Bizi sosial şəbəkələrdən izləyin:
"Deputat həmkarımız, yaxın dostumuz Qənirə Paşayevanın vaxtsız vəfatı məni hədsiz sarsıtdı."
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib.
BAXCP sədri Qənirə xanımın bütün şüurlu həyatını xalqımızın müstəqilliyinə və torpaqlarımızın azadlığına həsr etdiyini bildirib:
"Onun tükənməz enerjisi hər kəsi heyrətləndirirdi. Saysız-hesabsız xarici səfərlərdən, mədəniyyət xadimləri ilə, seçiciləri də daxil sadə vətəndaşlarla, media nümayəndələri ilə, hər kəslə görüşlərdən yorulmurdu. Çalışırdı həm dövlətimizə, həm insanlarımıza mövcud imkanları çərçivəsində kömək etsin. Allah bu insanı xeyirxahlıq üçün yaratmışdı. Qənirə xanımı xarakterizə etmək, onun daxili dünyasını insanlarımıza çatdırmaq üçün söz tapmaq çətindir. O, səmimiyyəti, çalışqanlığı, istedadı, güclü məntiqi, prinsipiallığı, cəsarəti ilə ictimai-siyasi həyatda özünəməxsus yer qazanmışdı. Yenilikçi idi, sanki həyatının qısa olacağını bilib tələsirdi. Onu tanıyanlar Qənirə xanımı özlərinə doğma bilir, ümid yeri kimi baxırdılar. Bu insanı yaxından tanıyıb ona rəğbət bəsləməmək mümkün deyildi. O sanki xeyirxahlığın, vətənpərvərliyin və işgüzarlığın etalonu idi.
Yaxınlarına və ailə üzvülərinə, onu sevənlərə dərin hüznlə başsağlığı veririəm. Tək təsəllimiz o ola bilər ki, canından çox sevdiyi torpaqlarımızın, Qarabağımızın işğaldan azad olunmasını gördü. Çox istərdim ki, Qənirə xanım ölümündən sonra da olsa vətən qarşısında xidmətlərinə görə ölkəmizin ali ordenlərindən biri ilə təltif olunsun.
Allah rəhmət eləsin, yerin behişt etsin. Amin!"