Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçiriləcək
Cəmiyyət
1846
12 Sep 2024 | 13:21

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçiriləcək

Sentyabrın 14-15-də Göygöl rayonunun Keşkü kəndində Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçiriləcək.
 
Moderator.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
 
Məlumata görə, Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək festivalın tərəfdaşları nazirliyə məxsus “Aqroservis” ASC, Birləşmiş Həmkarlar İttifaqı Komitəsi, eləcə də Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyidir.
 
Festivalın təşkilində məqsəd bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, Göygöl rayonunun unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir.
 
Tədbirdə ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılacaq, yerli istehsalçıların təqdim etdiyi moruq sortlarının dequstasiyası və satışı təşkil ediləcək. Festivala gələn ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə almaq imkanı da qazanacaqlar. Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramların nümayişi nəzərdə tutulur.
 
Həftəsonu hər gün 10:00-21:00 aralığında baş tutacaq festivalın ərazisi məkan olaraq müxtəlif interaktiv zonalara bölünəcək. Ziyarətçilər kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkasına, moruq təsərrüfatı guşəsinə baş çəkə biləcək, müxtəlif dequstasiya tədbirlərində iştirak edəcək, ustad dərslərini, o cümlədən moruqla rəsm çəkməyə dair ustad dərsini izləyə biləcəklər. Ziyarətçilər eyni zamanda açıq havada konsert proqramını, idmançıların nümunəvi çıxışlarını izləmək imkanı qazanacaqlar. Ərazidə xüsusi kampinq zonasının təşkili də nəzərdə tutulub.
 
Festivalı hər gün ən azı 3 min insanın ziyarət edəcəyi proqnozlaşdırılır.
 
Link kopyalandı!
Son xəbərlər