“Uşaq evinə verilmiş uşaq həmin uşaq evinin rəhbərliyinə verilmiş ağ kağızdır. Düzgün metodika, qayğı, müasir tədris tələbləri ilə həyatdan incik, küskün düşmüş uşaqları yazıçı, rəssam, insan hüquqları mütəxəssisi, sosial işçi olaraq qazana bilərik.
11-ci sinfə gəlmiş, yetkinlik yaşına çatmış uşağın savadı azdırsa, müvafiq müəssisənin rəhbərliyi cəzalandırılmalıdır. Qapalı mühitdə, tam nəzarət altında ideal bir gənci formalaşdırmaq digər məktəblərə nəzərən uşaq evləri, internat məktəblərində daha asandır”.
Moderator.az xəbər verir ki, bu fikirləri sosioloq Əhməd Qəşəmoğlu Bizim.Media-nın sorğusuna cavab verərkən səsləndirib. Ekspert müşahidələrindən yola çıxaraq uşaq evlərinin acınacaqlı vəziyyətindən danışıb.
O bildirib ki, baxmayaraq ki, dövlətimiz gözəl binalar, rahat yataqxanalar tikib, amma uşaq evləri, internat məktəbləri və sığınacaqların əksəriyyətinin durumu ilə bağlı heç də ürəkaçan xəbərlər eşitmirik:
“Bəzi uşaq evlərində qeydiyyatda olan uşaq sayı mövcud uşaq sayından iki-üç dəfə artıq olur. Bunun da ən böyük səbəbi yeyintidir. Guya hər gün 150 uşaq üçün qida, qulluq və digər ehtiyacları hesablayıb, tələb edirlər. Halbuki həmin uşaq evində göstərilən sayın üçdəbiri qədər uşaq olur və heç onlara da yaxşı baxmırlar”.
Əhməd Qəşəmoğlu uşaq evlərinin müdirlərinin profillərini, onların gündəlik həyat tərzinin araşdırılmasını vacib hesab edir:
“Siz həmin uşaq evlərinin müdirlərinin malikanələrini, villalarını, onları gəzdirən maşınları araşdırın. Hamısı yüz minlik maşınlarda gəzir. Hələ axtarın, görək, uşaq evinə müdir olmaq üçün nələr tələb olunur...
Amma unutmaq olmaz ki, uşaq evlərində, internat məktəblərində Azərbaycanın yeni nəsli yetişir. Onlar özlərinə qarşı gördükləri münasibəti eynilə cəmiyyətə daşıyırlar”.