“20 yanvar - Ümumxalq hüzn günü” münasibəti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində anım mərasimi keçirilib.
Bu barədə Moderator.az-ı “Azərsu” ASC-nin mətbuat xidməti məlumatlandırıb. Məlumata görə, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra iştirakçıların çıxışları dinlənilib: “Tədbirdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, 1990-cı ilin 20 yanvarı ən faciəli günlərdən biri olmaqla yanaşı, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. 24 il əvvəl xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı qoşun birləşmələrinin Bakıya yeridilməsi nəticəsində 137 mülki vətəndaş öldürülmüş, 600-dən çox insan yaralanmışdır. Həmin illərdə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında yaradılan informasiya blokadasına baxmayaraq, ən çətin günlərdə də xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 20 yanvar faciəsi ilə bağlı cəsarətli mövqe nümayiş etdirmişdir: “Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndələyinə gələrək, xarici jurnalistlər qarşısında çıxış etmiş, imperiya siyasətini, Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa etmişdir. Ümummilli liderin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi məsələsi həllini tapmış, 20 yanvar tarixi - Ümumxalq Hüzn Günü elan edilmişdir. 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini həmişə uca tutan ümummilli lider onların adlarının əbədiləşdirilməsi, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşmışdır. Bu humanist siyasət bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Tədbirdə su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, su təsərrüfatı işçilərindən Xariz Alimov, İvan Proxorov, Kamil Həzrətquliyev və Təranə İmanovanın yaralandığı xatırlanmışdır.
Tədbirə dəvət olunmuş tarix elmlər doktoru, professor Şikar Qasımov əsrlər boyu ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi məkrli siyasəti tarixi faktlarla əsaslandırmışdır: “Təsadüfi deyil ki, ötən əsrin 80-cı illərinin sonunda SSRİ rəhbərliyi Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasət aparmışdır. Bu siyasətə etiraz edən xalq kütlələrinin qarşısını almaq üçün imperiya rəhbərlyi qırğın törətmək yolunu tutdu. Amma bu qanlı qırğın Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına olsa da azadlıq və müstəqilliyinə qovuşmuşdur”.
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov və 20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova çıxış edərək şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirmişlər. Tədbirdə qeyd olunmuşdur ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı həyata keçirilən qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır”.
Şamil