasiya sisteminin altsistemləri
 
3.1. Dövlət informasiya sisteminin strukturunda altsistemlər olduğu təqdirdə həmin informasiya sisteminin hansı altsistemlərdən ibarət olması göstərilir.
 
3.2. Dövlət informasiya sisteminin altsistemləri təyinatı üzrə müvafiq sahədə idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanılmasını və emalını, dövlət informasiya ehtiyatlarının və sistemlərinin inteqrasiyasını, monitorinq və təhlil aparılmasını, proqnozlar hazırlanmasını və müvafiq sahədə mərkəzləşdirilmiş elektron xidmətlər göstərilməsini təmin edir.
 
4. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə daxil edilən və ötürülən məlumatlar
 
4.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə daxil edilən və ötürülən (sahib və ya operatorun normativ hüquqi aktlarla müəyyən edilən hüquqlarının həyata keçirilməsi, vəzifələrinin icrası, habelə dövlət xidmətlərini göstərməsi zamanı tələb olunan) məlumatların tərkibi Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunur. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə daxil edilən və ötürülən məlumatlar həmin informasiya ehtiyatlarının və sistemlərinin əsasnaməsində ayrılıqda qeyd edilir.
 
4.2. Dövlət informasiya ehtiyatlarının və sistemlərinin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
 
4.3. Dövlət informasiya ehtiyatları və sistemləri ilə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) həmin informasiya ehtiyatlarına və sistemlərinə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.
 
4.4. Dövlət informasiya ehtiyatlarında və sistemlərində formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunur və rəsmiləşdirilir.
 
5. Dövlət informasiya ehtiyatlarından və sistemlərindən istifadə qaydası
 
5.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumların digər dövlət informasiya ehtiyatlarından və sistemlərindən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
 
5.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin dövlət informasiya ehtiyatlarından və sistemlərindən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda qurumların və digər hüquqi şəxslərin rəhbər şəxsi tərəfindən dövlət informasiya ehtiyatlarında və sistemlərində qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq həmin informasiya ehtiyatlarından və sistemlərindən istifadə edirlər.
 
5.3. Fiziki şəxslər Vahid Giriş Sistemi vasitəsilə dövlət informasiya ehtiyatlarında və sistemlərində identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq həmin informasiya ehtiyatlarından və sistemlərindən istifadə edirlər.
 
5.4. Dövlət informasiya sistemləri vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə həmin informasiya sistemlərinin rəsmi internet informasiya ehtiyatı (EHİS-ə keçid verilməklə) və EHİS vasitəsilə, ödəniş edilməsi isə elektron kabinetdə ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilir.
 
5.5. Dövlət informasiya sistemləri vasitəsilə təqdim edilən xidmət kanalları (portal, mobil tətbiq, virtual köməkçi və digər) istifadəçilərin dövlət informasiya sistemlərinin fəaliyyətində iştirakını və onlardan istifadəsini, habelə elektron xidmətlərdən yararlanmasını təmin edir. Elektron xidmətlər istifadəçi təcrübəsi və istifadəçi yönümlülüyü nəzərə alınmaqla, xidmət kanalları vasitəsilə təqdim edilir.
 
6. Sahibin vəzifələri və hüquqları
 
6.1. Dövlət informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:
 
6.1.1. dövlət informasiya ehtiyatlarının və sistemlərinin idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
 
6.1.2. dövlət informasiya ehtiyatlarının və sistemlərinin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən fərdi məlumatların toplanıldığı, işlənildiyi və mühafizə edildiyi (“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) hallarda isə fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;
 
6.1.3. fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin, həmçinin fərdi məlumatların dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;
 
6.1.4. dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra – Nazirlik) zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə dövlət informasiya ehtiyatlarına və sistemlərinə çıxış, habelə onların texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etmək;
 
6.1.5. dövlət informasiya ehtiyatlarının və sistemlərinin informasiya təhlükəsizliyini XRİTDX və operator ilə, kritik informasiya infrastrukturunun obyekti hesab edilən dövlət informasiya ehtiyatlarına və sistemlərinə münasibətdə həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra – DTX) ilə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;
 
6.1.6. dövlət informasiya ehtiyatlarının və sistemlərinin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal DTX-yə (kritik informasiya infrastrukturu obyektlərinə münasibətdə), XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə DTX, XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
 
6.1.7. dövlət informasiya ehtiyatlarına və sistemlərinə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
 
6.1.8. dövlət informasiya ehtiyatlarına və sistemlərinə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
 
