Hirkan Milli Parkının daxilində ümumi sahəsi 24 min hektar olan 3 ərazi əsas götürülməklə transmilli “Hirkan meşələri” nominasiyası hazırlanmış və 2022-ci ilin sonunda UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim edilib.
Bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O qeyd edib ki, Yer kürəsində yayılmış 2500-dən çox palçıq vulkanlarından 350-yə qədəri Azərbaycanın payına düşür və ölkəmiz dünya üzrə bu sahədə özünəməxsus yer tutur: “Bu səbəbdən TÜRKSOY-a üzv dövlətlərin UNESCO üzrə milli komissiyalarının 8-ci iclasında qəbul edilmiş qətnaməsinə uyğun olaraq, Azərbaycan ərazisində geoparkların yaradılması və UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə qoşulması istiqamətində işlərə başlanılıb. İnanırıq ki, palçıq vulkanları əsaslı geoparkın yaradılması ölkədə geoturizmin inkişafına və Azərbaycanın palçıq vulkanlarının ən çox yayıldığı ölkə kimi tanınmasına təkan verəcək”.