İnsanı formalaşdıran əsas amillərdən biri də cəmiyyətdir. Körpə böyümə mərhələsində, ətrafına nəzər salır, qavrayır, təqlid edir. Lakin yaxşı ilə pisi ayırd edə bilmir. Buna görə də bizim gələcəyimiz olacaq bu uşaqların, həqiqətən bir gələcək ola bilməsi bu günkü bizlərin əlindədir.
Son zamanlar Azərbaycanda baş verən hadisələrdən və cəmiyyətin bu hadisələrdə olan rolundan danışaq.
Aprel ayında Bakıda ailəsinin 5 üzvünü balta ilə qətlə yetirən Əhməd uzun müddət medianın gündəmində oldu və cəmiyyətdə ciddi müzakirələrə səbəb oldu. 1999-cu il təvəllüdlü Əhməd Əhmədov öz ailə üzvlərini və hətta 2 yaşlı bacısı qızını qətlə yetirmişdi. Bu cinayət yox, faciə idi.
Əhmədin amansız qətlini unutmağa macal tapmamış, 24 iyunda Şüvəlanda 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşənin, onu istintaqa cəlb etmək üçün gələn 3 polisi ailəsinin gözü önündə ov tüfəngi ilə vurmağı xəbəri yayıldı.
26 iyunda paytaxt Bakının Nərimanov rayonunda İsmayıl Allahverdiyev sevdiyi qız üçün öz tanışı Tural Kosayevi insanların gözü önündə güllələyərək öldürmüşdü və qaçarkən ərazidə olan insanlar tərəfindən yaxalandı.
6 iyul baş vermiş hadisə yenə insanların içində dərin kədər hissi oyatdı. Çünki bu son 2 ayda qətlə yetirilən 4-cü polis idi. Daha öncə 8 dəfə məhkum olmuş Mehman Məmmədov polis kapitanından qaçarkən kəsici alətlə yaralmış, yaralanmasına baxmayaraq polis kapitanı istintaqdan yayınan Mehman Məmmədovu tutmuşdu. Lakin özü ağır yaralandığı üçün xəstəxanada dünyasını dəyişdi.
Vaxtilə bu hadisələri xarici xəbərlərdə görüb özümüzə şükür edirdiksə indi bu hadisələr gözümüzün önündə yaşanır. Bəs insanı cinayət törətməyə sövq edən nədir? İnsan niyə cinayət törədir? İnsanı cinayətə sürükləyən amillər nələrdir?
Cinayətlərin psixoloji aspektini araşdırdım. İnsanın cinayət törətməsində ancaq sosial problemlər rol oynamır.
Arada düşünürsən, zahirən adi insan, niyə birdən ağır cinayət törədir? Bunu anlamaq çətindir. Son zamanlar müşahidə edilir ki, cinayət törədənlər arasında əqli cəhətdən sağlam şəxslər də var. Antisosial davranışın yaranmasında ailə mühüm rol oynayır. Qeyri-qanuni hərəkətlərə səbəb olan amillər aşağıdakılardır:
-həddən artıq və ya davamlı olaraq ailədə cəza tətbiq etmək.
-ailədə ata rolunun olmaması.
-uşağa qarşı həddən artıq yumşaq davranış.
-ailədə baş verən münaqişələr.
Bəzən tam təminatlı ailədə uşaq özünü tək, lazımsız hiss edir. Sonra gəlir bağça, məktəb. Görürsən ki, burda da ətraf ilə münasibət formalaşmır bu da zamanla qapalılıqdan açıq aqressiyaya gətirib çıxarır.
12-17 yaşlarda qanunazidd hərəkətlər ixtiyari olur: oğurluq, xuliqanlıq. Cinayətkarın adətən cinayəti törətmək üçün müəyyən motivi olur. Bura qısqanclıq, paxıllıq, intiqam və kin daxildir. Daha sonra da qeyri-qanuni hərəkətlərə səbəb olan anomaliyalar yaranır ki, bura- «psixopatiya», «alkoqolim», «nevrotik pozuntu», «kəllə beyin travması», «intellektual çatışmazlıq» daxildir.
Qısacası cinayətlərin törədilməsində həm ailənin həmdə cəmiyyətin rolu var. Doğulan körpələrə ideal cəmiyyət yaratmaq mümkün olmaya bilər. Lakin ailələr öz övladları üzərindən götürdükləri öhdəliklərə ciddi şəkildə yanaşmalıdırlar. Təbii ki, bu tək ailənin də bacaracağı proses deyil. Uşaqların asosiallığı qırması üçün də baxça və məktəblərdə şərait yaradılmalı psixologiya dərsləri keçirilmlədir. Uşaqlar həm özlərini, həm cəmiyyəti dərk etməlidir. Bu gün uşaqlarımızı qoruyub düzgün tərbiyə etmək, gələcəyə ən böyük mirası vermək deməkdir.
Jurnalistika tələbəsi: Ayhan Ağarzayev