6.1.9. dövlət informasiya ehtiyatlarının və sistemlərinin, o cümlədən onların ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və operatorla birlikdə tədbirlər görmək;
 
6.1.10. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;
 
6.1.11. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barəsində məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;
 
6.1.12. dövlət informasiya ehtiyatlarına və sistemlərinə çıxışı olan, habelə onların aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
 
6.1.13. aidiyyəti qurumların dövlət informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
 
6.1.14. dövlət xidmətləri göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün operator və Nazirliklə birlikdə tədbirlər görmək;
 
6.1.15. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) dövlət informasiya ehtiyatlarına və sistemlərinə daxil etmək;
 
6.1.16. dövlət informasiya ehtiyatlarından və sistemlərindən sərbəst və maneəsiz istifadənin, habelə onların dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;
 
6.1.17. dövlət informasiya ehtiyatlarında və sistemlərində dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;
 
6.1.18. dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;
 
6.1.19. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
 
6.2. Dövlət informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:
 
6.2.1. dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
 
6.2.2. dövlət informasiya ehtiyatlarından və sistemlərindən istifadə və onların funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
 
6.2.3. dövlət informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
 
6.2.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
 
7. Operatorun vəzifələri və hüquqları
 
7.1. Operatorun vəzifələri aşağıdakılardır:
 
7.1.1. dövlət informasiya ehtiyatlarının və sistemlərinin informasiya təhlükəsizliyini XRİTDX və sahiblə, kritik informasiya infrastrukturunun obyekti hesab edilən dövlət informasiya ehtiyatlarına və sistemlərinə münasibətdə həmçinin DTX ilə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;
 
7.1.2. dövlət informasiya ehtiyatlarının və sistemlərinin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal DTX-yə (kritik informasiya infrastrukturu obyektlərinə münasibətdə), XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə DTX, XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
 
7.1.3. dövlət informasiya ehtiyatlarına və sistemlərinə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
 
7.1.4. dövlət informasiya ehtiyatlarının və sistemlərinin, o cümlədən onların ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və sahiblə birlikdə tədbirlər görmək;
 
7.1.5. dövlət informasiya ehtiyatlarının və sistemlərinin təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə həmin informasiya ehtiyatlarının və sistemlərinin “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün Nazirliklə birlikdə zəruri tədbirlər görmək;
 
7.1.6. dövlət informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində sahiblə razılaşdırmaqla, texniki tədbirlər görmək və bu barədə həmin informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq;
 
7.1.7. dövlət informasiya ehtiyatlarından və sistemlərindən sərbəst və maneəsiz istifadəni, onların dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə dövlət informasiya ehtiyatlarının və sistemlərinin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışı təşkil etmək;
 
7.1.8. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) dövlət informasiya ehtiyatlarına və sistemlərinə daxil etmək;
 
7.1.9. dövlət informasiya ehtiyatlarını və sistemlərini EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;
 
7.1.10. dövlət informasiya ehtiyatlarına və sistemlərinə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
 
7.1.11. dövlət informasiya ehtiyatlarının və sistemlərinin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üzrə profilaktik iş aparmaq;
 
7.1.12. Nazirliyin və sahibin bu Nümunəvi Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında dövlət informasiya ehtiyatlarında və sistemlərində dəyişikliklər edilməsi üçün tədbirlər görmək;
 
7.1.13. sahibin göstərişi ilə normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;
 
7.1.14. dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri və texniki məlumatları sahibə və Nazirliyə təqdim etmək;
 
7.1.15. dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;
 
7.1.16. dövlət informasiya sistemlərindən istifadəni, habelə onlar üzərindən göstərilən elektron xidmətlərin əlçatanlığını təmin etmək üçün formalaşdırılan mobil tətbiqi elektron marketlərdə yerləşdirmək (mobil tətbiq olduğu halda);
 
7.1.17. aidiyyəti qurumların dövlət informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
 
7.1.18. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
 
7.2. Operatorun aşağıdakı hüquqları vardır:
 
7.2.1. dövlət informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
 
7.2.2. dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
 
7.2.3. dövlət informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi məqsədilə məsələ qaldırmaq;
 
7.2.4. dövlət informasiya ehtiyatlarının və sistemlərinin parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
 
7.2.5. iştirakçılar və istifadəçilər dövlət informasiya ehtiyatlarının və sistemlərinin təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə, informasiya ehtiyatlarına və sistemlərinə giriş imkanını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;
 
