Azərbaycan doğum nisbətinə görə Gürcüstandan geri qalır. Belə ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) müxtəlif ölkələrdə ölüm və doğum göstəricilərini hesablayıb. Hesabata görə Azərbaycan ölüm səviyyəsinə görə 142-ci (hər 1000 nəfərə 6,4 ölüm), doğum səviyyəsinə görə isə 161-ci (hər 1000 nəfərə 11,2 doğum) olub.
Gürcüstan ölüm səviyyəsinə görə 11-ci (hər 1000 nəfərə 13,3 ölüm), doğum səviyyəsinə görə isə 142-ci yerdədir (hər 1000 nəfərə 12 doğum)
Ermənistan hər 1000 nəfərə 9,6 doğumla ölüm nisbətinə görə 42-ci yerdə, doğum səviyyəsinə görə isə 177-ci yerdədir (hər 1000 nəfərə 10,5 doğum).
Son bir neçə ildir ki, Azərbaycanda yeni doğulanların sayı getdikcə azalmağa başlayıb. Bunun səbəbinə gəldikdə, bəzi ekspertlər qeyd edir ki, ölkədəki iqtisadi-sosial çətinlik ailələrdə doğulan uşaqların sayının azalmasına gətirib çıxarır. Digər qisim hesab edir ki, son zamanlar boşanma hallarının sayının kəskin artması yeni doğulan uşaqların sayına ciddi təsir göstərir.
Bir çoxunun fikrincə isə, yeni doğulan körpələrin sayının azalması uşaq pulunun verilməməsi ilə əlaqədardır. Onu da xatırladaq ki, bir sıra ölkələrdə doğuşu stimullaşdırmaq üçün “uşaq pulu” ödənilir.
Moderator.az xəbər verir ki, sosioloq Lalə Mehralı mövzu ilə bağlı Musavat.com-a danışıb:
"Əslində, nikahların sayı açıqlananda artıq müəyyənləşdirmişdik ki, yaxın vaxtlarda yeni doğulanların sayı ilə bağlı azalma olacaq. Yəni təbii olaraq ölkədə nikahların sayı azaldıqca doğum sayları da aşağı düşür.
Son illər ailələr əsasən 1 və ya 2 uşaqla kifayətlənir ki, bu da doğum sayına təsir göstərir.
Əslində, bizim regionda əvvəllər çoxuşaqlı ailələr çoxluq təşkil edirdi. Lakin maddi-sosial, psixoloji səbəblər, zəmanənin gətirdiyi bir sıra problemlərə görə insanlar artıq nəsil artırmaq istəmirlər. Xüsusilə pandemiyadan sonra bu problem özünü daha qabarıq şəkildə göstərdi. İşsiz, təminatsız qalanlar çox oldu, bunun özü insanları çox qorxutdu. Daha bir məsələ, uşaqpulunun verilməməsi də öz ciddi təsirini göstərməkdədir".
Sosioloq qeyd edir ki, məsələ ilə bağlı təşviqedici proqramların hazırlanmasına ehtiyac var:
"İnsanlar anlamalıdırlar ki, demoqrafiyanın artımına öz töhfələrini verməlidirlər. Lakin bu, dövlət tərəfindən təşviq edilməlidir. İnsanlar uşaq dünyaya gətirərkən, böyüdüb, təhsil verərkən, sağlamlığı ilə bağlı problem yaşayarkən dövlətin dəstəyini alacağını əvvəlcədən bilməlidir".
Sosioloq hesab edir ki, uşaqpulu birmənalı olaraq, bərpa edilməlidir:
"Doğrudur, ölkədə təhsil pulsuzdur, həmçinin icbari tibbi sığorta məsələsi artıq həll olunub, insanlar müəyyən qədər dəstək alırlar. Lakin uşaqların ehtiyacı tək bu iki məsələ ilə bitmir. Burada onların qidalanması, geyimi, digər sosial ehtiyacları var. Bu baxımdan yeni doğulanların sayının artmasını istəyiriksə, mütləq şəkildə təşviq proqramları həyata keçirilməlidir.
Əks təqdirdə gələcəkdə orduya çağırmağa oğlan və yaxud onları dünyaya gətirəcək analar, ailələr tapılmayacaq. Həmçinin peşələri icra edən işçilər olmayacaq.
Ümumiyyətlə isə, doğum sayının getdikcə azalması gələcəkdə ciddi demoqrafik problemlər yaradacaq".