Mart ayında olduğu kimi apreldə də Şimal-Qərb bölgəsində havaların qeyri-sabit keçməsi meyvə ağaclarının məhsuldarlığının aşağı düşməsinə səbəb ola bilər.
Aprel ayı başlayandan Şimal-Qərb bölgəsində havaların qeyri-sabit keçməsi ərik, alça, gilas kimi ağacların tozlanma prosesinə mənfi təsir göstərir.
AMEA-nın Şəki regional elmi bazasının baş aqronomu İlqar Seyidzadə hazırkı hava şəraitinin daha çox çəyirdəkli meyvələrin məhsuldarlığına təsir göstərəcəyini deyir.
Mərkəzin baş aqronomu qeyd edir ki, çəyirdəkli meyvələrdən olan alça artıq tozlanma prosesini başa vurub:
“Soyuq, yağıntılı hava şəraiti davam edərsə, digər çəyirdəkli meyvələr - şaftalı, albalı və gilasın da məhsuldarlığı azala bilər. Ərikdən sonra şaftalı, şaftalıdan sonra isə albalı, gilas, daha sonra isə alma və armud ağacları çiçək açır və tozlanır”.
Florası və faunası zəngin olan bölgələrdə yetərincə dərman bitkiləri yetişir. Regional mərkəzin əməkdaşı Yevgeniya Bəkirova hesab edir ki, havaların qeyri-sabit keçməsi müalicəvi bitkilərin inkişaf və yetişməsini əngəlləməklə yanaşı həm də onların tərkibinin minerallarla zənginləşməsinə öz mənfi təsirini göstərir.
Beş ildir ki, bölgədə yetişən dərman bitkiləri ilə bağlı araşdırma aparan Yevgeniya Bəkirova indiyə kimi 350-ə yaxın dərman bitkisinin seleksiya prosesini öyrənib.
AMEA regional elmi mərkəzin mütəxəssisləri onu da diqqətə çatdırırlar ki, rütubətli hava şəraiti eləcə də yağışın yağması bölgə rayonlarında yetişən çəyirdəkli meyvələrin - gilas, albalı, alça, o cümlədən armud ağaclarında dəmgil xəstəliyinin əmələ gəlməsinə şərait yaradır.
“Bu xəstəlik yarpaqların, meyvələrin üzərinə ləkə salmaqla həm onların zahiri görünüşünə, həm də dadının pisləşməsinə və keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bu xəstəlik meyvədəki vitaminləri də azaldır”.
Baş aqronom İlqar Seyidzadə bildirir ki, soyuq hava şəraiti taxılçılığa və tərəvəz bitkilərinin məhsuldarlığına o qədərdə təsir göstərməyəcək. (bizim media.az)