7.2.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
 
8. İştirakçıların vəzifələri və hüquqları
 
8.1. İştirakçıların vəzifələri aşağıdakılardır:
 
8.1.1. dövlət informasiya ehtiyatlarına və sistemlərinə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
 
8.1.2. dövlət informasiya ehtiyatlarına və sistemlərinə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;
 
8.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə dövlət informasiya ehtiyatlarına və sistemlərinə daxil etmək (ötürmək);
 
8.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;
 
8.1.5. dövlət informasiya ehtiyatlarından və sistemlərindən, habelə həmin informasiya ehtiyatlarında və sistemlərində olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;
 
8.1.6. dövlət informasiya ehtiyatlarında və sistemlərində saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;
 
8.1.7. sahibin və operatorun dövlət informasiya ehtiyatlarına və sistemlərinə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;
 
8.1.8. dövlət informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyətinə zərər gətirəcək, habelə onların fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
 
8.1.9. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və Nazirliyə məlumat vermək;
 
8.1.10. öz təşəbbüsləri, habelə Nazirliyin və sahibin bu Nümunəvi Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarında və sistemlərində zəruri dəyişikliklər etmək.
 
8.2. İştirakçıların aşağıdakı hüquqları vardır:
 
8.2.1. dövlət informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
 
8.2.2. dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək.
 
9. İstifadəçilərin hüquqları
 
9.1. İstifadəçilərin dövlət informasiya ehtiyatlarından və sistemlərindən istifadə ilə bağlı aşağıdakı hüquqları vardır:
 
9.1.1. dövlət informasiya ehtiyatlarındakı və sistemlərindəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;
 
9.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, özləri barəsində məlumatlarla tanış olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi üçün sahib və ya operatora müraciət etmək;
 
9.1.3. elektron kabinetləri üzərindən müraciətlərini göndərmək, elektron xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək;
 
9.1.4. sahiblə, operatorla, iştirakçılarla və digər istifadəçilərlə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;
 
9.1.5. dövlət informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
 
9.1.6. dövlət informasiya ehtiyatlarından və sistemlərindən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;
 
