Dünyada koronavirusa yoluxma hallarında kəskin azalma müşahidə edilir. Bir çox ölkələrdə bütün karantin qadağaları aradan qaldırılıb, insanlar normal həyat rejiminə qayıdıblar. Pandemiyanın səngiməsi fonunda bəzi ölkələrdə gündəlik COVID-19 statistikalarının tirajlanması dayandırılıb.
Ölkəmizdə də yoluxma halları demək olar ki, minimuma enib. Belə olan halda koronavirus statistikasının yayımlanmasına ehtiyac varmı?
Moderator.az xəbər verir ki, bu barədə Modern.az-a danışan tanınmış həkim Adil Qeybulla bildirib ki, Ümümdünya Səhiyyə Təşkilatı hələ (ÜST) dünyada koronavirus təhlükəsinin bitdiyini elan etməyib. Bu baxımdan ölkəmizdə COVID statistikasının dayandırılması gözlənilmir.
"Pandemiyanın bitdiyini Ümumdünya Səhiyyə Təşkilatı elan etməyənə qədər koronavirus statistikası aparılmalıdır. Bəzi ölkələrdə tək-tük yoluxma olduğu üçün bu statistika aparılmır. Statistikanın elan olunmasının xüsusi önəmi yoxdur. Hələlik gündəlik statistika aparılmalı, xəstələr qeydə alınmalı və bu barədə ictimaiyyətə məlumat açıqlanmalıdır", - deyə həkim vurğulayıb.
Qeyd edək ki, qardaş Türkiyədə koronavirusla bağlı statistika artıq günlük deyil, həftəlik olaraq açıqlanır.