Oxu.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.
Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Zeyni Hüseynov bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən kiberdələduzluqla mübarizə çərçivəsində mütəmadi olaraq təbliğat, təşviqat, maarifləndirmə işləri həyata keçirilir.
"Buna baxmayaraq, kiberdələduzlar dayanmadan yeni üsul və vasitələr üzərində çalışırlar. Son zamanlar isə belə şəxslər sosial mühəndislik yolu ilə məlumatlar toplayaraq əsasən yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsi ilə zənglər edirlər. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir.
Həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
Müəyyən edilib ki, saxlanılan şəxslərdən biri "Telegram" sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin onu yönləndirdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra "Telegram"da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. Məbləğin bir qismini özünə götürüb.
Qeyd edim ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə "Telegram" sosial şəbəkəsində əlaqə yaratdıqları naməlum şəxslərin sifarişi ilə analoji əməllərin törədilməsində kuryer qismində iştirak edən 20 nəfərə yaxın şəxs saxlanılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd olunanları nəzərə alaraq bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər.
Fürsətdən istifadə edib polisin kibermaarifləndirmə işinə yaxından dəstək olan, media subyektlərinə, bloqerlərə minnətdarlığımı çatdırırıq",- deyə açıqlamada qeyd olunur.