9.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
 
Oxşar xəbərlər
17:06, Bu gün
Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanıldı - FOTO
17:00, Bu gün
COP sədrlikləri “Rio Üçlüyü” təşəbbüsünə start verir
16:54, Bu gün
FHN Biləcəridəki yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB + FOTO/VİDEO
16:48, Bu gün
Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar
16:42, Bu gün
"Çin Rusiyaya Ukrayna savaşı üçün dronlar tədarük edir" - "The Times"
16:36, Bu gün
Mahir Emreli komanda yoldaşı ilə dalaşdı
16:30, Bu gün
Smartfon işlədənlər OXUSUN: Məlumatlarınız və pullarınız belə oğurlanır
16:24, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! - Bu yolda avtobus zolağı ləğv edilib - FOTO
16:18, Bu gün
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişdi
16:06, Bu gün
Bu dövlət orqanları torpağın kateqoriyasının dəyişdirilməsinə rəy verəcək
16:03, Bu gün
“Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca Zəngəzur dəhlizi açıla bilməz...”
16:00, Bu gün
Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqləndi
15:55, Bu gün
"Hizbullah" Nəsrullahın öldürüldüyünü TƏSDİQLƏDİ
15:49, Bu gün
Kərim Vəliyev Azərbaycan Ordusunda aparılan islahatlardan danışdı
15:43, Bu gün
Bu məşhurlar da repçinin əxlaqsız məclisində yer alıbmış - FOTO
15:37, Bu gün
"Yaxın Şərq böyük müharibə həddindədir" - Lavrov
15:31, Bu gün
Mourinyonun əvəzlədiyi türkiyəli baş məşqçi "Qarabağ"ı çalışdırmaq istəyir
15:25, Bu gün
Start qiyməti 100 min manata yaxın olan telefon nömrələri - SİYAHI
15:18, Bu gün
Kamilənin toyu BU TARİXDƏ olacaq
15:12, Bu gün
Astroloqlardan XƏBƏRDARLIQ: Nadir hallarda sevgidə xoşbəxt olan BÜRCLƏR
15:06, Bu gün
Yemək yeyəndə niyə su içmək olmaz?
15:00, Bu gün
Qocalmanı sürətləndirən 5 amil
14:54, Bu gün
Şəhid Vüsal Omarovun xanımından ürəkağrıdan sözlər: "Həm yoldaşımı, həm də atamı itirdim" - VİDEO
14:48, Bu gün
"Qisas çox ağır olacaq və bütün İsraili lərzəyə gətirəcək" - "Hizbullah" 
14:42, Bu gün
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM
14:36, Bu gün
Xüsusi təyinatlılar təlimdə - Gecə şəraitində şərti düşmən obyektinə qəfil basqın - VİDEO
14:30, Bu gün
13 yaşlı qızı qaçıran 20 yaşlı oğlan ölkədən QAÇDI - VİDEO
14:24, Bu gün
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiqləndi
14:18, Bu gün
"Aldığı üzüyü taxmaq qismət olmadı" - 21 yaşlı şəhid Tərlan Quliyevin yarım qalan xəyalları
14:11, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
14:05, Bu gün
Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi müzakirə edilib
13:58, Bu gün
Prezident fərman imzaladı
13:52, Bu gün
"ABŞ Rusiya ərazisinin dərinliyinə zərbələrə icazə versə, Rusiya "ölümcül" zərbələr endirə bilər"
13:46, Bu gün
İlham Əliyev Si Cinpini təbrik etdi
13:41, Bu gün
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
13:35, Bu gün
Bu ərazilərdə havada toz müşahidə olunur
13:29, Bu gün
Türkiyə paytaxtında İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anıldı - VİDEO
13:23, Bu gün
Azərbaycan üç istiqamətdə Ermənistandan təzminat tələb edə bilər - ŞƏRH + FOTO
13:17, Bu gün
Bədii gimnastlarımız Balkan Kubokunda fəxri kürsüyə yüksəliblər
13:11, Bu gün
Nyu-Yorkda COP29-un BICFIT təşəbbüsünə dair müzakirələr baş tutub
13:05, Bu gün
"Onun yoxluğu ilə barışmaq istəmirik" - Qənirə Paşayeva məzarı başında anıldı - FOTOLAR  
12:58, Bu gün
İsrail ordusu təsdiqlədi - Həsən Nəsrullah...
12:52, Bu gün
Rusiyalılar iki dəfə Sumıda xəstəxanaya zərbələr endirib
12:47, Bu gün
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir - FOTOLAR
12:41, Bu gün
Nadir Qafarzadə EFİRDƏ ETİRAF ETDİ: "Kiməsə 500 manat versəm..." - VİDEO
12:35, Bu gün
Aparıcı qızının ölümündən DANIŞDI
12:29, Bu gün
Çoxlarının sağlamlığını pozan bütün zamanların ƏN PİS 5 DƏB PƏHRİZİ
12:23, Bu gün
DİN əməliyyat keçirdi - 22 kiloqram narkotik aşkarlandı
12:21, Bu gün
Sabah hava yağmursuz keçəcək - PROQNOZ
12:19, Bu gün
Rusiya və İran XİN başçıları görüşüb
12:15, Bu gün
Niyə daha çox qızları övladlığa götürürlər?
12:09, Bu gün
COP29 Sədrliyimiz beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir – Pərvanə Vəliyeva
12:03, Bu gün
“Revanşist erməni kilsəsinin təmsilçisi kimi danışır” – BƏYANAT
11:57, Bu gün
Saray qəsəbəsində hərbi sursatlar aşkarlandı - VİDEO
11:52, Bu gün
Almaniya Türkiyə ilə deportasiya barədə saziş bağlayıb?
11:50, Bu gün
"Hizbullah" liderinin qızı və xanımı İsrailin hava hücumları nəticəsində həlak olublar
11:45, Bu gün
“Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir” - Kamaləddin Qafarov
11:40, Bu gün
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
11:34, Bu gün
Mingəçevirdə 62 yaşlı şəxs həbs olundu
