Stiv Cobs dövrümüzün simvollarından biridir. İndi heç kim onun təkcə məşhur milyarder deyil, həm də bütün bir dövrü dəyişdirən insan olduğunu inkar edə bilməz. Gənclər ona Apple şirkətini yaratdığı üçün, yaşlı insanlar isə ağlasığmaz sərvətinə baxmayaraq, sadəliyinə görə minnətdardırlar. Artıq neçə ildi Stiv həyatda olmasa da, hələ də milyonların idealıdır.
Moderator.az bildirir ki, 8 ildən çox mədəaltı vəzi xərçəngindən əziyyət çəkən Stivin müalicə aldığı xəstəxananın palatasında söylədiyi sözlər İnternetdə peyda olanda bir çoxları bunun saxta olduğunu iddia etmişdi. Ancaq bu sözlərin üslubu Cobsun Stenford Universitetinin məzunları qarşısında söylədiyi parlaq nitqinə çox bənzəyir. Bu sözlər ruhun ən incə tellərinə toxunur:“İş dünyasında uğurun zirvəsinə çatmağı bacardım. Çoxları düşünür ki, mənim həyatım uğurun təcəssümüdür.
Amma etiraf edirəm ki, işdən kənarda o qədər də sevincli deyiləm. Və ümumiyyətlə, sərvət sadəcə öyrəşdiyim bir həyat həqiqətidir.
Hazırda xəstəxana çarpayısında uzanaraq bütün həyatımı xatırlayıram. İndi başa düşürəm ki, qürur duyduğum sərvət və məşhurluq yaxınlaşan ölüm qarşısında əvvəlki mənasını itirib.
Qaranlıqda həyatda qalmaq üçün qoşulduğum dəstək aparatından gələn yaşıl işığa baxarkən və ondan gələn xarakterik mexaniki səsi eşidəndə ölümün yaxınlaşdığını və Allahın nəfəsini hiss edirəm. Artıq kifayət qədər pulumuz olduğu üçün həyatda sərvətlə əlaqəsi olmayan tamamilə fərqli məsələlər haqqında düşünməyin vaxtı gəldi...
Həyatda daha vacib şeylər var. Bəlkə də bəziləri üçün bu bir münasibətdir, digərləri üçün sənət və ya uşaqlıq xəyallarıdır...
Daim qazanc uğrunda mübarizə insanı əl kuklasına çevirir. Mənim də başıma gəldi. Tanrı sevdiklərimizə sevgimizi söyləmək üçün bizə hisslər bəxş edib.
Həyatımda topladığım sərvəti özümlə apara bilmərəm. Özümlə aparacağım tək şey sevgi ilə bağlı xatirələrdir. Səni izləməli, müşayiət etməli, sənə irəliləmək üçün güc verməli olan əsl sərvət budur.
Sevgi böyük məsafələri qət etməyə qadirdir. Həyatın həddi yoxdur. Əldə etmək istədiyiniz yüksəkliklərə can atın. Ürəyinizin çağırdığı yerə gedin. Hər şey sizin əlinizdədir.
Pul gücünə evinizdə və işinizdə sizə qulluq edəcək çoxlu insanın xidmətindən yararlana bilərsiniz. Ancaq kimsə sizin xəstəliyinizi öz üzərinizə götürə bilməz.
Əldə edə bilmədiyimiz maddi şeyləri hələ də axtarıb tapa, qazana bilərik. Ancaq itirdiyimiz halda heç vaxt tapa bilməyəcəyimiz bir şey var: bu, həyatdır.
Neçə yaşda olduğunuz və nəyə nail olduğunuz vacib deyil. Hamımız üçün pərdənin enəcəyi bir gün gələcək…
Sizin sərvətiniz - ailənizə, sevgilinizə, yaxınlarınıza və dostlarınıza olan məhəbbətinizdir…
Özünü qoruyun. Başqalarının qayğısına qalın".
Stiv Cobsun bu müdrik sətirləri həqiqətən də çox düşündürücüdür və heç vaxt aktuallığını itirməyəcək həyat həqiqətləridir.
Tərcümə və təqdim etdi: Miraslan