Cəmiyyət
1924
12 Sep 2024 | 17:04

"Xaricdə yaşayan alimlərin ölkəmizlə əlaqələrinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir"

Son illər Azərbaycan Respublikasının sürətlə inkişaf etməsinin bariz nümunələrindən biri də ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və bu tədbirləri yüksək səviyyədə təşkil etməsidir. Təbii ki, o dövlətlər mötəbər tədbirlərə ev sahibliyi edir, yüksək çinli qonaqların iştirakı ilə təhlükəsiz və uğurlu tədbirlər keçirir ki, onların texniki-texnoloji imkanları, sosial-iqtisadi durumu, təşkilati keyfiyyətləri buna imkan verir. Bu mənada Azərbaycan ən yüksək səviyyədə tədbirlərə ev sahibliyi edir və edəcəkdir ki, bu da dövlət başçısının vaxtında və ardıcıl qəbul etdiyi qərarların, bu qərarların uğurlu icrasının nəticəsidir.  
 
Belə mötəbər tədbirlərdən biri də 9-11 sentyabr 2024-cü il tarixləri aralığında Diasporla İş üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN FORUMU oldu. 30-a yaxın ölkədən 100-ə yaxın alimin cəlb olunduğu Forum İlk dəfə idi ki, bu səviyyədə keçirilirdi. Ali rəhbərliyin iştirakçılara müraciəti isə Forumun əhəmiyyətliliyini bir daha ortaya qoyur.
 
Dövlət başçısının “...Diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində ötən müddət ərzində təqdirəlayiq işlər görülmüşdür” sözləri bu dövrə qədər görülən işlərə verilən yüksək qiymət, eləcə də əlaqədar qurumlar və Azərbaycan diasporu üçün bir çağırış, strateji baxışdır. 
 
Dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi, onların ölkəmizdə fəaliyyət göstərən elm və təhsil müəssisələri ilə  əlaqələrinin dərinləş-məsi, Azərbaycan elminin dünya elm məkanına daha intensiv inteqrasiyası, dokto-rantların xarici ölkələrdə azərbaycanlı alimlərin dəstəyi ilə təcrübə keçməsi, birgə elmi araşdırmaların aparılması baxımından Forum olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Forum iştirakçılarının Şuşa və Xankəndinə səfərləri, Qarabağ Universitetində keçirilən görüş, aparılan müzakirələr isə ayrıca qeyd edilməlidir və BELƏ BİR GEDİŞAT ÜÇÜN TƏŞKİLATÇILARA TƏŞƏKKÜRLƏR. Azərbaycanlı alimlər forumunun işğaldan azad edilmiş ərazilərdə davam etdirilməsi, Forumun öz işini Qarabağ Universitetində  yekunlaşdırması ayrıca bir ŞANLI TARİX, bir ZƏFƏR MÜJDƏSİDİR. 
 
“DÜNYADA YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏR QARABAĞ UNİVERSİTETİNDƏ”... Bir neçə sözdən ibarət olan bu ifadə Qarabağ universitetini ən qısa zamanda dünyəvi bir ali təhsil və tədqiqat mərkəzinə çevirmək gücündədir. Bax, Forumun önəmli tərəflərindən biri də budur. 
 
Eyni zamanda, nəzərə alsaq ki, alimlərin əksəriyyəti auditoriyalarla işləyir, yaşadıqları ölkənin gələcəyi olan gənclərlə daha çox təmasda olur, onda alimlər, elm adamları üzərindən qurulan əlaqələrin əhəmiyyətliliyi aydın olar. Sadə yanaşsaq, bir alimin, bir elm adamının fikri auditoriyalarda təmasda olduğu gənclər vasitəsilə, yazdığı məqalələr vasitəsilə ən qısa zamanda yüzlərlə ailəyə, minlərlə insana çatır.      
 
Tədbir boyunca, öz mövqelərini ifadə edən, şəxsən tanıdığım və efirdən gördüyüm, ölkəmizin gələcəyi naminə bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini, elm sahəsində Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə töhfələr verəcəklərini bildirən dəyərli alimlərimizə HƏMYERLİ VƏ HƏMKAR TƏŞƏKKÜRÜMÜ də çatdırmağı borc bilirəm. 
 
Cənab Prezidentin müraciətində də vurğulandığı kimi, ümid edirik ki,  Forum, ölkəmizin elmi əlaqələrinin genişləndirilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verə bilmələri üçün strateji xətti müəyyən və davam etdirəcəkdir.
Aydındır ki, harada azərbaycanlı var, orada Azərbaycan var, mətbəxi var, adət-ənənəsi var. İnanırıq ki, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu, ənənəvi hal alaraq, daha yeni-yeni alimlərimizin ölkəmizlə əlaqələrini möhkəmləndirəcək, Azərbaycan elminin, təhsilinin dünyəviləşməsinə, müasirləşməsinə kömək edəcək və Azərbaycan dövlətinin əsas prioritetlərindən olan “Qarabağın cənnətə çevrilməsinə”də öz dəstəyini göstərəcəkdir.  
 
Aqil Əsədov
İqtisad elmləri doktoru 
 
Link kopyalandı!
Son xəbərlər