11:28, Bu gün
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
11:22, Bu gün
Mahiyyəti yalnız Qeyb Elminə bəlli olan, Allahın insanları kodlaşdırması ilə bağlı - Quranda düşünən insanlara müvafiq işarələr (eyhamlar)
11:16, Bu gün
Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar
11:13, Bu gün
Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir
11:03, Bu gün
Ölkədə oğlan tələbələrin sayı azalır
10:59, Bu gün
Dağıstanda dağıntılar altından daha bir cəsəd çıxarıldı: Ölənlərin sayı...
10:56, Bu gün
Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVA
10:49, Bu gün
Azərbaycanda “Iphone” alanda müştəriləri belə aldadırlar - DETALLAR
10:44, Bu gün
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
10:42, Bu gün
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
10:37, Bu gün
Yarasalarda yeni və ağır viruslar aşkarlandı: Epidemiyaya səbəb ola bilər
10:29, Bu gün
Milli Məclisin payız sessiyası bu tarixdə işə BAŞLAYACAQ
10:27, Bu gün
Rusiyanın nüvə silahları hansı gündədir?..- ESKPERT- ARAŞDIRMA -VİDEO
10:21, Bu gün
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
10:19, Bu gün
“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm”- Əməkdar artist
10:15, Bu gün
İsrailin Livana hücumu nəticəsində "Hizbullah"ın bir neçə komandiri ölüb
10:12, Bu gün
Talıbovun "tilsimi" - Kreslosu niyə boş qalıb?
10:05, Bu gün
Azərbaycan bu ölkə ilə viza tələbini ləğv edir
10:03, Bu gün
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
09:55, Bu gün
Qənirə Paşayevanın ölümündən 1 il ötdü
09:49, Bu gün
Yanacaqdoldurma önündə qətl – Bakıdakı dəhşətli cinayətin detalları
09:43, Bu gün
Ən etibarlı bürclər hansılardır?
09:36, Bu gün
"Milan"a 5 dəqiqə kifayət edib
09:25, Bu gün
COP29 nümayəndə heyəti BMT Baş Assambleyasının sessiyası və Nyu-York İqlim Həftəsinə qatılıb
09:13, Bu gün
Lavrov İsrailə qarşı sərt tədbirlərə çağırış etdi
09:07, Bu gün
Soyuqdəymə zamanı bu qidaları yeməyin
08:55, Bu gün
Bu qadınlar heç vaxt ana ola bilməyəcək - Həkimdən ŞOK AÇIQLAMA
08:49, Bu gün
İnternetdəki  sağlamlıq və gözəllik məsləhətlərinin TƏHLÜKƏLƏRİ 
08:35, Bu gün
Bakıda bitum daşıyan yük maşını aşdı, yol bağlandı - FOTO
08:24, Bu gün
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
08:16, Bu gün
Ömrü uzadan qidalar - SİYAHI
07:32, Bu gün
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
06:44, Bu gün
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
00:06, Bu gün
COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
27 Sep 2024 | 22:52
Azərbaycanın U-17 millisi yoldaşlıq görüşü keçirib
27 Sep 2024 | 22:49
SEPAH hərbi təlimdə azyaşlılardan istifadə edir
27 Sep 2024 | 22:46
İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın yeraltı bunkerinə zərbə endirib
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 22:34
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
27 Sep 2024 | 22:25
Zelenski Trampla görüşüb
27 Sep 2024 | 22:23
Qrossi: "Əgər daha çox ölkə nüvə silahına sahib olarsa, ondan istifadə edilə bilər"
GÜNLÜK
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 17:36
Polkovnik Seymur Qurbanov saxlanıldı
27 Sep 2024 | 19:06
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
27 Sep 2024 | 17:53
Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim" - MÜSAHİBƏ + FOTO
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 17:28
“Bir gözümüz güldü, bir gözümüz ağladı, hamımızın onlara borcu var”- Afaq Bəşirqızı
27 Sep 2024 | 18:08
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
27 Sep 2024 | 18:35
İlham Əliyev fenomeni: Quduz işğalçı itaətkar qonşuya necə çevrildi?
27 Sep 2024 | 17:30
“Cəbrayılda ata ocağımda daxmada da yaşayaram, o gecə sevincimdən yatmadım...” - FOTO
27 Sep 2024 | 19:49
Qarabağ erməniləri kütləvi şəkildə Ermənistan vəndaşlığına keçirlər
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
AYLIQ
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 17:36
Polkovnik Seymur Qurbanov saxlanıldı
27 Sep 2024 | 19:06
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
27 Sep 2024 | 17:53
Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim" - MÜSAHİBƏ + FOTO
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 17:28
“Bir gözümüz güldü, bir gözümüz ağladı, hamımızın onlara borcu var”- Afaq Bəşirqızı
27 Sep 2024 | 18:08
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
27 Sep 2024 | 18:35
İlham Əliyev fenomeni: Quduz işğalçı itaətkar qonşuya necə çevrildi?
27 Sep 2024 | 17:30
“Cəbrayılda ata ocağımda daxmada da yaşayaram, o gecə sevincimdən yatmadım...” - FOTO
27 Sep 2024 | 19:49
Qarabağ erməniləri kütləvi şəkildə Ermənistan vəndaşlığına keçirlər