Anım Günü ilə əlaqədar tədbir keçirilib - FOTOLAR
3100
27 Sep 2023 | 18:30

Anım Günü ilə əlaqədar tədbir keçirilib - FOTOLAR

27 sentyabr - Anım Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə veteranlarının iştirakı ilə tədbir keçirilib. Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.
 
Vətən müharibəsində tarixi Zəfərimizə, igid hərbçilərimizə, qəhrəman şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş olunub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçiləri tərəfindən qürur mənbəyimiz olan şəhidlərimizə həsr olunmuş musiqili kompozisiya təqdim olunub. 
 
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bu gün möhtəşəm tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsinin başlanmasından 3 il ötdüyünü bildirib.
 
Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatlara başladı. 
 
Azərbaycan hərbçilərinin misilsiz döyüş qabiliyyətini, Ordumuzun qüdrətini yüksək səviyyədə təcəssüm etdirən, xalqımızın dəmir yumruq kimi birləşdiyi 44 günlük müharibə ərazilərimizin düşməndən azad edilməsi ilə nəticələndi. Cənab Prezidentin vurğuladığı kimi, “Bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlər boyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq”.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 259 əməkdaşı da ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Eyni zamanda, bu gün Nazirlik sistemində 96 nəfər şəhid ailəsi üzvü çalışır.
 
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək tədbirlərindən, işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri çərçivəsində müasir sosial infrastrukturun qurulması, aktiv məşğulluq proqramlarının icrası işlərindən də bəhs olunub.
 
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Surxay Noçuyevin atası,  Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Əbdül Noçuyevin, Nazirlik yanında İctimai şuranın sədr müavini, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadənin, DOST Mərkəzinin əməkdaşı, müharibə ilə əlaqədar əlilliyi olan keçmiş XTQ mənsubu Elvin Vəliyevin çıxışları dinlənilib.
 
Çıxışlarda tarixi Zəfərimizdən, Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz şücaətlərindən qürurla bəhs olunub. Haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb. 
Link kopyalandı!
Son xəbərlər