Moderator.az xəbər verir ki, bu gün Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayevin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Görüşdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini Emil Çaparlı da iştirak edib.
Özbəkistanlı qonaqlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verən Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov xalqlarımızın faşizmə qarşı birgə mübarizə apardığını, bu mübarizədə tarixi həmrəylik sərgilədiyini qeyd edib. Sədr müavini bildirib ki, eyni kök və mədəniyyətə malik olan Azərbaycanla Özbəkistan arasındakı əlaqələrin son illər daha da genişlənməsi müşahidə olunur ki, bu da olduqca sevindiricidir. Cəlil Xəlilov həmçinin söyləyib ki, Füzulidə inşa edilən və Özbəkistan dövlətinin Azərbaycana hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəb iki qardaş xalqın əbədi dostluğunun təcəssümüdür və xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının dünyanın bir çox ölklərində fəaliyyət göstərən veteran təşkilatları ilə geniş əlaqələrə malik olduğunu bildirən polkovnik Cəlil Xəlilov, Özbəkistandakı qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqda maraqlı olduqlarını vuğulayıb.Cəlil Xəlilov bu əməkdaşlığın xalqlarımızın maraq və mənafeyinə uyğun olduğunu, gələcək baxımından da böyük perspektiv kəsb etdiyini bildirib.
Səmimi görüşə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə tanışlıqdan məmnunluq duyduqlarını, ikitərəfli əlaqələrin genişlənməsində maraqlı olduqlarını söyləyiblər.
Görüş əsnasında gələcək əməkdaşlıqla bağlı səmərəli müzakirələr, maraqlı fikir mübadiləsi aparılıb.
Seymur ƏLİYEV