Məktəbli bazarında vəziyyət: Satıcılar alıcı qıtlığı yaşayırlar - REPORTAJ + FOTO
Cəmiyyət
1898
20 Aug 2024 | 17:26

Məktəbli bazarında vəziyyət: Satıcılar alıcı qıtlığı yaşayırlar - REPORTAJ + FOTO

Tədris ilinin başlanmasına az müddət qalıb. Bunu nəzərə alaraq "Report"un əməkdaşları alıcı sıxlığını müşahidə etmək və məktəb ləvazimatlarının qiymətini öyrənmək üçün mağazalardakı vəziyyətlə maraqlanıb.
 
Paytaxtdakı mağazalardan birinin satış mütəxəssisi Elməddin Əliyev ilə söhbət zamanı məlum olub ki, məktəb ləvazimatlarının qiymətində ötən illə müqayisədə artım var.
 
Onun sözlərinə görə, məktəbli çantalarının qiymətində keçən illə müqayisədə bu il fərq yoxdur. Qiymətlər təxminən 25-170 manat aralığında dəyişir. Lakin sadə qələmlərin qiyməti 7 qəpikdən 9 qəpiyə qalxıb. Ən çox artım isə dəftər və qələmlərdə müşahidə olunur. Belə ki, keçən il 24 vərəqli dəftərin qiyməti 30 qəpik idisə, bu il 35 qəpikdir. 40 vərəqli dəftərlərin qiymətində də 5 qəpik artım baş verib. Qələmlərin məbləği 9 qəpikdən 15 qəpiyə qalxıb. Keçən il 6 manata olan su qabı bu il 7-10 manat arası dəyişir.
 
Müsahib bildirib ki, ötən illə müqayisədə bu il alıcı sayı çox azdır:
 
"Hazırda alıcı sıxlığı yoxdur. Ötən il bu vaxtlar biz yetərincə mal satmış olurduq. Bu il isə mövsümə hələ giriş edə bilməmişik. Ola bilsin bu alıcıların maddi vəziyyəti ilə bağlıdır. Bahalaşma bir-iki məhsul alana təsir etmir. Amma insanlar 50-60 manatlıq alış-veriş edəndə qiymət artımını hiss edirlər".
 
Digər mağazada isə vəziyyət fərqlidir. Bəzi məktəb ləvazimatlarının qiyməti ötən illə müqayisədə ucuzlaşıb. Dəftərlərin qiymətində 5 qəpik (25-20 qəpik), qələm qablarında 50 qəpik (2,50-2 AZN), A4 vərəqinin bir qutusunun qiymətində isə keçən illə müqayisədə nə az nə çox 3 manat (8-5 AZN) azalma müşahidə olunur. Çantaların qiyməti isə minimum 10 manatdan başlayır. Digər məhsullarda qiymət aralığı belədir:
 
Rəngli karandaşlar - 80 qəpik
Pozan - 15 qəpik
Qələm - 6 qəpik
Qələmyonan - 40 qəpik
Rəngli flomaster - 2 manat
Ağardıcı qələmlər - 60-80 qəpik
Su qabları - 2-10 manat
Termoslar - 4-18 manat
Kağız üçün yapışqan - 0,60-1,5 manat
 
Hər iki mağazada olan məhsulların Çindən gəlməsinə baxmayaraq niyə bu qədər qiymət fərqi olmasını soruşduqda həmin mağazanın satış mütəxəssisi Əlizadə Xəyal bildirib ki, düzdür mallar eyni ölkədən gəlir. Lakin azad bazar sistemində qiymət fərqinin olması normal haldır. Çeşid və keyfiyyətə görə də qiymət dəyişə bilər.
 
O, məktəb dövründə də qiymət artımı gözlənilmədiyini deyib:
 
"Sizin də gördüyünüz kimi alıcı sayı çox azdır. Ötən illərdə bu vaxt mağazaya insan axını olurdu. Belə halda qiyməti minimumda saxlamalıyıq. Çünki bahalaşma olsa insanlar ümumiyyətlə mağazaya yaxın durmazlar. Sentyabr ayında da hazırkı qiymətlərə artım olacağı nəzərdə tutulmur".
 
Aldığımız cavablardan belə nəticəyə gəlmək olar ki, bir məktəbli üçün onun ləvazimatlarına orta hesabla minimum 100 AZN məbləğində pul lazımdır. Qeyd edək ki, bu məbləğə məktəbli forması və digər tələbatlar daxil deyil.

 

Link kopyalandı!
Son xəbərlər