“Botanika İnstitutunun Mərkəzi Nəbatat Bağında yerləşən binasının qiymətləndirilməsi ilə bağlı həm Elm və Təhsil Nazirliyinə, həm də Nazirlər Kabinetinə məktub göndərilib”.
Bunu Botanika İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Xuraman Xəlilova deyib.
O bildirib ki, institut hara köçürülücəksə, bir dəfəyə köçürülməli və təcrübələrin aparılması üçün müvafiq torpaq sahəsi ayrılmalıdır:
“İnstitutun çox zəngin Herbari fondu, zəngin kitabxanası, bahalı laborator cihazları var. Yaxın vaxtlarda otaqlarımız təmir olunub və yeni cihazlar alınıb. Əvvəl bizə demişdilər ki, bina köçürülməyəcək və sadəcə olaraq üzlənəcək. Bunun üçün dəmir karkaslar da quraşdırılmışdı. Biz də köçürülməyəcəyimizə əmin olduqdan sonra birinci mərtəbədə bərbad vəziyyətdə olan laboratoriyalarımızı direktorun təşəbbüsü ilə təmir etdik. Lakin sonradan karkaslar söküldü. İndi podratçılar deyir ki, bina müvəqqəti olaraq başqa bir yerə köçürülməlidir, daha sonra yeni bina tikiləcək. Lakin bizim 1932-ci ildən bəri yığılan nüsxələrimiz, nadir bitki fondumuz var. Burada Qarabağa aid nümunələr də yer alır. Hansı ki, həmin növlərin bəziləri hazırda yoxdur. Bu köçürülmə çox çətin prosesdir. Köçürülmə olacaqsa, proses birdəfəyə müvafiq şkaflar hazırlandıqdan sonra edilməlidir”.
Xuraman Xəlilova onu da qeyd edib ki, Mərkəzi Nəbatat Bağının 44 hektar sahəsinin 4 hektardan çoxu rəsmi şəkildə Botanika İnstitutuna aiddir.
“Buna dair sənədlər də var. Lakin bağın köçürülməsinə aid sənədlərdə bu 4 hektardan söhbət belə getmir”.
Mərkəzi Nəbatat Bağından isə bildirilib ki, təmir işləri çərçivəsində ərazisdə istismara yararsız olan binalar sökülüb, inkişaf mərhələsində bağın gələcəyinə zərər vuran digər binaların kənara köçürülməsi daha məqsədəuyğun olar.
“Mərkəzi Nəbatat Bağının tərtib olunmuş xəritəsi, kadastr planı var. Burada göstərilir ki, bağ 46 hektara yaxın əraziyə malikdir. Burada ayrı heç bir təşkilatın yeri ola bilməz. Olubsa da, qanunsuzdur” – deyə qeyd olunub.
Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, Botanika İnstitutunun köçürülməsi ilə bağlı yaxın zamanda məlumat veriləcək.