Dövlət Sosial Müdafiə Nazirliyi önündə bir qrup Vətən müharibəsi qazilərilə baş verən olay son günlər ölkə gündəmini zəbt etmiş ictimai mövzudur. Etiraf edim ki, bu, elə bir həssas mövzudur ki, seyrçi qalmaq mümkün deyil. İşin ağrılı tərəfi budur ki, haqqı pozulduğu iddia edilən qazilər də, adı çəkilən nazirlik də sözün böyük mənasında BİZİMDİR. Heç kimin haqqını pozmaq olmaz: qazi qardaşlarımızın da, zərərçəkən dövlət müəssisəsinin də.
İradım ilk növbədə qazilərədir. Siz cəmiyyətin ən ali mənəvi statusuna malik insanlarsız. Əgər kiminsə bəxti gətirib (və ya gətirməyib) şəhid olmayıbsa, bunu Allahın lütfü kimi qəbul etməliyik. Qazilik elə bir uca mərtəbədir ki, bu adı daşıyan hər bir şəxs hər şeyin fövqündə olmalıdır. İkl il öncə Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında misilsiz qələbəyə imza atdı. Bu müqəddəs savaşda bir nəfər də olsun fərarilik etmədi, hər bir kəs əlindən gələni etmək üçün səfərbər oldu. Nəticə göz qabağındadır. Müharibənin ağırlığını öz üzərinə götürən şəhid və qazilərimizə münasibət yenə də cənab Prezidentin diqqətindədir. Vətən müharibəsində xidməti olmuş hər bir kəs öz layiqli qiymətini alır və alacaq. Lakin biz elə bir dövrdə yaşayırıq ki, ölkədə, ölkəətrafı, eləcə də dünyada gedən proseslər daxildə müvəqqəti olsa da problemlər yarada bilər.
Hər şey istənilən kimi getməyə bilər. Bunun üçün bir az səbr, təmkin nümayiş etdirmək gərəkdir. Bu xoşagəlməz olayın məntiqi sonluğu heç kimin ağlına da gəlməzdi. Qazi ilə onu “qarşılamağa borclu olan” polis qardaşımızın qucaqlaşması mövcud olan bütün stereotipıərin sındırılması və bütün xalqların qibtə edəcəyi Azərbaycan mentalitetinin təntənəsi idi.
Milli mentalitetimiz bütün əxlaqi, mənəvi, dini və hüquqi sahəni özündə birləşdirən bəlkə də yeganə həll yoludur. Azərbaycançılıq bizim adlaya bilmədiyimiz qırmızı xəttimizdir.
Odur ki, öz haqqı uğrunda mübarizə aparan qazi qardaşlarımı təmkinli olmağa, əlaqədar qurumları isə operativ hərəkətetmə xüsusiyyətlərinə yiyələnməyə çağırıram. Unutmayaq ki, bu dövlət bizimdir.
İbad Hüseynov,
Azərbaycanın Milli Qəhrəmanı