Qüdrət Həsənquliyev: Paşinyana yeni toqquşmalar lazımdır
Cəmiyyət
4690
07 Apr 2024 | 13:41

Qüdrət Həsənquliyev: Paşinyana yeni toqquşmalar lazımdır

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:
 
- Qüdrət bəy, Qərbin, yaxud Sorosun “uşaqları” cidd-cəhdlə sübut etməyə və xalqı inandırmağa çalışırlar ki, Azərbaycan Rusiyanın maraqlarından çıxış edərək Ermənistanla münasibətləri gərginləşdirir və bu Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. Siz necə düşünürsünüz?
 
- Onların belə mövqe sərgiləməsi “başa düşüləndir”, çünki Paşinyan da Qərbin “uşağıdı”. Azərbaycan vəziyyəti gərginləşdirmək istəsə burda qəbahət hesab olunacaq heç nə yoxdur. Atəşkəs haqqında sazişin imzalanmasından 3 il yarım vaxt keçsə də Ermənistan hələ də torpaqlarımızın bir hissəsini işğal altında saxlayır. Paşinyan vədlər verir, boş-boş danışır, ölkəsini beynəlxalq birlik qarşısında sülhpərvər göstərməyə çalışır, amma torpaqlarımızı azad etmək istiqamətində real addımlar atmır, sülh sazişini imzalamır, vaxt udmağa çalışır, Ukraynada Rusiyanın məğlub olmasını və həmin ölkədə “sorosçu”ların hakimiyyətə gəlişini gözləyir. Müharibəni uduzsa da, sülh danışıqlarının onun istədiyi formatda və öz tərəfdaşlarının vasitəçiliyi ilə keçirilməsini tələb edir ki, bu da böyük həyasızlıqdı. Öz öhdəliklərindən imtina edərək Naxçıvana, atəşkəs haqqında sazişin şərtlərinə uyğun olaraq Rusiyanın nəzarətində, maneəsiz gediş-gəliş üçün yolun açılmasına imkan vermir. Hazırda gərginlik yaratmaqla ona nail olmağa çalışır ki, Rusiyanı Ermənistandan çıxarıb Fransanın bölgədə hərbi iştirakını təmin etsin, türk düşmənlərindən müasir silahlar alsın. Bunun üçün isə Paşinyana yeni toqquşmalar lazımdır. Nə Ermənistan, nə də tərəfdaşları Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə barışa bilmir. Onları narahat edən başqa bir məsələ isə Azərbaycan-Rusiya münasibətlərinin indiki səviyyəsidir ki, onu hər vəchlə korlamağa çalışırlar.
 
- Yeri gəlmişkən , “uşaqlar” sizi ittiham edirlər ki, guya siz demisiniz ki,Zəngəzuru işğal edib Rusiyaya vermək lazımdır. Onlara cavabınız nədir?
 
- Bu “uşaqların” siyasi tərbiyəsi çox pis olub. Üzə dururlar, utanmadan ağ yalanı danışa bilirlər. Mən dəfələrlə demişəm ki, Ermənistan öz öhdəliklərini yerinə yetirməsə, Azərbaycanın haqqı var ki, güc tətbiq etməklə Zəngəzuru (yolun keçəcəyi ərazini) öz nəzrətinə götürsün və Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunması şərtilə, üçtərəfli sazişə uyğun olaraq Rusiyanın nəzrətinə versin və biz dünyaya göstərək ki, Ermənistanın ərazisində gözümüz yoxdur. Bu siyasi dələduzlar bilərəkdən yoldan danışmır, deyirlər ki, Qüdrət Həsənquliyev təklif edir ki, Zəngəzuru işğal edib Rusiyaya verək.
 
Hazırda vəziyyət belədir ki, 2020-ci ilin 10 noyabrında Ermənistan bizi aldadaraq Naxçıvana maneəsiz gediş-gəlişin təmin edilməsinə dair öz üzərinə öhdəlik götürməklə mühasirəyə düşmüş Qarabağdakı 20-25 minlik işğalçı ordusunu darmadağın olmaqdan xilas edib, indi isə öhdəliyini yerinə yetirmir. Düşünmürəm ki, Azərbaycan bununla barışmalıdır.
 
- Başqa bir ittiham da ondan ibarətdir ki, Ermənistanın Rusiyadan ayrılmaq istəyirsə biz ona mane olmamalıyıq?
 
- Məgər mane oluruq? Biz tələb edirik ki, torpaqlarımızı işğaldan azad et, Naxçıvana sizə bağışladığımız öz tarixi torpaqlarımız üzərindən öhdəliklərinə uyğun olaraq yol ver. Ermənistanın nə qədər çox ölkə ilə münasibətləri pozulsa bizim üçün bir o qədər yaxşıdır, biz də bu istiqamətdə ciddi çalışmalıyıq, çünki bu zaman güc tətbiq etmədən torpaqlarımızı işğaldan azad edə, Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə məcbur edə bilərik. Ermənistana təzyiqləri artırmasaq onlar bunu könüllü etməyəcək.
Link kopyalandı!
Son xəbərlər